Gənc rəssamın fərdi sərgisi açılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi, gənc rəssam Tənzilə İbadovanın “Həyatımın rəngləri” adlı fərdi sərgisi açılıb. Bununla bağlı keçirilən tədbirdə institutun rektoru Azad Novruzov gənc rəssamı fərdi sərgisi münasibətilə təbrik edib, ona yardıcılıq uğurları arzulayıb.
Daha sonra ali təhsil ocağının prorektoru, əməkdar rəssam Həbibə Allahverdiyeva özünəməxsus yaradıcılıq üslubu, ideyaları ilə seçilən Tənzilə İbadovanın yaradıcılığından söz açıb. Bildirib ki, təsviri incəsənətin müxtəlif janrlarına müraciət edən gənc rəssamın yaradıcılığında natürmort və portret janrları üstünlük təşkil edir.
Şəhid leytenant Yaqub Nəcəfovun atası Məhəmməd Nəcəfov rəssamın yaradıcılığında vətənpərvərlik mövzusuna geniş yer verilməsini, eləcə də şəhid portretlərinin üstünlük təşkil etməsini yüksək dəyərləndirib.
Gənc rəssam Tənzilə İbadova yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Sonra sərgiyə baxış olub. Realist üslubda işlənmiş portret, etüd, natürmort, mənzərə, rəngkarlıq, qrafika və dekorativ işlərdən ibarət 30-a yaxın əsərin nümayiş olunduğu sərgidə emosional hisslərin rənglərlə ifadəsi və fəlsəfi yanaşma sənət əsərlərinin əsas mövzusu kimi ön plana çıxır.
Sərgidə şəhidlərimizin portretləri, milli-mənəvi dəyərlərimizi əks etdirən tematik kompozisiyalar, “Ordubad”, “Şahbuz” mənzərələri tamaşaçılarda daha çox maraq oyadıb.
Tənzilə İbadova çəkdiyi şəhid portretlərini ailələrinə hədiyyə edib.
Mədinə Rəhimli