Bu gün Naxçıvanda Xıdır Nəbi bayramıdır - VİDEO
Naxçıvanda ən çox sevilən bayramlardan biri də Xıdır Nəbi bayramıdır. Rəvayətə görə, Xızır peyğəmbər həmin gün yurdumuza gəlir, özü ilə istilik, yaz nəfəsi, elə şəfa gətirir. Bu Tanrının yurdumuza olan lütfündən yaranmış inamdır.
Mərhum tarixçi-etnoqraf, tarix elmləri doktoru Qadir Qədirzadə öz araşdırmalarında yazırdı ki, Naxçıvanın bir sıra kəndlərində və Naxçıvan şəhərində fevral ayında, yəni qışın oğlan çağında kiçik çillə tüğyan edən vaxt xalq arasında Xıdır Nəbi adlanan mərasim keçirilir. Etnoqrafik materiallara söykənərək demək olar ki, bayram Kiçik Çillənin onuncu günü, yəni fevralın 9-da qeyd olunur. Həmin mərasimlərdə məqsəd istiliyi çağırmaq, qışı yola salmaqdır.
Naxçıvanda Xıdır Nəbinin ərzaq kimi əsas simvolu qovurğa və qovut hesab edilir. Həmin gün evlərdə qovurğa ilə bərabər çətənə, küncüt, günəbaxan tumu, şabalıd, badam, noxud qovrulur. Qovrulmuş toxumlar buğda qovurğası ilə qarışdırılır. Qarışığa iydə, kişmiş, mövüc və başqa çərəzlər də qatılır. Qovurğa kirkirədə çəkilir və qovut hazırlanır. Quru qovutu yemək çətin olduğundan ona doşab, şəkər tozu əlavə edib ovurlar.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının Xıdır Nəbi bayramının bütün ənənələrini özündə cəmləşdirən videomaterialını təqdim edir: