Qarabağlar kəndində yeni memarlıq kompleksi - FOTOLAR
Axtarışlar, tapıntılar
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin qeydə alınması işi davam etdirilməkdədir. Ali Məclisin Sədri ötən il AMEA Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Naxçıvanın rayonlarının tarixinin yazılmasını mühüm vəzifə kimi irəli sürməsi abidələrimizin tədqiqinə diqqəti daha da artırmışdır.
Tarixi mənbələrin verdiyi məlumata görə, Qarabağlar orta əsrlərdə Azərbaycanın əsas şəhərlərindən biri, mühüm ticarət və sənətkarlıq mərkəzi olub. Qarabağlar ətrafında böyük orta əsr yaşayış yerlərinin, karvansarayların aşkar edilməsi onun tarixi İpək Yolunun üzərində yerləşməsi ilə bağlı olmuşdur. Şəhərin Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üstündə yerləşməsi sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi həyat xeyli tərəqqi etmişdir.
Qarabağlar kəndində aşkar edilən yeni memarlıq kompleksi də orta əsrlərdə Qarabağlar şəhərinin mühüm əhəmiyyəti olan mədəni mərkəz olduğunu təsdiq edir. Yeni memarlıq kompleksi kəndin mərkəzində xalq arasında “Ocaq” adlanan köhnə qəbiristanlığın ərazisində yerləşir. Memarlıq kompleksi bir-birinin yaxınlığında olan dörd tikintidən ibarətdir. Bir-birinə birləşik şəkildə inşa edilən bu tikintilərin ikisi dördkünc formalı olub bişmiş kərpicdən əhəng məhlulu istifadə edilməklə inşa olunmuş, çatmatağla örtülmüşdür. Lakin hazırda bu çatmatağ dağıldığından abidə təbii aşınmaya məruz qalmaqdadır. Yerli əhalinin yaddaşında qalan məlumata görə, bu qəbirlərdən birincisi imam Museyi Kazımın nəslindən olan, XIII əsrdə yaşamış Seyid Əhdi Qarabağlariyə aiddir. İkinci türbədə Seyid Əhdi Qarabağlarinin övladı Seyid Xeyrulla Əhdi, onun həyat yoldaşı və qardaşının məzarları yerləşir. Verilən məlumata görə, bu abidənin üzərində olan naxışlı sənduqələr kitabə ilə birlikdə Sankt Peterburq Elmi-Tədqiqat Mərkəzinin əməkdaşları tərəfindən aparılmışdır. Məlumata görə, səkkizguşəli formada olan üçüncü türbə XX əsrdə dəfələrlə dağıntıya məruz qalmış və xalq tərəfindən yenidən bərpa edilmişdir. Hazırda bu türbənin daş tikililəri qalmışdır. Memarlıq kompleksinə aid olan bu üç tikintinin memarlıq üslubunun tədqiqi onların XIII əsrə aid olmasını təsdiq edir. Çünki bu dövr Qarabağlar şəhərinin ən çox inkişaf etdiyi və yazılı mənbələrdə xatırlandığı dövrdür. Bu tip türbələrin bənzərləri isə Azərbaycan ərazisində mövcuddur.
Bu türbələrin ön tərəfində olan dördkünc formalı tikili daşdan, əhəng məhlulu istifadə edilməklə inşa olunmuş və çatmatağla örtülmüşdür. Tikintinin biri şərqdə, digəri isə şimalda – iki girişi var və digərlərindən fərqli olaraq üst örtüyü hələ tam dağılmamışdır. Xalq arasında bu türbənin içərisində Qarabağlar xanı Fərəc xan Dünbüliyə aid əmanət qəbrin olması ilə bağlı məlumat var. Qeyd edək ki, bəzi mənbələrdə Dünbüli, bəzilərində isə tumbullu adı ilə xatırlanan tayfalar Azərbaycanın, o cümlədən Naxçıvanın müxtəlif bölgələrində məskunlaşmış və xalqımızın tarixində mühüm rol oynamışdır. Lakin türbədə bu şəxsə aid heç bir epiqrafik abidə qeydə alınmamışdır. Türbəni tədqiq edərkən onun içərisində pərişan halda yerə düşmüş bir başdaşı diqqətimizi cəlb etdi. Epiqrafist, professor Hacıfəxrəddin Səfərli onun üzərində Abbas Kərbəlayi Qasım oğlu, hicri 1133 (1720) yazıldığını müəyyənləşdirdi. XVIII əsrə aid olan bu kitabə və orta əsr memarlıq abidələri tariximizin və mədəniyyətimizin əvəzedilməz abidələridir. Kəndin mərkəzində yerləşən, indiyədək gözdən uzaq, könüldən iraq qalan bu abidələrin qorunmağa və bərpaya ehtiyacı vardır:
O daşı qoru, qardaş,
Söndürmə qoru, qardaş,
Qorumasan, babamın
Od tutar goru qardaş.
Ümid edirik ki, gələcək tədqiqatlar nəticəsində Kəngərli rayonunun ərazisində tariximizi özündə yaşadan qədim abidələr öyrənilərək üzə çıxarılacaqdır.
Vəli Baxşəliyev
AMEA-nın müxbir üzvü