O, bizi deyib gəlmişdi - FOTOLAR
153 il əvvəl Naxçıvan şəhərində bu evdə, kiçik tacir Məmmədqulu bəyin ocağında bir körpə dünyaya göz açdı... Azərbaycan ədəbiyyatının qüdrətli dramaturqu, böyük yazıçısı oldu o körpə. Söhbət “Kiçik hekayənin böyük ustadı”, “Molla Nəsrəddin” jurnalı ilə satirik jurnalistikanın əsasını qoyan Azərbaycan ədəbiyyatı və publisistikasının bənzərsiz siması, qüdrətli yazıçı Cəlil Məmmədquluzadədən gedir. Naxçıvan Muxtar Respublikasında böyük yazıçının adına, ünvanına verilən bir neçə mədəniyyət ocağı, muzey var. Bunlardan biri Naxçıvan şəhərində, digərləri isə ədibin vaxtilə müəllim işlədiyi Şərur rayonunun Cəlikəndində və Babək rayonunun Nehrəm qəsəbəsindədir. Zaman-zaman hər üç muzeydə olmuşam. Bu gün yenə, XIX əsrdə cəhalətin, nadanlığın hökm sürdüyü dövrdə geriliyə, savadsızlığa, dini xürafata qarşı mübarizə aparan ədibin 1869-cu il fevralın 22-də dünyaya göz açdığı ev muzeyindəyəm. Buradakı eksponatların dili ilə bir daha bizi deyib gələn qüdrətli yazıçını, Mirzə Cəlili xatırlayacağıq.
Şəhərin Səməd Ağamalı küçəsindəki bu tarixi bina ölməz yazıçının uşaqlığının, gəncliyinin, yaradıcılığının ilk illərinə şahidlik edib. 1998-ci ildən isə muzey kimi fəaliyyət göstərir. İki ekspozisiya zalı və bir foyedən ibarət olan bu kiçik muzeydə böyük bir yazıçının zəngin irsi və özü yaşayır əslində.
Birinci ekspozisiya zalındakı qiymətli əşyalar, ədibin yaşadığı dövrə məxsus olan bu mis, çini və saxsı qablar bəlkə də dünyanın ən xoşbəxt əşyalarıdır ki, bir neçə əsrdir yaşayır. Yaşayacaq da.
Divardakı taxçalarda yazıçının 1889-1920-ci illəri əhatə edən yaradıcılıq dövrünün məhsulu olan əsərlərinə aid Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərli tərəfindən hazırlanan panorama maketlər var.
Azərbaycan ədəbiyyatında milli istiqlala, milli birlik və azərbaycançılıq ideyalarına həsr olunmuş ən mükəmməl dram əsəri, Azərbaycan xalqının tale kitabı adlandırılan “Anamın kitabı” əsərinin maketi necə də canlı görünür. Oğullarının bir-birilə dil tapa bilməməsi Zəhrabəyim ananı dərdə salıb. Ananın sözlərinin təsirsiz qaldığını görən bacı Gülbahar qardaşların bir-birinə yadlaşmasında oxuduqları kitabları günahkar bilib və həmin kitabları yandıraraq ananın qoynunda gizlətdiyi vəsiyyəti oxuyur. Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahid... bu üç qardaşın komediyası ananın faciəsi, Gülbaharın dramı, vətən millət, dil, uğrunda mübarizədir.
Mirzə Cəlil realizminin ən gözəl nümunələrindən biri olan “Danabaş kəndinin əhvalatları”na aid maketdə Xudayar bəy və Zeynəbi görürük. Yazıçının 1894-cü ildə Nehrəmdə müəllim işlədiyi dövrdə 25 yaşında yazdığı bu əsərdə Xudayar bəyin özbaşına idarəçiliyi, Məhəmmədhəsən əmi və Zeynəbin başına gələn əhvalatlar, müsibətlər göstərilib.
XX əsr Azərbaycan kəndlisinin durumu, acınacaqlı vəziyyətini əks etdirən “Poçt qutusu” əsəri ilə bağlı hazırlanan maketdə adi poçt qutusuna nabələd olan avam və safqəlbli kəndli- Novruzəli var.
Ədəbiyyata ilk dəfə cəmiyyətin aşağı zümrələrini gətirən Mirzə Cəlili kiçik hekayənin böyük ustadı kimi tanıdan “Poçt qutusu”nda Novruzəlinin simasında yüzlərlə, minlərlə Novruzəli tənqid edilib. Neçə yüz illər ötsə də, ədibin iki əsr əvvəl yazdığı “Poçt qutusu” təravətini itirməyəcək, harada bir cahillik, avamlıq, elmsizlikdən doğan bəla görünsə, Mirzə Cəlil və onun “Poçt qutusu” xatırlanacaq.
Muzeyin bir küncündəki kamançanı görəndə haradasa uzaqlardan qulaqlarıma bu alətin səsi gəlir. Onun ifaçısı Mirzə Cəlildirmi? Bəlkə də...
Həyat yoldaşı Həmidə xanımın xatirələrindən bizə məlumdur ki, yazıçı vaxt tapdıqca kamança da çalarmış. Çünki Mirzə Cəlil kamançanın insan hisslərinə, düşüncələrinə təsirini bilirdi və o səbəbdən çalırdı bu aləti. Yazıçının 1920-ci ildə Şuşada yazdığı erməni-müsəlman münaqişəsindən bəhs edən eyniadlı “Kamança” pyesi də var.
Bu otaqdakı hər bir əşyanın lal yaddaşında bir xatirə yaşayır. Önündə dayandığım pianonun pərdələri isə bir vaxtlar ədibin qızı Münəvvər Məmmədquluzadənin zərif barmaqlarının təsiri ilə dilə gəlib. Cəlil Məmmədquluzadənin ilk övladı olan Münəvvər xanım Nehrəmdə həkim işləyib və atasının üçüncü həyat yoldaşı Həmidə xanımın ilk evliliyindən olan oğlu ilə evlənib. Lakin heç vaxt ana ola bilməyib.
Ədibin böyük dramaturq kimi yetişməsində mühüm rol oynayan klassiklərin əsərlərinin yer aldığı şəxsi kitabları ilə tanış oluram... Firdovsi, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Krılovu, Puşkini sevə-sevə oxuyurdu Mirzə Cəlil. Bu rəfdə, həmçinin ədibin əsərlərinin beş cildi, Molla Nəsrəddin Jurnalının 10 cildliyinin 8 cildi də var.
Nəslin davamçıları guşəsində Cəlil Məmmədquluzadənin tədqiqatçılarından olan Akademik İsa Həbibbəylinin İranda, Fransada, Polşada olduğu zaman yazıçının nəvə və nəticələri ilə görüşü zamanı çəkilən şəkillər nümayiş olunur. Qeyd edək ki, hazırda Cəlil Məmmədquluzadənin müxtəlif ölkələrdə 5 nəvəsi, 8 nəticəsi yaşamaqdadır.
Şamdandakı şamlar... Yazıçı bir zamanlar bu şamdanda yanan yarımçıq şamların işığında ölməz əsərlərini qələmə aldı və Azərbaycan realizminin tənqidi realizm mərhələsini formalaşdırdı. O, şamlara baxa-baxa Mirzə Cəlil yaradıcılığını yaşadan ekspozisiya zalına daxil oluram. Onun yaradıcılığında hər kiçik eyhamın, hər sözün, hər adın dərin məna və fikir yükü var. İkinci ekspozisiya zalının divarlarındakı taxçalarda Xalq rəssamı Hüseynqulu Əliyev tərəfindən ədibin elmi, maarifi, təhsili təbliğ edən, savadsızlığı, cəhaləti, avamlığı tənqid edən “Usta Zeynal”, “Qurbanəli bəy”, “Danabaş kəndinin əhvalatları” əsərlərinə çəkilən illüstrasiyalara diqqət kəsilirəm. “Poçt qutusu” kiçik bir hekayə deyildi. “Şahnamə”, “İsgəndərnamə”, “Dəhnamə” səviyyəsində “Novruzəlinamə”, özünü dərk etmək istəyən millətin gələcəyə məktubu idi. “Danabaş kəndinin əhvalatları” ilə Cəlil Məmmədquluzadə itmiş eşşəyi yox, Məhəmmədhəsən əminin daxilində itmiş vətəndaşı, itmiş şəxsiyyəti, itmiş xalqı axtarırdı.
Azərbaycan tragik komediyasının zirvəsini təşkil edən “Ölülər” tamaşasının və “Molla Nəsrəddin” obrazının maketləri ilə tanış oluram. Bu an əsərin qəhrəmanlarından olan Kefli İsgəndərin monoloqunu xatırlayıram, qaranlıqda işıq saçan o obrazın: “Baxın! baxın! Yaxşı baxın! Diqqətlə baxın! Sizin tarix kitablarınızda bu qanla yazılmış bir səhifədir. Sizdən sonra gələnlər bu səhifəni xatırlayıb deyəcəklər...”
Maket formasındakı molla üzümə baxır. Sanki yenə bir lətifə danışır şifahi xalq ədəbiyyatının bu qəhrəmanı. Və güldürür, bir qədər də düşündürür...
“Ey mənim yüz il bundan sonra dünyada yaşayacaq millətim. Əgər bir gün haradansa “Molla Nəsrədin”in saralmış və cırılmış vərəqələri əlinə keçsə, onda mənim milləti nahaqdan tənqid etdiyimi fikirləşmə” deyən Mirzə Cəlilin böyük dühasının məhsulu idi 116 yaşlı “Molla Nəsrəddin” jurnalı... 25 il ərzində 3 şəhərdə - Tiflis, Təbriz və Bakıda 748 nömrəsi işıq üzü görən, xalq həyatının, arzu və əməllərinin tərcümanı, Cəlil Məmmədquluzadə zəkasının gücü, qələminin nuru olan jurnal bu gün üçün də müasirdir, sabah üçün də...
Mirzə Cəlil “Molla Nəsrəddin”də cəhalətə qarşı apardığı mübarizədə tək deyildi. Dövrün görkəmli maarifçiləri, publisistləri, yazıçı, ictimai xadim M.S.Ordubadi, görkəmli satira ustası M.Ə Sabir, Azərbaycan karikatura sənətinin banisi Ə.Əzimzadə və başqaları onunla idilər. Məslək dostlarının portretləri də yan-yana sıralanıb bu otağın divarlarında.
Hər bir muzeydə olduğu kimi bu mədəniyyət müəssisəsində də ümumilli lider Heydər Əliyevə həsr olunmuş guşə yaradılıb. Bu da təsadüfi deyil, çünki Ulu öndər həm də mədəniyyətimizin, ədəbiyyatımızın böyük himayədarı idi. Dahi şəxsiyyət Cəlil Məmmədquluzadə irsinə və yaradıcılığına da böyük diqqət göstərərək 1999-cu il oktyabr 13-də bu muzeyin açılışını etmişdi. Və 231 eksponatla fəaliyyətə başlayan muzeyin fondu 2300-dən çox eksponatla zənginləşərək yazıçı irsinin yaşadılması, təbliğinə xidmət edir.
“Cəlil Məmmədquluzadə və teatr” guşəsində, bir vaxtlar teatrda rejissorluq və aktyorluq edən ədibin Naxçıvan teatrının səhnəsində dəfələrlə səhnələşdirilən əsərləri: “Dəli yığıncağı”, “Ölülər”, “Anamın kitabı”, “Çay dəstgahı” və başqa tamaşaların proqramları, fotoları ilə tanış oluruq. Təsadüfi deyil ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrı da dram əsərləri ilə bu teatr səhnəsini gözəlləşdirən Cəlil Məmmədquluzadənin adını daşıyır. Binanın qarşısındakı əzəmətli heykəli ilə ölməzlik qazanan Mirzə də bizimlə əbədi yol gəlir.
“Dünyada sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olub gedir, amma söz qalır” deyən ədibin büstü ilə üz-üzə, göz-gözəyik. Düşünürəm, özündən sonra sözü və əsərləri ilə yaşayan Mirzə Cəlil təkcə bir zamana və nəslə mənsub deyil, o, hər yeni nəsillə birgə yenidən doğulur, hər gələn nəsillə müasir olmağı, hər yeni nəslin və onun zəmanəsinin suallarına cavab verməyi bacarır. Cəlil Məmmədquluzadə yaradıcılığı milli varlığımızın aynasıdır. Bu gün böyük yazıçının doğulduğu gündür. Nə yaxşı ki, Azərbaycan xalqının taleyində, Azərbaycan ədəbiyyatında belə bir şəxsiyyətin izi qaldı. O şəxsiyyət ki, onu Naxçıvan torpağı bəxş etdi bu vətənə. Və tarix Mirzə Cəlildən uzaqlaşdıqca o, bizə yaxınlaşır.
“Gözümü açıb bu dünyanı qaranlıq görmüşəm”. Cəlil Məmmədquluzadənin “Xatiratım”ı belə başlasa da, o bu dünyada işığın qələbəsi üçün çox şey etdi. Buna görə ruhumuzun yaddaşında hər zaman diridir. Bizi deyib gələn ədib, üçüncü əsrdəki yaşın mübarək!
Türkanə Əmoyeva
“NUHÇIXAN”