Naxçıvan turizmi - FOTOLAR
Muxtar respublika cəlbedici bölgəyə çevrilib
Qədim insan və mədəniyyət məskəni, təbii sərvətlər muzeyi olan, “Şərqin qapısı” adlandırılan Naxçıvanın həm də böyük turizm potensialı var.
Təbiət bu ulu diyarımızdan öz səxavətini, təbii gözəlliklərini əsirgəməyib. Əlverişli coğrafi mövqeyi, müxtəlif iqlim qurşaqlarının mövcudluğu, mineral suları, təbii sərvətləri, o cümlədən zəngin maddi və mədəni irsi, özünəməxsus mətbəxi, yüksək qonaqpərvərlik ənənələri və müasir tərəqqisi muxtar respublikada turizmin inkişafını şərtləndirən başlıca amillərdir. Təsadüfi deyil ki, böyük inkişaf yolu keçən muxtar respublikada turizmin ümumi daxili məhsulda rolu düzgün dəyərləndirilib və müasir çağırışlara cavab verən turizm infrastrukturu yaradılıb. Naxçıvan Muxtar Respublikasına səfərimiz zamanı bölgənin turizm infrastrukturunun bir qismi ilə tanış olmaq imkanımız da yarandı.
Dünyanın ən yaxşı 50 mərkəzindən biri
Artıq neçə onilliklərdir ki, turizm bir sıra ölkələrin milli gəlirlərinin formalaşmasında əsas sahələrdən birini təşkil edir. Bu baxımdan hazırda turizmin inkişafı, daha çox turistin cəlb olunması yerləşmə coğrafiyasından asılı olmayaraq dünyanın bir çox ölkəsi tərəfindən təşviq olunur. Azərbaycan tarixən turizm baxımından əlverişli məkan kimi fərqlənib. Prezident İlham Əliyevin inkişaf siyasətinin məqsəd və məramına uyğun olaraq bu potensialdan səmərəli istifadə edilməsi Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi nəzərdən keçirilir.
Bütün bunlar Naxçıvan Muxtar Respublikasında da diqqət mərkəzində saxlanılır. Muxtar respublikanın turizm potensialının hərəkətə gətirilməsi, müxtəlif növlərin yaradılması, bu sahədə sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması üçün son illərdə məqsədyönlü işlər görülüb. Muxtar respublika rəhbərliyinin səyləri ilə qədim diyarda həyata keçirilən quruculuq işləri, müalicə mərkəzlərinin yenidən qurulması turizmin inkişafına təkan verib, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artıb. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması turizmin inkişafında yeni mərhələnin əsasını qoyub. Muxtar respublikanın Turizm Departamentinin yaradılması isə bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Naxçıvanın son illərdə beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etməsi, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması və ölkəmizin Gənclər Paytaxtı seçilməsi respublikamızın bu bölgəsinin turizm imkanlarını nümayiş etdirmək baxımından mühüm əhəmiyyətə malik olmuşdur. Görülən işlərin nəticəsidir ki, Londonda nəşr olunan “Wanderlust” jurnalında Naxçıvan Muxtar Respublikası dünyanın ən yaxşı 50 turizm mərkəzindən biri kimi qeyd olunmuşdur.
Mükəmməl infrastruktur yaradılıb
Öncə onu qeyd edək ki, Naxçıvan Muxtar Respublikası turizmin inkişafını şərtləndirən əsas göstəricilərə, ilk növbədə, mükəmməl nəqliyyat infrastrukturuna malikdir. Təsadüfi deyil ki, turist məmnunluğunu səciyyələndirən xidmətlərdən biri də nəqliyyat xidmətidir. Naxçıvanın inkişaf konsepsiyasına uyğun olaraq burada ən müasir standartlara cavab verən nəqliyyat infrastrukturu qurulub.
Bu gün Naxçıvan Beynəlxalq Hava Limanından Bakı, Gəncə, İstanbul, Moskva şəhərləri istiqamətlərində uçuşlar həyata keçirilir. Muxtar respublikada 5 avtovağzal var. Naxçıvan şəhərindən muxtar respublikanın bütün yaşayış məntəqələrinə avtobus marşrutları işləyir. 24 saat taksi xidməti göstərilir. Naxçıvan şəhərində turist marşrutu da fəaliyyət göstərir.
Naxçıvanın nəqliyyat baxımından əsas göstəricilərindən biri də muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə rahat asfalt yollarla getməyin mümkün olmasıdır. Nəinki respublika əhəmiyyətli avtomobil yolları, o cümlədən rayonlararası, kəndlərarası şose yolları yenidən qurulub. Vaxtilə yolu olmayan yaşayış məkanlarına yeni yollar çəkilib.
Bütün bunlarla yanaşı, Naxçıvanda tamamilə yeni, beynəlxalq standartlar səviyyəsində hotel infrastrukturu formalaşdırılıb. İndi Naxçıvan şəhərində və muxtar respublikanın əksər rayonlarında turistlərə yüksəksəviyyəli xidmətlər göstərən mehmanxanalar fəaliyyət göstərir. Konkret rəqəmlərlə ifadə etsək, muxtar respublikada 21 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərir. 5 ulduzlu “Təbriz” və “Duzdağ” hotelləri, “Saat Meydanı” Turistik İstirahət Mərkəzi, Ağbulaq İstirahət Mərkəzi və digər turizm obyektlərində yüksək keyfiyyətli xidmətlər təklif olunur. Naxçıvana gələn turistlər büdcəsinə uyğun istirahət məkanı seçməkdə hər hansı çətinliklə üzləşmirlər.
Fasiləsiz təbii qaz və elektrik enerjisi verilişinin olması, yüksək səviyyəli rabitə xidmətinin yaradılması, sürətli internetin istifadəyə verilməsi də muxtar respublikada turizmin inkişafını şərtləndirən amillər sırasındadır.
Turizmin inkişafı yüksək səviyyədə qurulan infrastrukturla yanaşı, sabitliklə də bağlıdır. Bu iki amilin muxtar respublikada mövcudluğu, qədim diyarın təhlükəsiz region olması turistlərin səfər etməsi və turizmin inkişafı üçün əlavə üstünlüklər yaradır.
Müalicə və sağlamlıq turizminin unikal ünvanı
Naxçıvan təbiətinin özəllikləri bu diyarda müalicə turizminin inkişafına geniş imkanlar yaradır. Bu baxımdan Duzdağ Fizioterapiya Mərkəzi artıq uzun illərdir ki, nəinki Azərbaycanda, ölkəmizin hüdudlarında da fərqli bir müalicə mərkəzi kimi tanınır və muxtar respublikanın turistlər üçün cəlbediciliyini artırır.
Xatırladaq ki, unikal müalicə obyekti olan Duzdağ Fizioterapiya Mərkəzi 1979-cu ildən 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında fəaliyyətə başlayıb. Mərkəzdə yuxarı tənəffüs yollarının allergik xəstəlikləri müalicə edilir. Müalicənin effekti uşaqlarda 95, böyüklərdə isə 75-80 faiz təşkil edir. Mərkəz dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşir. Duzdağ Fizioterapiya Mərkəzində ilin bütün fəsillərində müsbət 18-20 dərəcə temperatur rejimi və təbii ventilyasiya olur.
Naxçıvanda olarkən Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyəti ilə də tanış olduq. Mərkəzin baş həkimi Heyran Qazıbəyovanın sözlərinə görə, bənzərsiz təbii şəfa mənbəyi olan bu mərkəzdə tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xəstələr üçün müasir şərait yaradılıb. Ötən il mərkəzin müasir standartlara cavab verən inzibati binasının istifadəyə verilməsi isə bu sahəyə olan dövlət qayğısının əyani ifadəsidir. Bu həm də turist qəbulu üçün imkanları daha da artırdı. Öyrənirik ki, xarici ölkələrdən gələnlər arasında Rusiya, Türkiyə, İran və Qazaxıstan vətəndaşları üstünlük təşkil edir.
Ekoloji təmiz hava, günəş radiasiyasının bolluğu ilə yanaşı, təbii mineral sularla zəngin olması Naxçıvanda sağlamlıq turizminin inkişafına əhəmiyyətli təsir edir. Azərbaycanın mineral su ehtiyatının 60 faizi Naxçıvan Muxtar Respublikasının payına düşür. Mineral suların təbii “muzeyi” adlandırılan muxtar respublikanın 5,5 min kvadratkilometrlik sahəsində 250-dən artıq mineral su mənbəyi qeydə alınmışdır. “Badamlı”, “Sirab”, “Vayxır”, “Gülüstan”, “Böyrək suyu” və digər mineral suların bəzilərindən süfrə suyu kimi, bəzilərindən isə müalicə məqsədi ilə istifadə edilir.
Güclü müalicəvi əhəmiyyətə malik olan yeraltı sərvətlərdən biri də Culfa rayonunda çıxan Darıdağ arsenli mineral suyudur. Darıdağ suyu karbonqazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur. Polşada Kudova, Almaniyada Dürkgeym, Rusiyada Sineqorsk sularının oxşarıdır. Lakin suyun tərkibindəki mineral duzların mütənasibliyi ilə Darıdağ suyu onlardan daha üstündür. Darıdağ arsenli termal suyu dayaq-hərəkət sistemi, qoturluq, sarıyara, piyadermeya kimi bir çox dəri xəstəlikləri üçün müalicəvi əhəmiyyətə malikdir.
Darıdağ Arsenli Su Müalicəxanası müalicə turizmi sahəsində böyük imkanlara malikdir. Hazırda tikintisi davam edən Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi, həmçinin “Darıdağ” Termal Hotelin tikintisi bu şəfalı suyun müalicəvi xüsusiyyətlərindən səmərəli şəkildə istifadəyə şərait yaradacaq.
Kompleks turizm infrastrukturunun tətbiq olunduğu ilk kənd
Şahbuz rayonunun Ağbulaq kəndi ölkəmizdə kompleks turizm infrastrukturunun tətbiq olunduğu ilk kənddir. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir. Şahbuz rayonunun Ağbulaq kəndində kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülüb, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılıb.
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi malik olduğu zəruri infrastruktura görə ilin hər fəslində asudə vaxt keçirmək istəyənlər üçün zəngin imkanlar vəd edir. Naxçıvan şəhərindən təxminən bir saatlıq məsafədə olan Ağbulağın təmiz və günəşli havası turistləri bura cəlb edən ilk cəhətlərdəndir.
Buradakı istirahət mərkəzi müasir kamp məkanı üçün tələb olunan hər cür rahatlığa malikdir. Öyrənirik ki, istirahət mərkəzinə gələn turistlər üçün ümumi tutumu 76 nəfər olan 38 standart otaq fəaliyyət göstərir. Bütün otaqlar yüksək komfortlu hotel standartlarına uyğun olan şəraitlə təmin edilib. Ağbulağa gəlmiş turistlər 4G sürətli internetə də qoşula bilirlər. Mərkəzdə xizəksürmə xidmətindən başqa turistlərə müxtəlif servislər də təklif olunur. Turistlər əyləncə ilə yanaşı, Naxçıvan mətbəxinin ləziz təamlarından və təbii ərzaq məhsullarından dadmaq fürsəti qazanırlar.
Mərkəzdə çalışanların hamısı Ağbulaq və ətraf kəndlərin sakinləridir. Kənd turizminin ən gözəl nümunələrindən olan Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması tək bir kəndin, muxtar respublikanın deyil, ümumilikdə ölkəmizin inkişafına xidmət edir. Ağbulaq həm yerli, həm də xarici turistlər üçün cazibədar məkana çevrilib. Təmiz hava, təbii qida, yaradılan lazımi infrastruktur imkan verir ki, mərkəz muxtar respublikanın inkişafında xüsusi rol oynasın.
Naxçıvanın digər rayonlarında da kənd turizmi üçün əlverişli imkanlar mövcuddur. Xüsusən qədim diyarın Biçənək, Kükü, Nursu, Keçili, Xanəgah, Dırnıs, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələrində kənd turizmi inkişaf edib. Həmin kəndlərdə asudə vaxtını səmərəli keçirmək istəyən turistlərə həm də bütün zəruri xidmətlər təklif olunur. Həmçinin ailə təsərrüfatları tərəfindən hazırlanan ekoloji cəhətdən təmiz qida məhsulları və münasib qiymətlər turist məmnunluğunu səciyyələndirən amillərdəndir. Bu baxımdan muxtar respublikanın kənd yaşayış məntəqələrinə gələn turistlər həm də onlarca çeşiddə təmiz ekoloji məhsullarla tanış olmaq imkanı əldə edirlər.
Ən müasir standartlara
cavab verən Ağbulaq Xizək Mərkəzi
Qış aylarında qar ehtiyatının çox olması isə Ağbulaqda xizəkçilik üçün münbit şərait yaradır. Turizmi daha da inkişaf etdirmək üçün kənddəki istirahət mərkəzinin yaxınlığında dağ-xizək mərkəzinin qurulması da qərara alınıb. Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşməsi, qış aylarında qar ehtiyatının çox olması və dağ-xizək mərkəzi üçün müvafiq landşafta malik olması Ağbulaq kəndi yaxınlığındakı ərazinin seçilməsinə əsas verib.
Ağbulaq Xizək Mərkəzi 2021-ci il fevralın 17-də istifadəyə verilib. Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən mərkəzdə uzunluğu 1580 metr olan dağ-xizək sahəsi, əyləncə və uşaq parkları, süni göl yaradılıb. Kanat yolunda hər biri 4 yerlik olan 59 oturacaq vardır ki, bu da saatda 1000-dən artıq turistə xidmət etməyə imkan verir.
Ağbulaq Xizək Mərkəzi qışda xizək idman növlərinə maraq göstərən və hər yaşdan olan insanlar üçün sərfəli qiymətə istirahət və əyləncə dolu zəngin təəssürat vəd edən ideal məkandır. Yaradılmış xizəksürmə infrastrukturu ən müasir komfort, erqonomika və təhlükəsizlik standartlarına cavab verir. Qış aylarında burada həmişə qar olsa da, xizəksürmə həvəskarlarına davamlı xidmətlər göstərə bilmək üçün süni qar yaratma sistemləri də quraşdırılıb.
Naxçıvanda idman turizminin inkişafı da diqqət mərkəzində saxlanılır. Bu baxımdan Ağbulaq Xizək Mərkəzinin istifadəyə verilməsi muxtar respublikada ənənəvi turizm növlərinin inkişaf etdirilməsi ilə yanaşı, yeni turizm istiqamətlərinin, o cümlədən idman turizminin də inkişafı üçün geniş imkanlar yaradıb. 2021-ci ilin aprel ayından istifadəyə verilmiş Uzunoba Təlim-Məşq İdman Kompleksi Naxçıvanda idman turizminin inkişafı baxımından əhəmiyyətli hadisələrdəndir.
Naxçıvan nümunələri
Qədim inancları, möcüzəvi sirləri və əfsanələri özündə yaşadan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, həmçinin pirlər, imamzadələr, qədim məscidlər dünyanın dörd bir yanından gələn zəvvarların ziyarətgahına çevrilib. Əshabi-Kəhf ziyarətgahı ən qədim zamanlardan müqəddəs bir yer, ulu Tanrıya inam, ümid bəsləyən, ilahi gücə inanan insanların səcdəgahı kimi şöhrət qazanıb. Ziyarətgaha Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən zəvvarlar, turistlər gəlir.
Bütün bunlar onu göstərir ki, Naxçıvanda dini turizmin inkişafı üçün də real imkanlar mövcuddur. Naxçıvanda dini turizmin inkişafı istiqamətində görülən işlər, dini-mədəni abidələrin bərpası və qorunması mənəvi dəyərlərimizin dünyaya tanıdılmasında vasitə rolunu oynayır.
Əsrarəngiz təbiəti, mineral sərvətləri, tarixi-dini abidələri ilə yanaşı, Naxçıvan mətbəxinin zəngin olması da turizmə təsir edən amillərdəndir. Azərbaycan mətbəxinə məxsus yeməklərlə yanaşı, Naxçıvan mətbəxinin özünəməxsus yeməkləri də var. Arzuman küftəsi, balqabaq doldurması, maş şorbası, müxtəlif növ plovlar, qurut aşı, qovurma, dikçə dolması, kabablar, xoşablar, ballı qayğanaq, sucuq, alana, şirniyyatlar və s. Naxçıvan mətbəxi öz zənginliyi, heyrətamiz dadı ilə qonşu xalqların mətbəxinə də təsir edib. Naxçıvanın ekoloji təmiz havası, günəş şüasının bolluğu və digər amillərin təsiri nəticəsində bu torpağın yetirdiyi meyvə, tərəvəz və digər məhsullar öz dadı və keyfiyyəti ilə fərqlənirlər.
Naxçıvan turizmi davamlı inkişaf yolundadır. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq muxtar respublika sürətlə turistlər üçün daha cəlbedici bölgəyə çevrilir. Yaxın gələcəkdə isə turizmin muxtar respublikanın ümumi daxili məhsulunda payının daha da yüksələcəyini söyləmək olar. Zəngəzur dəhlizinin reallaşması ilə Naxçıvana gələn turistlərin sayı da dəfələrlə artacaq.
Rəşad Cəfərli,
“Azərbaycan” qəzeti