Müəllifi istedadlı jurnalist, şair və publisist olan Əbülfət Mədətoğlunun “Nuh gəmisinin son limanı” adlanan 200 səhifəlik kitabında Naxçıvanla bağlı bir şair və ya ziyalının təəssüratları olduqca müvəffəqiyyətlə əks etdirilmişdir. Kitab adından tutmuş məzmununa qədər sanballı, səmimi və məharətlə yazılmış, özündə aktual olan Naxçıvan mövzusuna həsr edilmiş qiymətli bir əsərdir. Bir səfər təəssüratı daşıyan və özündə Naxçıvanın müasir inkişaf səviyyəsi və müxtəlif məsələlərini əhatə edən kitabda ciddi məsələlər əks edilmişdir. Əsərdə həm müasir Azərbaycanın inkişaf simasını təzahür etdirən uğurlu bir nümunə kimi Naxçıvan modeli və bu uğurlara nail olmanın sirləri konkret fakt və çoxsaylı nümunələrlə göstərilmişdir.
Kitab “Giriş”lə başlayıb, 19 məqalə ilə davam etdirilir. Kitabın redaktoru Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən olan Hüseyn Əsgərov, “Naxçıvana sonsuz sevginin, məhəbbətin sədası” adlı ön söz və rəyin müəllifi isə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigardır.
Kitabda “Əlincəyə gedən yol”, “Batabata gəlmişəm”, “Naxçıvanda açdığım səhər”, “Naxçıvanın sirlər dünyası”, “Masazırdan Naxçıvana”, “Bir addım da dünyaya yaxınlaşdım” və başqa məqalələrdə Naxçıvanla bağlı ən müxtəlif məsələlər publisistik məharətlə səmimi, obyektiv və dolğunluqla əks edilmişdir.
Azərbaycan ədəbiyyatı tarixində səfər təəssüratları kontekstində səfərnamə janrı olaraq çox qiymətli əsərlər yazılmışdır. Adıgedən bu əsərdə də, xüsusilə başlıq olaraq qeyd edilən məqalələrdə Naxçıvan haqqında əhatəli, konkret, dolğun və inandırıcı faktlarla bədii-publisistik mənzərə yaradılmışdır. Əsərdə sanki Naxçıvanı ziyarət ehtiyacının əhəmiyyəti və səbəbi, ziyarət edilməli yerlərin xəritəsi və zamanlama tövsiyəsi, əhalinin sosial durumu, infrastrukturun vəziyyəti, mənəvi dəyərləri və s. çoxsaylı konkret fakt, nümunə və örnəklər vasitəsilə dəqiq, obyektiv və olduğu kimi təqdim edilmişdir. Real təsvir tapan konkret faktlar oxuculara sanki zərrəbinlə Naxçıvanı müşahidə etmək imkanı bəxş edir. Müəllifin öz sözləri ilə deyilsə, əsər “ovqat yazısı” olmaqla bərabər, “ağlın kəsdiyi”, təhkiyə şirinliyi və sadə, anlaşıqlı üslubda yazılmışdır.
Əsərdə müəllif real və konkret faktlar təqdim və təsvir etməklə obyektivliyə, vicdan və həqiqətə sədaqət göstərmiş, tərəfsizlik nümayiş etdirmişdir. Əsərin özündəki çoxsaylı müəllif fikirləri: “qayıdıb gələn cismimdi, ruhum orda qalıb”, “Bu da Naxçıvanın hava limanı: ...Hava limanı binasında, həm kassaların önündə, həm gözləmə zallarında kiminsə çıxarıb siqaret çəkdiyini görmək mənə nəsib olmadı”, “Hamı vətəndaşdı və hamı da öz vətəndaş missiyasından çıxış edir”, “...onu yaşamaq və onun içərisində də özünü yaşatmaq, mən bunun nümunəsini Naxçıvanda görürdüm”, “Bu bağda Azərbaycanın milli məişətinin, milli mədəniyyətinin sənət nümunələri də müştəriləri qarşılayır”, “hərdən mənə elə gəlir ki, bu mənzərə reallıq deyil. Eləcə rəssam işidi və yaxud hansısa bir maketlərdi, gətirib yerləşdiriblər”, “Cənnətin özünü görmək istəyən Naxçıvana gəlsin!!!”, “vallah, bu, birmənalı tarix sevgisidir, Vətən sevgisidir, torpaq sevgisidir. And olsun Allaha ki, bu, özünə, keçmişinə, gələcəyinə ehtiram deməkdir”, “yaradanlara, bu tarixi yaşadanlara içimdən bir dua keçdi”, “İdarə edənin özünün münasibəti artıq muxtar respublikada bir ənənəyə çevrilib”, “sürücülər yolu keçmək istəyən piyadanı görəndə 20-30 metrlikdən maşını əyləməyə başlayırlar”, “mən burda ucadan danışan, başqasına öz səsiylə, davranışıyla problem yaradan bir kimsəyə rast gəlmədim”, “onları ya əllərindəki kisəyə qoyur, ya da yaxınlıqdakı zibil qutusuna atırdılar”, “kəndarası yolların səviyyəsi adamı məmnun edir... bu gözəlliyə, bu səliqə-sahmana ürəyimdə bir həsəd hissi də baş qaldırır” kimi çoxsaylı müəllif fikirləri konkret faktların dili və təsvirilə reallığa haqq qazandırmaq və onu oxucusuna inandırıcı şəkildə təqdim etməsinə vəsilə olur. Bütün bu fikirlərin fonunda isə müəllif Naxçıvanın “ləyaqətli və idarəetmə peşəkarlığı olan insanlar tərəfindən” idarə edildiyini fəxarətlə qeyd edir... Naxçıvanın ümumi vəziyyətinə olan heyranlığını müəllif həm də böyük Azərbaycan şairi Nizaminin ideal cəmiyyəti ilə müqayisələndirərək təqdim edir və müəllif bunu da cəsarət və vicdanla yazır: “Mən Naxçıvanın indiki durumunu Şeyx Nizaminin ideal cəmiyyətinin bir görüntüsü kimi müşahidə etdim”.
Əsərin ikinci hissəsində Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrilə şəxsi münasibətlər və onların yaradıcılıq işlərindən bəhs olunur. Müəllif şəxsən tanıdığı, dostluq etdiyi Naxçıvandan olan insanların münasibətləri nümunəsində buradakı əxlaqi-mənəvi dəyərləri, dostcanlılıq və qonaqpərvərlik, sadəlik və mehribanlıq kimi keyfiyyətləri təqdim və tərənnüm etmişdir. Eləcə də bu məqalələrdə Naxçıvanın istedadlı qələm sahibləri Asim Yadigar, İbrahim Yusifoğlu, Fərəc Fərəcov, Əbülfəz Ülvi, Firudin Süleymanoğlu və b. kimi söz adamlarının yaradıcılığından, burada yaradıcı adamlara göstərilən qayğıdan və xeyirxah münasibətlərdən ağızdolusu, həm də nümunə olaraq danışılır.
Əsərdə müəllif həm də bir vətəndaş təəssübkeşliyini ortaya qoyur. O məqamda bir ziyalı-vətəndaş səsini bildirir ki, bəzən Azərbaycanın bu inkişaf nümunəsi olan bölgəsilə bağlı müxtəlif yerlərdə qərəzli fikirlər səsləndirilir. Bu məqsədlə müəllif müəyyən qeydləri sırasında Naxçıvanda gedən inkişaf proseslərinə, abadlıq, quruculuq tədbirlərinə duyduğu heyranlıq, məmnunluq və razılıq kontekstində Bakı və digər ərazilərlə müqayisələr də aparır, bəzi KİV-lərdə Naxçıvana qərəzli münasibətlərlə bağlı fikir səsləndirmələrinə münasibət ifadə edərək müəllif obyektivliyi və səmimiyyətindən başqa bir vətəndaş mövqeyi ilə də çıxış edir, hər kəsə əlini vicdanına qoymağı, blokadada olan bir bölgənin inkişaf və tərəqqisinə xor baxmamağı tövsiyə edir: “Bakıda, ölkənin paytaxtında eşitdiklərim, iqtidar-müxalifət mətbuatından oxuduqlarım düşüncələrimdə bir xaotiklik, yaratmışdı”, “bu olanları necə qara rəngdə təqdim etmək olar?”
Ümumiyyətlə isə, şair, publisist və jurnalist Əbülfət Mədətoğlunun “Nuh gəmisinin son limanı” əsərini Azərbaycanın alınmaz qalası və ən dilbər guşələrindən olan Naxçıvanın müstəqillik dövründəki inkişafına, blokadanın çətinliklərini məharətlə aşaraq tərəqqi etməsinin təsvirinə və sirrinə, uzaqgörən idarəçilik məharətinə, əhalinin mübarizə əzmi və qurub-yaratmaq eşqinə həsr olunan, müəllif, ziyarətçi obyektivliyi ilə nəzər salan ən sanbalı əsərlərdən biri hesab etmək olar. Əsər boş təəssübkeşlik duyğularının hiperbolik ifadə sözçülüyü deyil, obyektiv və real faktların vicdan və həqiqət işığında təsvirilə yazılmışdır.
Ramiz Qasımov
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent