Əslində “teatr” hər kəsin özünü dərk edəndən sonra içindəki “ikinci məni” ilə söhbətindən başlayır. Beləcə, insanın daxili monoloqu, hadisələrə, ətrafa münasibətində özünə və kiməsə söyləyəcəyi emosional fikirləri, onların təqdimat formaları obrazlara, personajlara, göstəriyə çevrilir. Yəni teatr və onun məhsulu olan tamaşa, hətta ona olan sevgi də hər kəsin özündə formalaşır. Ona görə də bu teatrın-həyatın ilk aktyoru da elə özümüzük. Beləliklə, kimsə bu sənət ocağına bina, yaradıcılıq müəssisəsi olaraq getməsə belə, yenə də özü özlüyündə bir teatrı- daxili monoloqların, söhbətlərin, hadisələrin, süjetlərin toplandığı aləmi gəzdirir. Teatra hərtərəfli bağlı olanlara isə sadəcə “sənət fədailəri” deyilir.
O, bir teatr sevdalısı, onun vurğunu idi. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında sadəcə işıq üzrə rəssam, kollektivin “dili” ilə desək, “işıqçı” işləyirdi. Qeyd edək ki, bütün tamaşalara verilən bədii quruluşlarda rəssamın tərtib etdiyi və seyrçini heyran qoyan rəngbərəng aləm çox vaxt işıq effektlərinin hesabına daha güclü təsir yaradır. Bunu hiss edən də var, etməyən də. Amma “əlahəzrət” tamaşaçı teatrda təqdim edilən əsərlərdə vahid bir məfhumu – həyatı özündə əks etdirən tamaşanı görür. Bəyəndiyi, qiymət verdiyi, nəhayət sevdiyi əsərin sintez nəticəsində müəllif, rejissor, rəssam, bəstəkar, işıq ustası, əlbəsəçi və ən ümdəsi aktyor oyunundan ibarət olduğunun çox vaxt fərqinə varmır. Çünki o, qeyd etdiyimiz kimi səhnədə tamı, bütövü görür. Bu bir faktdır ki, teatrda tamaşaların hazırlanmasında rolu olan hər kəsin xüsusi, özünəməxsus yeri var.
Söhbəti unutmayaq. İşıq rəssamı idi Rasim Qasımov. Hələ gənclik illərindən taleyini Naxçıvan Teatrına bağlamışdı. 1965-ci ildə doğulmuşdu. 1980-ci illərin əvvəlindən isə Naxçıvan Teatrına gəlmişdi. Aktyor bacarığı olmasa da, bu sənət məbədində işləmək istəyi sonsuz idi. Orta məktəbi bitirən bir gənc üçün bura tamam başqa dünya idi. Teatra olan həvəsini və marağını nəzərə alıb onu əvvəlcə səhnə fəhləsi, hərbi xidmətdən sonra isə işıqçı kimi işə qəbul etdilər.
Tamaşaların gözəl alınması üçün peşəkarlıqla gördüyü iş heç də səhnəyə bağlı olan digər sahələrdən geri qalmırdı. Sənət sevgisi, duyğusallığı, bir qədər də poeziya vurğunu olması rejissorların onunla işini xeyli asanlaşdırırdı. Yaxşı yadımdadır, 1999-cu ildə Naxçıvan Teatrında Nəriman Həsənzadənin “Atabəylər” əsərini səhnələşdirən rejissor, Xalq artisti Mərahim Fərzəlibəyov bir işıq rəssamı kimi Rasimin işini çox bəyənmişdi. Hətta bəzən səhnəyə çıxıb projektoru və ya işıq tapançasını hansı nöqtəyə, hansı aktyorun üzərinə yönləndirməyi demək istəyəndə Rasim rejissordan öncə işığı ora salırdı. Çünki səhnəni, “işığı” və öz işini çox gözəl bilirdi. Gəncliyində Naxçıvan Teatrının korifeyləri ilə işləmişdi. Baxşı Qələndərli, Vəli Babayev, Vaqif Əsədov, Əliqismət Lalayev kimi rejissorların tamaşalarında səhnə işıqlarının idarə olunması ona tapşırılmışdı. Gördüyü işə maraq, həvəs və teatra olan sevginin vəhdətindən peşəkar işıq üzrə rəssamın yaradıcılığı doğurdu. Baş verən hadisələrin daha dramatik, poetik, romantik alınması üçün bu effektlərdən yerində istifadə edir, vəziyyətlərin tamaşaçıya çatma təsirini bir qədər də artırırdı.
Hamı yaxşı bilir ki, yaradıcı fəaliyyəti əhatə edən sahələrdə iki cür iş görülür. Buna yaradıcı və texniki sahə də deyilir. Ancaq o da faktdır ki, bütün texniki sahələr yaradıcı işə xidmət etdiyi üçün burada hər kəsdən ustalıq və bədii zövq tələb olunur. Belə olmasa, sintez sənətlərin vəhdətindən yaranan yaradıcı iş öz effektini verməz. Rasim də teatrda texniki sahəni təmsil etsə də, əslində işıq rəssamı kimi birbaşa yaradıcı işlə məşğul idi.
2012-ci ildə dövlət səviyyəsində Naxçıvan Teatrına hərtərəfli qayğı göstərildi. Belə ki, Teatrın binası yenidən, əsaslı şəkildə təmir edildi. Yaradıcı və texniki sahələr üçün müasir tələblərə cavab verən avadanlıqlar, qurğular quraşdırıldı. İşıq sexi də tamamilə təzələndi. Bundan sonra demək olar ki, Rasimi hər gün sexdəki idarəetmə pultunun arxasında görmək olurdu. Yeni avadanlığın bütün imkanlarını, işıq effektlərini, projektorların gücünü, düşmə bucağını öyrənir, avadanlıqları yoxlayır, bir sözlə, peşəkar üçün hansı biliklər, vərdişlər lazımdırsa, onu əldə edirdi.
Poeziyanı çox sevirdi. Bəzən aktyorlarla şeirlə “deyişirdi” də. Məmməd Araz, Ramiz Rövşən, Nüsrət Kəsəmənli, Kəmalə Ağayeva kimi şairlərin yaradıcılığından nümunələr deməyi xoşlayırdı. İşıqçı rəssam sənətinə poeziya da qatıb sanki öz tamaşalarını qururdu. Təəssüf ki, 2013-cü ildə qəfildən xəstələndi və fevralın 14-də gecə vəfat etdi. Cəmi 48 il yaşadı. Bu insan taleyidir, yaşayan hər kəs ölümü dadacaq. Amma yaşadığın həyata seçdiyin sənətin incəliklərini, sevgini və yaradıcılığını qatanda o ömür olur. Rasimi də fərqli və dostların, yaxınların yaddaşında unudulmaz edən onun, həmin gecə ölümqabağı son davranışı oldu. 14 fevralda, “Sevgililər günü” kimi dünyada qeyd edilən bir gündə o xəstəliyinin ağrısını, acısını unudub daxilindəki işıqlı sənəti və öz sevgisi ilə baş-başa qalmışdı. Yatdığı xəstəxanadan həyat yoldaşına zəng edib söylədiyi Ramiz Rövşənin “Çiçəklər doğulur bu yaz gecəsi” son şeiri oldu:
Ətrini duyarsam bu gələn yazın,
Sallanıb yellənsəm budaqlarından.
Eşitsəm adımı sevən bir qızın
hələ öpülməmiş dodaqlarından,
bu yaz gecəsində ölməyə nə var?!
Çiçəklər doğulur bu yaz gecəsi,
Uzaq xəstəxana otaqlarında.
Başını dibçəkdən uzadıb baxır
Yatan xəstələrin hər birisinə...
Təsirlidir, deyilmi? Amma bu davranış teatrı sevən, onu özünə doğma bilən bir adamın dünyası, daxilində, qəlbində gəzdirdiyi sənət yanğısı və bu yanğının diktəsi ilə atdığı addımdır. İçimizdəki “öz teatrımızı” ölməyə qoymayaq!
Səməd Canbaxşiyev
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti