Heydər Əliyev dühasından ilhamlanan Kamil Əliyev sənəti - FOTOLAR
Ümummilli liderin xalqı qarşısında mühüm xidmətlərinin nəticəsidir ki, Azərbaycan xalqı dahi rəhbərin adının əbədiləşdirilməsi, yaddaşlarda əbədiyaşarlıq qazanması istiqamətində müəyyən addımlar atmışdır. Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənəti tarixində dahi rəhbərin adını daşıyan sənət əsərləri, mədəniyyət mərkəzləri, incəsənət nümunələri, obrazının yaradıldığı ədəbi əsərlər ulu öndərə Azərbaycan ziyalılığının verdiyi qiymətdir. Müstəqillik illərində digər sahələrdə olduğu kimi görkəmli dövlət xadimi, dahi rəhbər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində güclü inkişafa qovuşan Azərbaycan incəsənətinin dahi rəhbərin adını əbədiləşdirmək, onun ömür yolunun müxtəlif səhifələrini canlandırmaq baxımından əvəzsiz incilər olan sənət əsərləri Azərbaycan incəsənəti tarixində mühüm bir mərhələ təşkil etmişdir. Dahi rəhbərin sayəsində qüdrətli inkişafa qovuşan müstəqil Azərbaycan dövlətinin mövcud olduğu illər ərzində də Heydər Əliyev dühasının fəaliyyəti rəssamlığımızda, incəsənətin bütün sahələrində yaradılan möhtəşəm sənət əsərlərində öz əksini tapmışdır. Təbii ki, rəssamlığımızda ulu öndərin bədii obrazına müraciət edən görkəmli rəssamlar sırasında böyük vətənpərvər, Xalq rəssamı, “İstiqlal” ordenli Kamil Əliyevin özünəməxsus yeri və rolu vardır. Bu mənada Heydər Əliyev dühasını portret – xalçalarında əbədiləşdirən Kamil Əliyevin əsərləri sənətşünaslıq elmi cəhətdən böyük əhəmiyyətə malikdir.
Mədəniyyət tariximizdə öz əbədi izlərini salmış böyük vətənpərvər Kamil Əliyev çoxşaxəli və orijinal üslubu ilə qədim xalçaçılıq sənətimizin qorunmasına və inkişafına öz mühüm töhfələrini vermiş sənətkarlardan biridir.
Kamil Əliyev yaradıcılığının diapazonu çoxşaxəli və əhatəli olmaq baxımından olduqca əhəmiyyətə malikdir. Onun yaratdığı xalçalar şübhəsiz ki, yüksək sənət əsərləri zirvəsinə ucalmış və bu gün də öz əhəmiyyətini itirməmişdir. Kamil Əliyev xalçalarının bu mükəmməl səviyyəyə gəlməsi üçün nə qədər dəqiqlik, neçə - neçə mürəkkəb texnoloji mərhələləri keçmək, əvvəlcədən düşünülmüş böyük ideyaların üzərində təkrar – təkrar təkmilləşdirmə aparıb, səbrlə bədii quruluğu – haşiyə, ara sahələr, rənglər və naxışlar arasında vəhdət yaratmaq və ən nəhayət, obrazı incə ilmələrlə xalça üzərində toxuyub canlı bir şəkildə göstərmək lazım gəlirdi. Kamil Əliyev yaracılığını hər zaman möhtəşəm edən mühüm amillər sırasında şübhəsiz ki, xalçalarda yüksək sıxlığı əldə etmək üçün hansı növ yun, hansı qalınlıqda iplik, hansı təbii tərkibdən alınacaq lazımi rəng, bir rəngdən digərinə keçid və s. dəqiqliklə duymaq qabiliyyəti var idi.
Onun yaradıcılığının zirvəsində dayanan mövzulardan başlıcası və demək olar ki, əsasları məhz portret – xalçalardır.
Kamil Əliyev keçən əsrin 60-cı illərindən başlayaraq dünyanın bir çox tanınmış şəxsiyyətlərinin – Məhəmməd Füzulinin, Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Mirzə Fətəli Axundzadənin, Alexsandr Puşkinin, Şota Rustavelinin, Mustafa Kamal Paşa Atatürkün, Turqut Özalın, Süleyman Dəmirəlin, Rabindranat Taqorun, İndira Priyadarşini Qandinin, Bill və Hillari Klintonun portretlərini xalça üzərində böyük ustalıqla yaratmışdır.
Portret – xalçalar silsiləsinə daxil olan, zənginlik baxımından hər zaman əbədiyaşarlıq qazanmış, Kamil Əliyev sənətinin şah əsərləri sayılanlar sırasında, şühbəsiz ki, dahi öndər, böyük düha, ümummilli lider Heydər Əliyevə həsr etdiyi portret – xalçalar xüsusilə seçilməkdədir.
Heydər Əliyev dühasını xalçalarda əbədiləşdirən görkəmli rəssam gələcək qəhrəmanı – Dahi Öndər Heydər Əliyev haqqında böyük məhəbbətlə bu fikirləri söyləmişdir: “Artıq Füzulinin portreti mənə şöhrət gətirmişdi, elə həmin vaxtlarda düşünürdüm ki, əgər müasirlərimizdən hansınınsa portretini yaratmaq istəsəm, bu hökmən Heydər Əliyev olacaqdır. Sonralar biz onunla tez-tez görüşməli olurduq, çünki o mənim yaxın qohumum olan Əziz Əliyevin qızı Zərifə xanımla evlənmişdi. Bizim aramızda sadəcə qohumluq deyil, səmimi dostluq münasibəti yaranmışdı. 1967-ci ilin 6 noyabrında olan görüşüm isə indi də gözlərimin qabağındadı. Evlərində ziyafət təşkil eləmişdilər. Sən demə, belə cavan ikən general rütbəsi almış, bu mühüm hadisənin şərəfinə dostları, qohum-qardaşı bir süfrə arxasına toplamışdı. Düşündüm ki, belə cavan ikən, bu yüksək çinə (rütbə, vəzifə) layiq görülmək üçün Vətən qarşısında gör nə qədər xidmətlər göstərməlisən... İnanın elə həmin gün onun portret-xalçasını yaratmaq arzusu doğdu qəlbimdə... Bu mənzərə yaddaşıma əbədi həkk olundu. Və fantaziyamın gücü ilə bu xəyali obraza yeni-yeni detallar əlavə etməklə xatirimdə xeyli müddət yaşatdım”.
Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə dünya ölkələrinə rəsmi səfərlərə getdiyi zaman, çox vaxt Xalq rəssamı Kamil Əliyevi də özü ilə aparardı, özü də getdikləri ölkənin dövlət xadiminin rəsmi təsvir olunmuş portret xalçası ilə.
Şərq adətlərinə görə, monarxlara inam və etibarın, mehriban münasibətlərin möhkəmləndirilməsinin rəmzi olaraq onlara xalça bağışlanardı. Bu səfərlərdə də həmin rolu məhz Kamil Əliyev oynamışdır.
Beləliklə, Heydər Əliyevlə hər görüşdən sonra onun obrazının yeni eskizlərini cızan Kamil Əliyev axtarışlarını nəhayət sona yetirdi. Xalq rəssamı 1981-ci ildə Azərbaycanın inkişafı naminə böyük işlər görmüş, Azərbaycan KP MK-nın I katibi kimi səmərəli fəaliyyət göstərən dövlət xadimi Heydər Əliyevə həsr etdiyi ilk portret-xalçası olan “Azərbaycanın qəhrəman oğlu” adlı əsərini tamamladı. Portretdə qəhrəmanın ciddi, zabitəli baxışlarıyla yanaşı, insanlara sevgi xeyirxahlıq hissləri aşılayan bir mənzərə təsvir olunmuşdur.
Rəssam xalçalarına xas olan dərin fikirli ornamental kompozisiya yaratmış, burada da kamillik və mənəvi gözəllik dünyasının üstünlüklərini verə bilmişdi. Həmçinin psixoloji cəhətdən bitkin bir obraz yaratmış, müdrik rəhbərin, uzaqgörən siyasi xadimin xüsusiyyətlərini daha parlaq şəkildə əks etdirmişdir. Rəssam öz xatirələrini yada salaraq danışırdı: “1993-cü ildə Heydər Əliyev yenidən hakimiyyətə gəldi. İndi o ölkənin Prezidenti, həm də Ali Baş Komandanı idi. Onun 75 illik yubileyinə respublikamızda ciddi hazırlıq gedirdi. Mən də xalçaçı-rəssam kimi dostumun ad gününə hədiyyə etməyi düşündüm və qərara gəldim ki, Ali Baş Komandanın xalça üzərində portretini məhz general libasında yaradım. General mundirində isə onu bircə dəfə görmüşdüm və bu formada elə yaraşıqlı görünürdü ki!.. Sonralar da onu formada görürdüm, ancaq general formasında yox. Ümumiyyətlə, Heydər Əliyev bu geyimdə çox az-az olurdu. Yəqin ki, onu bu formada görənlər olub və mənimlə razılaşarlar”.
Hər zaman fikrində, düşüncəsində qəti olan, dəqiq yaddaşa, hafizəyə malik olan Xalq rəssamı Kamil Əliyev o illəri xatırlayaraq deyirdi: “Heydər Əliyevin ölkənin Ali Baş Komandanı kimi məhz general libasında portret-xalçasını yaratmağı, onu məhz hərbçi kimi təqdim etməyi qərarlaşdırdım. Mən bu yeni əsərimdə fərqli ab-hava, əhvali-ruhiyyə bəxş etməli, həm də xalçaya məxsus olan, naxışları ona yaraşdırmalı idim. Və bir daha portret-xalça ustası olduğumu təsdiq etməliydim. Bu çox çətin iş idi, asan deyildi”.
Bu əsrarəngiz sənətin çətinliyini dahi öndərimiz Heydər Əliyev də öz yaxın dostu Xalq rəssamı Kamil Əliyevin 80 illik yubiley tədbirindəki tarixi çıxışında da dilə gətimişdi: “Bilirsiniz, xalça sənəti olduqca çətin sənətdir. Rəssam kağız üzərində çəkdiyi rəsmin və ya portretin hər hansı bir yeri xoşuna gəlmədikdə onu pozub təzədən çəkə bilər. Xalçada isə belə deyil. Əgər bir ilmə səhv düşərsə, bura qədər toxunmuş yer tamam sökülməlidir, yenidən toxunmalıdır. Amma açığı, Kamil məni xalça üzərində ilmələrin gücü ilə, qüdrəti ilə daha çox özümə oxşadıb...”. Ulu öndərin bu dəyərli mülahizələri təkcə Kamil Əliyevin sənətinə verdiyi qiymət deyil, bu həm də dahi şəxsiyyətin xalçaçılıq sənətinə bələdliyinin göstəricisidir.
Haqqında bəhs etdiyimiz bu əsərdə sanki gənc general təlqinedici, ciddi baxışlarla onu mühüm strateji coğrafi mövqedə yerləşən, zəngin yeraltı və yerüstü sərvətə malik bir ölkədə hakimiyyət zirvəsinə doğru aparan çətin və şərəfli yolu əvvəlcədən seyr edirdi. Bəlkə də nə vaxtsa xalqının ən ağır məqamında onu bir daha parçalanmaqdan qorumaq, müstəqil Azərbaycanı möhkəmləndirmək üçün hakimiyyətə təkrar qayıdışını da qabaqcadan görürdü.
Rəhbərin portreti xırda nəbati naxışı olan mavi fonlu, gözəl tərtib edilmiş mərkəzi oval medalyonda yerləşdirilmişdi. Heydər Əliyevin üz cizgiləri açıq tonlarda, incəliklərlə tədricən ipliyin daha tünd tonlara keçidi halında yaradılmışdır. Rəssam dekorativ üslubda tərtib edilmiş xalçada uzun və mürəkkəb müdrik rəhbər ömrü yaşamış, öz respublikasının müstəqilliyinə nail olmuş ağıllı, dünyagörmüş bir insan xarakterinin əsas cəhətlərini məharətlə əks etdirə bilmişdi. Rəssam həm oxralı-qızılı, həm də özünün sevdiyi yaşılımtıl tonlarda tərtib edilmiş unikal xalça yaratmışdı. Bu xalçada ornamental kompozisiya bütövlükdə mükəmməl səviyyəyə çatdırılmışdır. Milli "tirməsayağı” naxışın tətbiqi, rəsmi general formasında olan Heydər Əliyevin portreti olan oval medalyonun daxil edildiyi orta sahəni çərçivəyə alan geniş ana haşiyə Kamil Əliyevin dərin düşüncəsinin, milli ornamentdən istifadə etmək məharətinin və ən başlıcası, portretdə dərin mütəfəkkir, müdrik hökmdar obrazını əks etdirmək bacarığının göstəricisidir.
Xalçanın bayram əhvali-ruhiyyəsini, tünd rəngdə işlənmiş "islimi – arabesk elementlərindən ibarət olan ornamental quruluşunu dinamik naxışlar daha da canlandırır. İsliminin bu dinamik, yüngül elementləri həm oval medalyonun kənarlarında, həm də göy fonlu enli haşiyədə istifadə olunmuşdur. Bütün bunlar xalçanın ümumi təntənəli ruhuna xüsusi dəstək verir.
Ulu öndərin xalça üzərindəki daha bir portreti də təxminən eyni üslublu, eyni geyimdə – general formasında olan şəkildə toxundu. Bu xalça isə dahi şəxsiyyətin anadan olmasının 75 illik yubileyinə Kamil Əliyevin dost – sənətkar hədiyyəsi idi.
Heydər Əliyevin bu portreti də ictimaiyyət arasında rəğbətlə qarşılandı. Bu, dahi öndərin 75 illiyinə görkəmli xalçaçı-rəssam Kamil Əliyevin ən böyük hədiyyəsi oldu. Həmin portret-xalçanın oxşarı paralel olaraq toxunub hazır olanda Xalq rəssamı onu Heydər Əliyevin vətəni, doğulub boya-başa çatdığı yerə - Naxçıvan torpağına göndərdi və bu sənət əsəri bu gün orada Heydər Əliyevin dövlətçilik ideyalarını özündə yaşadan, məbədgahıq simvolu olan Heydər Əliyev muzeyində saxlanılır. İndi həmin muzeyə üz tutanlar zəngin eksponatlar arasında həmin xalçanı da zövqlə incələyə bilərlər. Bu xalça Kamil Əliyevin ilk əsərindən sarı rəngin müxtəlif tonlarının üstünlük təşkil etməsi ilə seçilir.
Tariximizi, mədəniyyətimizi özündə yaşadan, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə xalqın milli keçmişini özündə daima ehtiva edən xalçaçılıq sənətimizdə öz dünyasını yaradan Kamil Əliyev əsərlərinin təkcə Azərbaycan məkanı ilə məhdudlaşmamasının, eləcə də dünyanın ən məşhur muzeylərində sərgilənməsinin bir açıqlaması var: Demək, görkəmli rəssam daima yaşayır və yaşayacaq!
Azərbaycan xalqının Ümummilli Lideri, mədəniyyətimizin mahir bilicisi və böyük himayədarı, dahi öndər Heydər Əliyevin dediyi kimi: "Onun əsərləri Azərbaycan xalçaçılıq sənətində, rəssamlıq məktəbində daim yaşayacaq və çox görkəmli əsərlər kimi Azərbaycan mədəniyyəti xəzinəsində öz yerlərini tutacaqdır".
Xatırlatmaq yerinə düşər ki, 22 oktyabr 1921-ci ildə İrəvan şəhərində anadan olan Kamil Əliyev 2005-ci il martın 1-də Bakı şəhərində vəfat edib.
Toğrul Cəfərli
Naxçıvan Dövlət Universitetinin “Təsviri incəsənət” kafedrasının müəllimi