Tanınmış aktyor İlkin Həsəni: Ölkəmizdəki dağ-xizək istirahət mərkəzlərində ən ucuz və sərfəli qiymətlər Naxçıvandadır
Son illərdə Naxçıvan məşhur simaların, sənət adamlarının, incəsənət xadimlərinin tez-tez qonaq olduğu, yeniliklərini və layihələrini təqdim etdiyi məkana çevrilib. Elə gün olmur ki, sosial şəbəkələrdə Naxçıvandan hazırlanan video-reportajlar, qısametrajlı filmlər, foto çəkilişlər gündəm olmasın. Muxtar respublikada yaradılan müasir şərait, turizm və əyləncə sektorunun inkişafı, xüsusilə, gənc nəslin diqqət və marağını bu qədim diyara yönəldib. Bir müddət əvvəl Naxçıvanda təqdimatı baş tutan “Zəhər tuluğu” filminin yaradıcı kollektivi, eləcə də tanınmış aparıcı, aktyor İlkin Həsəni də qədim diyarın qonağı olub. Naxçıvanla bağlı təəssüratlarını sosial şəbəkələrdən izləyiciləri ilə bölüşən gənc aktyor Naxçıvan sevgisindən ağızdolu danışıb. Biz də onunla həmsöhbət olub Naxçıvan xatirələrindən xəbər aldıq.
- İlkin bəy, bir neçə dəfə muxtar respublikamızın qonağı olmusunuz. Maraqlıdır, sonuncu səfərinizin təəssüratları nədən ibarətdir?
–Əvvəllər film çəkilişləri və ya başqa səbəblərlə əlaqədar dəfələrlə Naxçıvanda olmuşam, Sədərəkdən Ordubada kimi rayonları qarış-qarış gəzmişəm. Hətta mübaliğəsiz deyə bilərəm ki, Naxçıvan səfərlərimin sayını da unutmuşam. Naxçıvana hər dəfə gələndə sanki ilk dəfədir ki, burada oluram. Çünki şəhər gündən-günə, həm də sürətlə dəyişir, inkişaf edir. Bəzən paytaxtın səs-küyündən bezib dincəlmək istəyəndə birinci ağlıma Naxçıvan gəlir. Naxçıvan və naxçıvanlılar mənim üçün çox doğmadır. Məni Naxçıvana onun zəngin tarixi, mədəniyyəti, qonaqpərvərliyi, başqa heç bir yerdə rast gəlmədiyim özünəməxsus mətbəxi, həmçinin təmiz havası, sakitliyi, təhlükəsizliyi və günü-gündən inkişaf edən turizm sektoru bağlayır. Tez-tez Naxçıvanın ekoloji təmizliyindən danışılır. Mən bu fikrə əlavə olaraq deyərdim ki, təmizliyi, səliqə-sahmanı hər yerdə yaratmaq mümkündür. Əsas olan odur ki, bunu qoruyub saxlayasan. Naxçıvanda sevdiyim ən böyük özəlliklərdən biri də bu nizam-intizam, qədirbilənlikdir. Hər dəfə muxtar respublikadan xoş təəssüratlarla ayrılmışam. Əvvəlki səfərlərim çox vaxt yaz-payız aylarına təsadüf edirdi. Naxçıvanın istisi kimi, sərt qışı haqqında da çox eşidirdim. Bəzən Naxçıvanda olan dostlarım xəbərdarlıq edirdilər ki, Naxçıvanın yayı necə istidirsə, qışı da elə sərtdir. Bu dəfə arzulayırdım ki, o sərt qışda da bu şəhərin gözəlliyinə şahid olum. Qismət belə gətirdi ki, soyuq qış günlərinin birində yenidən Naxçıvana gəldik və bizim gəlişimizdən iki gün əvvəl Naxçıvana güclü qar yağdı. Qar bu şəhərə yaraşırdı. Hər tərəf ağ örpəyə bürünsə də, bu, insanların həyatına, günlük fəaliyyətlərinə heç bir maneə törətmirdi. Naxçıvana budəfəki səfərimiz “Zəhər tuluğu” filminin təqdimatı ilə əlaqədar olmuşdu.
Ümumiyyətlə, gördüyümüz hər hansı bir işi Naxçıvan gəncləri ilə paylaşmaq və onların fikirlərini öyrənmək bizim üçün əhəmiyyətlidir. Budəfəki yol yoldaşlarım tanınmış aktyorlar Taleh Yüzbəyov və Orxan Mərdan idi. Onlar da Naxçıvanın qış nağılına heyran oldular. Bakıdan Naxçıvana gəlib qışda Batabatı görməmək günah olardı. Biz də iki günlük səfər çərçivəsində yolumuzu əsrarəngiz təbiəti ilə insanı ovsunlayan Batabatdan saldıq. Tez-tez həm canlı şahidi olanlardan, həm də sosial şəbəkələrdən Batabatda olan Zorbulaq haqqında eşidirdim. Bura qədər gəlmişkən gedib görmək istədik. Lakin hava şəraitinin uyğun olmaması bu istəyimizi ürəyimizdə qoydu. İnşallah, gələn səfərimizdə mütləq Zorbulağın qonağı olacağam.
– Naxçıvan həm də daim yenilənən siması, müasir xidmət sektoru ilə də qonaqlarını təəccübləndirməyi bacarır.
–Tamamilə haqlısınız. Sonuncu Naxçıvan səfərimdə bir çox yeniliklərin şahidi oldum. Qədim diyar hər dəfə məni təəccübləndirməyi bacarır. Deyə bilərəm ki, Naxçıvanda hər fəslin özünəməxsus istirahət yerləri var. Ağbulaq İstirahət Mərkəzi qış turizmi ilə sosial şəbəkələrdə kifayət qədər paylaşılan və sevilən bir məkan kimi uzun zamandır diqqətimi çəkirdi. Biz də dostlarımızla birgə ilk dəfə idi ki, burada olurduq. Mən getdiyim məkanlarda çox vaxt qiymətlərlə, xidmətlə maraqlanır və müqayisələr aparıram. Kiçik sorğu-sualdan sonra mənə məlum oldu ki, Azərbaycanda təşkil olunan dağ-xizək istirahət mərkəzlərində ən ucuz və sərfəli qiymətlər məhz buradadır. Bura həm restoran, həm də xizək xidmətlərini aid edirəm. Qiymətlər münasib olduğu qədər xidmət də yüksəkdir. Hesab edirəm ki, dağxizək həvəskarlarının daha əvvəlki kimi böyük xərc çəkib xaricə üz tutmalarına ehtiyac yoxdur. Ağbulaq Xizək Mərkəzi qış turizmi üçün ən ideal məkanlardan biridir. Ümumiyyətlə, Naxçıvanın təbiəti və coğrafiyası imkan verir ki, burada dağ-xizək turizmi inkişaf etsin. Ağbulaq İstirahət Mərkəzində istirahət çox mənalı və maraqlı alındı. Xüsusilə, 1600 metr uzunluqda olan məsafəyə təşkil olunan kanat yolu beynəlxalq standartlara uyğun qurulub. Kanat gəzintisi vasitəsilə həm möhtəşəm qış mənzərəsinin şahidi olduq, həm də təmiz dağ havasını ciyərlərimizə çəkdik.
– Müəllifi olduğunuz “Bozbash Pictures” layihəsi çərçivəsində bir neçə il öncə Naxçıvanda filmin çəkilişləri baş tutub. Burada kifayət qədər sizi və yaradıcı komandanızı sevənlər var.
–“Bozbash Pictures” layihəsi hər zaman izləyicilərin üzündə gülüş yaradıb. Hələ bir neçə il öncə çoxsaylı istəkləri və Naxçıvanın çəkiliş üçün imkanlarını nəzərə alıb muxtar respublikaya yola düşdük. Naxçıvanla əsas tanışlığımız da demək olar ki, elə o vaxtlarda baş tutmuşdu. Şəruru, Babəki, Ordubadı, Culfanı, Şahbuzu, Sədərəyi qarış-qarış gəzib çəkilişlər etdik. Filmin təqdimatı zamanı olduqca böyük sevgi ilə qarşılandıq. Düşünürəm ki, gələcəkdə layihə yenidən start götürəndə yenidən Naxçıvanda olacağıq. Naxçıvan və naxçıvanlılar mənim üçün çox əzizdir. Burada özümü lap evdəki kimi hiss edirəm. Hələ layihənin çəkilişləri vaxtı getdiyimiz hər yerdə naxçıvanlıların qonaqpərvərliyi ilə qarşılaşırdıq. Elə gün olmurdu ki, bizi evlərinə qonaq dəvət etməsinlər. Naxçıvan mətbəxinin dadı hələ də damağımızdadır. Naxçıvandan qayıdan zaman ailə üzvlərimə də o qədər muxtar respublika haqqında danışmışam ki, artıq onlar da Naxçıvana gəlmək üçün səbirsizlənirlər. Ümumiyyətlə, Naxçıvan ailəvi istirahət və gəzinti üçün ideal məkandır. Arzum budur ki, tezliklə nəqliyyat-kommunikasiya əlaqələri bərpa olunsun və biz də istədiyimiz zaman öz avtomobilimizlə bu cənnət diyara yola düşə bilək. Arzusunda olan hər kəsi Naxçıvana dəvət edirəm. Azərbaycanın dilbər guşələrindən olan Naxçıvan hər zaman qonaqlarını sevgi ilə qarşılayır. Qismət olsun, yenə də görüşərik.
Lalə Allahverdiyeva
“Şərqin səhəri” qəzeti