Yaradıcılıq yolu: Təbrizdən Naxçıvana - FOTOLAR

A- A A+

Teatr elə bir yaradıcılıq sahəsidir ki, bəzən burada çalışan istedadlı adamların adları sənət ocağı ilə eyni çəkilir. Bu dünya səviyyəsində belə qəbul edilib. Yəni teatr dedikdə çox vaxt onun sənətkarları yada düşür. “Vaxtanqov teatrı", “Adil İsgəndərov teatrı” ifadələri teatrsevərlərə yaxşı tanışdır. Tarixi 1883-cü ildən başlayan Naxçıvan Teatrının da tarixində bu cür sənətkarlar çox olub. 20-ci əsrin əvvəllərində daha da sürətlənən teatr hərəkatında öz taleyini bura bağlayan görkəmli sənətkarların adları bu gün Naxçıvan Teatrı ilə eyni çəkilir. İbrahim Həmzəyev, İsa Musayev, Əyyub Haqverdiyev, Zəroş Həmzəyeva, Sofya Hüseynova və digər sənətkarların da adı teatrla qoşa səslənir.

Bu cür sənətkarlardan biri də aktyor, rejissor, gözəl səsə malik xalq artisti Səməd Mövləvidir. O da 1920-60-cı illərdə Naxçıvan Teatrının, sözün əsl mənasında, simasına çevrilən sənət adamıdır. Bu görkəmli sənətkarın oynadığı rollar o zamankı tamaşaçının yaddaşından uzun müddət silinmir, tamaşadan sonra ictimaiyyət arasında geniş müzakirə olunurdu. Hətta afişalarda onun adını oxuyan adamlar məmnuniyyətlə tamaşalara gəlib baxırdılar.

Əsl adı Əbdülsəməd Rzalı olan aktyor 1900-cü ilin fevralın 20-də Təbrizdə yoxsul bir ailədə doğulub. Atası Mirzə Məmməd Təbrizdə xalçaçılıq karxanasında işləyib. 8 yaşında atasını itirən balaca Əbdülsəməd qardaşının himayəsində yaşayır. Təbii ki, o zaman təhsil almaq üçün molla məktəbinə gedir. Amma yaxşı səsə malik olması və 1910-cu illərdə Azərbaycan Teatrının aktyorlarının Təbrizə qastrol səfərləri və bu zaman izlədiyi tamaşalar onun incəsənətə marağını artırır. Bir dəfə Təbrizdə qastrolda olan böyük sənətkarımız Sidqi Ruhulla N. Nərimanovun “Nadir şah” faciəsini burada tamaşaya qoyur. Təbii ki, o zaman Azərbaycanın digər şəhərlərində olduğu kimi Təbrizdə də “Nadir Şah”dakı Gülcahan rolunu oynamaq üçün qadın aktrisa yox idi. Bu zaman Sidqi Ruhulla bu rolu "Rüşdiyyə" məktəbində təhsil alan gənc tələbə Səməd Mövləviyə tapşırır. Sidqi Ruhullanın özünün də yazdığı kimi “...O, heç nədən çəkinmədən çox böyük bir cəsarətlə Gülcahan rolunu ifa etdi". 

Bundan sonra gənc Əbdülsəməd əslən Naxçıvandan olan Böyükxan Naxçıvanlının yaratdığı Təbriz Teatrında rollar oynayır. Belə ki, ilk dəfə həmin vaxt Təbrizdə tamaşaya qoyulan “Ölülər" əsərində Şeyx Nəsrulla obrazını yaşına və təcrübəsinə uyğun olmayan ustalıqla yaradır. Bu obrazda çox yaxşı oynayan aktyor Naxçıvandan olan sənətkarların diqqətini çəkir. Sənətkar dostları Sovet hakimiyyəti illərində onun Naxçıvana gəlməsini təşkil edirlər. Burada isə Əbdülsəməd Rzalı sənət aləmində Səməd Mövləvi kimi tanınır. Naxçıvan Teatrına gəlişi ilə bağlı xatirələrində Səməd Mövləvi yazır: “Yadımdadır, 1921-ci ilin avqust ayı idi. Yerli həvəskarlar bir yerə toplaşıb teatr təşkil etməyi qərara aldılar... Həmin illərdə teatrın repertuarında aşağıdakı əsərlər vardı: “Bəxtsiz cavan”, “Dağılan tifaq”, “Ac həriflər” (Ə.Haqverdiyev), “Laçın yuvası” S.S. Axundov, “Məşədi İbad” Ü. Hacıbəyov, “Evliykən subay” (Z. Hacıbəyov), “Daşım-daşım”, “”Vurhavur” (M.Kazımovski), “Xor-xor”, “Dursunəli və ballıbadı” (S. Qənizadə) və s. tamaşalarla yanaşı biz konsertlər də təşkil edir, onları meyxana deməklə qurtarırdıq. Teatrın ayrıca satira və yumor bölməsi vardı. Burada aktyor Rza İsfəndiyarlının yazdığı gülməli kupletlər oxunardı... ”

Göründüyü kimi Səməd Mövləvi ilk illərdən teatr hərəkatında çox fəal rol oynayıb. Onun rejissorluq bacarığı və gözəl səsə malik olması Naxçıvan Teatrında həmin illərdə opera və operettaların da səhnələşdirilməsinə imkan yaradır. Sənətkar teatrda Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid Banu" operalarını uğurla tamaşaya qoyur. Həmin illərdə artıq Sovet hakimiyyəti Zaqafqaziya respublikalarında yaşayan xalqların teatrlarını yaratmaqla bağlı işlər görürdü. Bunun üçün isə daha təcrübəli mütəxəssislər cəlb olunurdu. Səməd Mövləvi də İrəvanda Azərbaycan teatrının təşkil olunması üçün dəvət alır. Burada bir ildən artıq teatrın rəhbəri və rejissor kimi fəaliyyət göstərir.

1924-cü ildən 1925-ci ilin sentyabrınadək oradakı Azərbaycan teatrında Hüseyn Cavidin "İblis", "Şeyx Sənan", C. Cabbarlının "Aydın", N. Nərimanovun "Nadir Şah", Ü. Hacıbəyovun "Leyli və Məcnun", "Ər və arvad", "Arşın mal alan" pyeslərini tamaşaya qoyur.

Bundan başqa, Səməd Mövləvi Tiflis şəhərində fəaliyyət göstərən Azərbaycan teatrına da dəvət alır. Burada o, Tuqanov, Burçalov, Yevdokimov, Diyevski, Mərcanaşvili, Kirmanşahlı kimi rejissorlarla işləyir. Bu isə onun üçün bir məktəb idi. Bundan sonra Naxçıvana qayıdan Səməd Mövləvinin yaradıcılığında tamamilə yeni bir dövr başlayır. 1922-ci ildə Türk Dram Teatrı, sonra isə Naxçıvan Dövlət Dram Teatrı statusunu alan bu sənət ocağında rejissor kimi bir-birindən maraqlı tamaşalara quruluş verir. O, Cəfər Cabbarlının "Od gəlini", "1905-ci ildə", Hüseyn Cavidin "Şeyx Sənan", "İblis", "Şeyda", "Uçurum", "Dəli knyaz", M.F. Axundovun "Hacı Qara", Şəmsəddin Saminin "Dəmirçi Gavə", gürcü yazıçısı Şanşiaşvilinin "Anzor", Şekspirin "Hamlet", "Otello", Şillerin "Qaçaqlar", "Məkr və məhəbbət", hind yazıçısı Hüseyn Fitrətin "Hind ixtilaçıları", rus klassiklərindən Qoqolun "Müfəttiş", Ostrovskinin "Günahsız müqəssirlər", Şkvarkinin "Özgə uşağı" pyeslərini müvəffəqiyyətlə tamaşaya qoymaqla yanaşı özü də ayrı-ayrı rollarda çıxış edib.

Şeyx Nəsrulla, Dəmirçi Gavə, Nadir Şah, general Karl, Otello, Ferdinand, Anzor, İblis, Şeyx Sənan, Məcnun, Kərəm, Mirzə Səməndər, Vidadi kimi rollar oynayan sənətkar yerli və dünya dramaturqlarının əsərlərində ölməz obrazları canlandırıb.

İkinci Dünya müharibəsi illərində Səməd Mövləvi "İgidliyə görə", "Qafqazın müdafiəsinə görə" medalları ilə təltif edilib. 1943-cü ildə ona "Azərbaycan SSR Əməkdar artisti", 1960-cı ildə isə "Azərbaycan SSR Xalq artisti" fəxri adları verilib.

Yarım əsrə yaxın bir dövrdə Səməd Mövləvi 230-a yaxın müxtəlif xarakterli obraz yaradıb. Böyük sənət fədaisi, rejissor və aktyor 1962-ci il fevral ayının 3-də Naxçıvanda vəfat edib.

Səməd Mövləvi Naxçıvan Teatrına təkcə möhtəşəm səhnə əsərləri, maraqlı obrazlar qalareyası deyil, həm də oğlu, Xalq artisti, Prezident Təqaüdçüsü Tofiq Mövləvini də verib. 1938-ci ildə Naxçıvan şəhərində anadan olan Tofiq Mövləvi 10-12 yaşından atası ilə bərabər Naxçıvan Teatrına gəlib. 1954-cü ildən isə burada aktyor kimi fəaliyyətə başlayıb. Hazırda təqaüddə olan Tofiq Mövləvi 1974-cü ildə "Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti", 1987-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti", 2008-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2005-ci ildən Prezident təqaüdçüsüdür.

Səməd Canbaxşiyev

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: