Rəssam Nəsrullah Musayevin “Boyanmış duyğular” adlı fərdi sərgisi açılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda rəssam Nəsrullah Musayevin “Boyanmış duyğular” adlı fərdi sərgisi açılıb.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva rəssamın yaradıcılığı barədə məlumat verib. Qeyd edilib ki, hazırda Naxçıvan Dövlət Rəsm Qalereyasında tərtibatçı rəssam işləyən Nəsrullah Musayevin əsərlərində doğma yurdun tərənnümü ön plana çəkilib. Naxçıvanın mənzərələri onun əsərlərində özünəməxsus rəng çalarları ilə zövq oxşayır.
Birliyin sədri Nəsrullah Musayevi təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə xalq rəssamı Hüseynqulu Əliyev bildirib ki, Nəsrullah Musayevin nümayiş etdirilən əsərlərində naturalizm və emosional hisslərin rənglərlə ifadəsi öz əksini tapıb.
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı, əməkdar rəssam Cavid İsmayılov, sənətşünas Nizami Alıyev və digər çıxış edənlər rəssamın yaradıcılıq uğurlarından bəhs ediblər.
Nəsrullah Musayev onun yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Sərgidə rəssamın müxtəlif mövzularda işlədiyi 45 əsəri nümayiş olunur. Əsərlərdə Naxçıvanın əsrarəngiz təbiətini, adət-ənənələrini, milli dəyərlərimizi əks etdirən motivlər və portret janrı üstünlük təşkil edir. Zəngin rəng koloriti ilə diqqəti cəlb edən əsərlər rəssamın geniş yaradıcılıq təxəyyülünə malik olduğundan xəbər verir. Həmçinin rəssamın Xocalı soyqırımı və Qarabağ zəfərinə həsr olunan rəsmləri də sərgidə özünə yer alıb.
Adilə Səfərova
Sevgili Mustafazadə