Zərgərlik metalişləmə sənətinin inkişaf etmiş sahəsidir. Zinət istehsal edən zərgərlik sənəti sırf şəhər sənətkarlığıdır və şəhərlərdə cəmləşmişdir. Naxçıvan diyarında inkişaf etmiş sənət sahələrindən biri də zərgərlik olmuşdur. Bu sənət olduqca qədim tarixə malikdir. Naxçıvanın Eneolit, Tunc, Erkən Dəmir dövrü abidələrində aparılmış arxeoloji tədqiqatlar zamanı üzük, qolbaq, boyunbağı, sırğa və başqa bəzək əşyalarının aşkarlanması Naxçıvan zərgərlik sənətinin nə qədər qədim bir tarixə malik olduğunu göstərir. X əsr müəllifi İbn Hövqəl Azərbaycanda zərgərlik sənətinin mühüm mərkəzləri sırasında Naxçıvanın da adını çəkmişdir. Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələrindən bəhs edən tədqiqatçıları öz araşdırmalarında etiraf edirlər ki, XVI əsrin ortalarında Naxçıvanda yüksək istedada malik zərgərlər fəaliyyət göstərmişlər.
Azərbaycanda zərgərlər tərəfindən istehsal edilən məmulatların əsas hissəsini qadın bəzəkləri təşkil edir. Tədqiqatdan da bilirik ki, təyinatına görə bu bəzəklər beş qrupa – baş, boyun, bilək, barmaq və paltar bəzəklərinə bölünür. Baş bəzəklərinin sırasına süs, cığçığa, tac, alınlıq və sair aid edilir. Naxçıvan diyarında baş bəzəkləri “qarabatdaq”, “araqçın” adları ilə tanınırdı. Qiymətli metallardan hazırlanan zərgərlik məmulatlarının bəzədilməsi zamanı sənətkarlar şəbəkə minasazlıq, xatəmkarlıq, qarasavad, döymə və qəlibkarlıq kimi texniki üsullardan istifadə edirdilər. Bu üsulların köməyi ilə hazırlanan məhsulun üzərinə həndəsi, astral, zoomorf və nəbati bəzəklər salınırdı. Tədqiq olunan dövrdə zərgərlikdə qəlibkarlıq üsulundan daha çox istifadə edilirdi. Daha bir üsul isə xatəmkarlıqdır. Xəncər, qılınc və müxtəlif bədii sənət nümunələrini bu üsulla bəzəyən Naxçıvan zərgərləri istənilən əşyanı üzdən yüngülcə deşib, sonra bu deşikləri qızıl, gümüş və başqa rəngli metal ərintisi ilə doldurublar. Bunun ardınca əşyanın üstü hamarlanıb və müvafiq rəsmin əsasında düzülmüş rəngli, qiymətli metallar gözəl bir mozaika təsiri bağışlayıb.
Naxçıvan zərgərlik sənətində minasazlıq üsulu da geniş yer tutur. Minasazlığın ən çətin və maraqlı sahələrindən birinin pərdəli mina olduğunu qeyd edən tədqiqatçılar bu cür işlərin ən çox Naxçıvanda yayıldığını və yerli zərgərlər tərəfindən inkişaf etdirildiyini bildirirlər. Bu qədim diyarda zaman-zaman yaşadılan zərgərlik sənəti nümunələrinin texniki cəhətləri ilə yanaşı, bədii xüsusiyyətləri və məzmunu da diqqəti cəlb edir. Bu, onun ornamenti ilə əlaqədardır. Ornament tətbiq olunduğu sənət nümunəsini bəzəməklə bərabər, həm də onun məzmununun üzə çıxarılmasına xidmət edir. Naxçıvan zərgərlərinin hazırladıqları məmulatlar üzərində digər ornamentlərlə yanaşı, həndəsi ornamentlərin də təsvirinə rast gəlinir. Məlumdur ki, uzaq keçmişdə həndəsi naxışlar ibtidai insanlar arasında ilk yazı, yəni izahat forması olub. Qeyd etmək lazımdır ki, həndəsi ornamentlərdən bir zamanlar geniş istifadə edilib. Azərbaycan dekorativ tətbiqi sənətinin elə bir örnəyi yoxdur ki, orada emblem və rəmzi mahiyyətli bəzək və rəsmlərə rast gəlməyəsən. Məsələn, dekorativ-tətbiqi sənətin müxtəlif sahələri üzrə hazırlanan bəzi nümunələr üzərindəki aypara və ya ayparalı ulduz rəsmini göstərmək olar. Məlumdur ki, aypara rəsmi qədim insanların astral dini təsəvvürləri ilə əlaqədar olduğu üçün xalq sənəti nümunələrində, o cümlədən qadın bəzək əşyası olan boğazaltıda daha çox istifadə edilib.
Qədim Azərbaycan zərgərlərinin əl işləri bu günümüzə qədər gəlib çatıb. Araşdırmalar göstərir ki, o dövrdə ustalar yalnız bəzək əşyası düzəltməklə kifayətlənməyib, həm də müxtəlif çeşidli gümüş qablar hazırlayıb və bəzi məmulatları bəzəməklə də məşğul olublar. Bundan başqa, zərgərlərimiz qiymətli daşları (yaqut, dağ bülluru) işləmə, cilalama, oyma kimi mürəkkəb texniki üsullar vasitəsilə bacarıqla icra edə biliblər. Bu daşlarla bəzədilmiş bəzək məmulatları indi də diqqəti cəlb edir. Bunların içərisində başları qoç formasında düzəldilmiş bəzəkli gümüş qolbağı və eramızın I əsrinə aid olan ucları ilan başı formasında hazırlanmış qolbağı göstərmək olar. Çox maraqlıdır ki, aypara, altı və səkkizguşəli qədim qadın sırğaları sonrakı dövrdə Nizaminin “Yeddi gözəl” əsərində təsvir edilir. Zərgərlik sənəti sonrakı dövrlərdə də öz inkişafını davam etdirib, tarixin bütün mərhələlərində ictimai-iqtisadi münasibətlərin təzələnməsi ilə müəyyən dəyişikliyə uğrayıb və zənginləşib. Bu, özünü daha çox zinət əşyalarının formalarında və bəzəklərin müxtəlifliyində büruzə verir.
Bir sözlə, zərgərlik Azərbaycan xalqının ən qədim el sənətlərindəndir. Bu sənət nümunələrini qoruyub yaşatmaq hər birimizin borcudur. Unutmayaq ki, müasir dövrdə qloballaşma prosesi gedir. Yəni xalqlar və ölkələr sürətlə bir-birinə inteqrasiya edir. Belə bir şəraitdə hər bir xalqın öz milli kimliyini qoruyub saxlaması, başqa xalqların onun mədəniyyət nümunələrini mənimsəməsinin qarşısını alması əhəmiyyət kəsb edir. Yeni nəsil tədqiqatçıların da vəzifəsi bu milli sənət sahələrini öyrənmək, araşdırmaq və təbliğ etməklə yanaşı, həm də qorumaq və inkişaf etdirməkdən ibarətdir.
Qədim sənət sahələrindən olan zərgərlik Naxçıvanda bu gün də yaşadılır. 2018-ci il aprelin 9-da Ali Məclis Sədrinin iştirakı ilə Naxçıvan şəhərində “Miraj Gold” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan qızıl və gümüş zinət əşyaları hazırlayan fabrik istifadəyə verilib. Müəssisənin istifadəyə verilməsi həm də muxtar respublikamızda zərgərlik sənətinin inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğının ifadəsidir.
Fatma Məmmədova
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı
“Şərqin səhəri” qəzeti