Azərbaycanın “Bir günəş altında” sənədli filmi “Addis Ababa Asia Pacific” film festivalında nümayiş olunacaq
Efiopiyanın paytaxtı Əddis-Əbəbədə sentyabrın 15-dən 23-dək keçiriləcək “Addis Ababa Asia Pacific” film festivalı çərçivəsində Azərbaycanın “Bir günəş altında” sənədli filmi nümayiş olunacaq. Filmin prodüseri Arzu Əliyevadır.
NUHÇIXAN xəbər verir ki, Azərbaycanda yaşayan müxtəlif mədəniyyətə, adət-ənənəyə, dilə və dini etiqada malik azsaylı xalqların və etnik qrupların həyatından bəhs edən film Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilib.
Azərbaycanın Efiopiyadakı səfirliyinin məlumatına görə, səfirlik tərəfindən festivala təqdim edilən “Bir günəş altında” sənədli filmi kinofestivalın ilk günündə - sentyabrın 15-də İtaliya Mədəniyyət İnstitutunda nümayiş etdiriləcək.
Qeyd olunur ki, Azərbaycanın bir sıra bölgələrində çəkilmiş filmdə ölkəmizdə yaşayan 17 etnik qrupun 134 nümayəndəsi iştirak edib. Ekran əsəri Azərbaycan ərazisinin hər yerində etnik qrupların həyatı, mədəniyyəti və ənənələri haqqında təsəvvür formalaşmasına imkan yaradır.