Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yeni üzvlərinin sərgisi keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda birliyə yeni qəbul edilən üzvlərin əl işlərindən ibarət olan “6-sı bir arada” adlı sərgi açılıb.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva qeyd edib ki, Naxçıvan rəssamlıq məktəbində gənc və istedadlı rəssamlar yetişir, onların yaradıcılığı stimullaşdırılır. Ülviyyə Həmzəyeva Birliyin yeni üzvlərinin Rəşad Məmmədli, Mirilqar Seyidov, Səkinə Qarayeva, Türkanə Musayeva, Rübabə İmanlı və Nahid Əliyevin yaradıcılıqları barədə məlumat verib.
Tədbirdə digər çıxış edənlər də yeni üzvlərin yaradıcılıq imkanları barədə fikirlərini bildirib, onlara tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra gənc rəssamlara üzvlük vəsiqələri təqdim edilib və sərgiyə baxış olub.
“Qarabağa qayıdış”, “Naxçıvan qadını”, “Hüseyn Cavidin İblis pyesi”, “Bəhruz Kəngərli”, “Abidələr” adlı əl işləri, eləcə də muncuqlu rəsm əsərləri, məişətimizi əks etdirən sənət nümunələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sərgidə 6 gənc rəssamın dekorativ-tətbiqi sənət, mənzərə, natürmort, portret janrlarındakı 41 əsəri nümayiş etdirilir. Milli dəyərlərimizin təbliği, vətənpərvərlik və günümüzün real mənzərəsinin yaradılması rəssamların yaradıcılığında xüsusi yer tutur.
Məlumat üçün bildirək ki, yaxın günlərdə Rəssamlar Birliyinin yeni saytı da istifadəyə veriləcək. Sənətsevərlər onlayn qoşularaq Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üzvləri tərəfindən yaradılan və sərgilərdə nümayiş etdirilən əl işləri ilə tanış ola biləcəklər.
Mədinə Rəhimli