Xalq artisti Rza Xudiyev: “Hər bir yaradıcı insanın sənətinə verilən yüksək dəyər milli mədəniyyətimizə verilən dəyərdir” - FOTOLAR

A- A A+

Yaxşı yadımdadır, 1999-cu ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi Bakı şəhərinə qastrola getmişdi. Nəriman Həsənzadənin “Atabəylər” əsərini Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində oynadıq. Çox yaxşı qarşılandı. Tamaşadan sonra teatrın aktyorları səhnəyə çıxıb hamını gözəl oyun münasibətilə təbrik etdilər. O zaman Xalq artisti Nurəddin Mehdixanlı mənimlə görüşəndə bir ifadə işlətdi, əgər Naxçıvan teatrının aktyorları qaranlıq səhnədə oynayarlarsa, mən Rza Xudiyevi yerişindən tanıyaram. Sənin oyununda isə yeni bir üslub gördüm. Naxçıvan teatrının aktyoru Rza Xudiyev həmin tamaşada Toğrul bəy obrazını canlandırırdı. Bu müqayisə mənə çox yaxşı təsir etdi. Çünki Rza Xudiyev kimi bir aktyorla səhnədə oynamaq, onunla müqayisə olunmaq gənc aktyor üçün çox böyük bir uğur idi. 

Xalq artisti Rza Xudiyev təkcə Naxçıvanda deyil, elə ölkə səviyyəsində sənəti, aktyorluğu olan və bunu sübut edən bir sənətkardır. Bütün tamaşaçıların sevimlisinə çevrilmiş Xalq artistimizin bu il 60 yaşı tamam olur. Elə bu məqsədlə də onun özü ilə 60 ildə keçdiyi ömür yoluna, sənət taleyinə bir nəzər salmaq istədik, yəni həmsöhbət olduq.

Rza müəllimin 1969-1979-cu illərdə Culfa şəhər 38 nömrəli dəmiryol orta məktəbində oxuduğu illərdən incəsənətə, xüsusən teatr və kino sahəsinə böyük maraq və həvəsi olub. Hələ yeniyetmə yaşlarından bu həvəsi müəllimlərin diqqətini çəkmişdi. Orta məktəbdə oxuduğu illərdə bədii qiraət və aparıcılıqla yanaşı, keçirilən Novruz şənliklərində Keçəl, Cəfər Cabbarlının 70 illik yubileyi münasibətilə təşkil edilən tədbirdə “1905-ci ildə” əsərindəki Allahverdi obrazını oynayıb, bütün bunlardan sonra isə aktyor olmaq qərarını qətiləşdirib...

Həmsöhbətim deyir ki, 1979-cu ildə orta məktəbi bitirdikdən sonra sənədlərini o zaman Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru ixtisasına verir. Yazılı, şifahi imtahanları uğurla versə də, müsabiqədən keçə bilmir. Çünki yaxşı hazırlaşmamış, orta məktəbi bitirib imtahana gedibmiş. İlk cəhd uğursuz olsa da, ruhdan düşmür. Culfaya qayıdıb, aktyor olmaq arzusundan dönmür. Həmin il Culfa şəhərinin yaxınlığındakı ərazidə “Babək” filmi çəkilirmiş. Gənc Rza oradakı kütləvi səhnələrdə iştirak etməklə sənət yanğısını qismən də olsa söndürür. Bir il istehsalatda çalışdıqdan sonra hərbi xidmətə yollanır.

Hərbi xidmətdən sonra bəzən gənclər peşə yönümünü, sənət istiqamətini dəyişsələr də, əksinə, elə bil tale özü onu məcbur edirdi ki, mütləq incəsənət adamı olmalısan. Hərbi xidməti başa vurduqdan sonra 1983-cü ildə yenidən sənədlərini İncəsənət İnstitutuna verir. Bu dəfə bir qədər də hazırlaşıbmış. Teatr korifeyləri olan Mehdi Məmmədov, Əşrəf Quliyev, Həsən Turabov kimi sənətkarların qarşısında imtahan verir. Rza müəllim xatırlayır ki, bu görkəmli sənətkarları  görəndə adam qəribə hisslər keçirirdi. Teatrda, kinoda gördüyümüz sənətkarlarla həyatda üz-üzə söhbət edirsən... Amma bəyəndilər, bu dəfə müvəffəqiyyətlə instituta qəbul olundum. Həm də uzun illər həsrətində olduğum Dram və kino aktyorluğu ixtisasına.

Təhsilə başladığı ilk günlərdən çalışır ki, aktyorluq sənətinin bütün incəliklərinə yiyələnsin. Bunun üçün öz üzərində dayanmadan çalışır və yorulmaq bilmədən əsl aktyor olmağın yollarını axtarır. Böyük sənətkarlar olan Mehdi Məmmədov, Nəsir Sadıqzadə, Zəminə Hacıyeva, Ənvər Əbluc, Hamlet Xanızadə və digər sənət adamlarından dərs alır. Rza müəllim sənət müəllimlərini xatırlayarkən qeyd edir ki, onların ömür yolu bir məktəbdir, qaldı ki, pedaqoji fəaliyyətləri ola.

Tamaşaçılar da razılaşar Rza Xudiyevi sənətdə sevdirən aktyor üçün bir çox zəruri dəyərlər – zahiri görünüş, aydın diksiya və bir aktyor üçün lazım olan bütün keyfiyyətlərə malik olmasıdır. Elə bu xüsusiyyətlər tələbəlik illərində müəllimlərinin də diqqətini çəkir. Hələ o zaman bir tələbə-aktyor üçün yetərincə uğur qazanır. Məsələn, 1985-ci ildə tələbələr arasında keçirilən “Cəlil Məmmədquluzadənin əsərlərinin bədii qiraəti” müsabiqəsində 2-ci yeri tutur. Mirzağa Əli­yevin dövlət səviyyəsində keçirilən 100 illik yubileyində ona tələbə kimi etimad göstərilir. O tədbirdə M.A. Əliyevin oynadığı rollardan birini Rza Xudiyevə tapşırırlar. Təhsil müddətində tələbə kimi bir neçə tamaşada oynayır. Bundan başqa, tələbə-rejissorlar hazırladıqları kurs və diplom tamaşalarında əsas rolları ona məmnuniyyətlə həvalə edirlər. Müsahibim deyir:

– İkinci kursda oxuyarkən kinoya da çəkilmək mənə qismət oldu. Belə ki, 1985-ci ildə “Azərbaycanfilm”in çəkdiyi, general Həzi Aslanovun həyatından bəhs edən “Mən sizi dünyalar qədər sevirdim” filmində Həzinin qardaşı Hacı roluna dəvət aldım. Sınaqlardan keçdim, filmə təsdiq edildim və çəkildim. Bu, təbii ki, kinoda ilk addımım idi. Bu, bir tələbə-aktyor üçün çox böyük uğur oldu. Oxuduğum 4 il ərzində müxtəlif səpkili əsərlərdə maraqlı rollar oynadım. Bu uğurlu rollardan sonra bizə kino sənətindən dərs deyən müəllimim, kinorejissor Tofiq İsmayılov, sən demə, mənə aktyor kimi göz qoyurmuş. 1987-ci ildə onun rejissor olaraq ekranlaşdırdığı “Sürəyya” filmində Seyfəddin roluna dəvət edildim. Bu, artıq kinoda ikinci rolum idi. “Sürəyya” filminin Belarusiyada və Azərbaycanda lentə alınan çəkilişləri bitdikdən sonra təyinatla məni Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına göndərdilər. Naxçıvan teatrında aktyor kimi fəaliyyətə başladığım ilk gündən rejissorların –  Vəli Babayev, Vaqif Əsədov və Əliqismət Lalayevin aktyor kimi diqqətini çəkdim. Hazırlanan tamaşalarda bir-birinin ardınca əsas və baş rollarda çıxış etdim. Qısa bir müddətdə tamaşaçıların rəğbətini, deyəsən, qazana bilmişdim.

Beləcə, Rza Xudiyev Naxçıvan teatrının səhnəsində Nazim Hikmətin, Rəşad Nuri Güntəkinin, Yucin O Nilin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Nəriman Nərimanovun, Üzeyir Hacıbəyovun, Səməd Vurğunun əsərlərində, ümumilikdə, 80-dən yuxarı xarakter səviyyəsinə yüksələn rollar yaradır. 1990-cı ildə yenidən, kinorejissor Hüseyn Mehdiyevin öz ssenarisi əsasında çəkdiyi “Şahid qız” filmində Orxan obrazına dəvət olunur. Bir neçə namizədin arasından uğurla sınaqdan çıxandan sonra bu filmdə baş rola çəkilir. O öz yaradıcılığını tək teatr və kino sahəsində deyil, həm də Naxçıvana gəldiyi ilk gündən yaradıcılığın fərqli sahələrində – televiziya və radioda da davam etdirir. İlk illərdə Naxçıvan televiziyasının və radiosunun hazırladığı bir sıra tamaşa və bədii verilişlərdə iştirak edir. Hətta 2001-ci ildə oranın əməkdaşı kimi bir il ərzində bədii verilişlər də hazırlayır. Xalq artistimiz öz sənət ömrünə xəyali ekskursiya edərək ötən günlərdən söhbət açır:

– Rol aldığım tamaşalarla ölkəmizin bütün bölgələrində, o cümlədən Türkiyə Respublikasının və İran İslam Respublikasının müxtəlif şəhərlərində qastrol səfərlərində olmuşam. Eyni zamanda İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən Azərbaycan mədəniyyəti günlərində ölkəmizi, Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən Naxçıvan mədəniyyəti günlərində isə muxtar respublika mədəniyyətini təmsil etmişəm. Bir sözlə, xidmətlərimə və təcrübəmə görə mənə etibar edilir. Bəlkə də, elə buna görədir ki, 2010-cu ildən 2014-cü ilə kimi teatrda direktor müavini işlədiyim Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2014-cü ildən bu günə kimi direktor vəzifəsində çalışıram. 

Geriyə baxanda özümdən sonra sənət aləmində bir izimin olduğunu görürəm. Bunu həm də sənət dostlarım, tamaşaçılarım deyirlər. Saydıqca görürəm ki, çəkdiyim zəhmətə həmişə dövlət tərəfindən yüksək qiymət verilib. 2007-ci ildə Teatr Xadimləri İttifaqının “İlin ən yaxşı kişi aktyoru” kimi Səməd Vurğunun “Fərhad və Şirin” tamaşasındakı Fərhad roluna görə “Qızıl Dərviş” mükafatına layiq görülmüşəm. Naxçıvanda bu mükafat bir rəhmətlik teatrşünas Cəlil Vəzirova verilib, bir də mən almışam. 2000-ci ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti”, 2006-cı ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 2008-ci ildə isə “Azərbaycan Respublikasının Xalq artisti” kimi fəxri adlara layiq görülmüşəm. 2002-ci ildə isə ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunan Azərbaycan Respublikası Prezidentinin mükafatını səhnə fəaliyyətimdəki uğurlarıma görə ilk alan aktyorlardan biri olmuşam. Yəni 2002, 2003 və 2012-ci illərdə belə bir dövlət mükafatına layiq görülmüşəm. 2019-cu ildə zəhmətim “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley medalı (1918-2018)” ilə dəyərləndirilib. Hər bir yaradıcı insanın sənətinə verilən yüksək dəyər milli mədəniyyətimizə verilən dəyərdir. Sənətkar ömrünü yaşatmaq, onu yaşından asılı olmayaraq, yeni yaradıcılıq uğurlarına ruhlandırmaq deməkdir. 

Yaradıcı insan ömrünün 60 illik bir zirvəsindən keçmişə boylanan sənətkar deyir:

– Yaradıcı bir insan üçün, düzünü deyim, bu ömür bəs etmir. Çünki yenə də səhnədə, kinoda oynamaq istəyirsən. Hələ yaratmaq arzusunda olduğun obrazlar var. Amma bir insan kimi Tanrının verdiyi çox böyük nemətdir. İndi həyatıma sənət taleyimdəki uğurlarla yanaşı, qızımla oğlumun övladları – 3 nəvəm də qatılıb. Nə bilim, məncə, bu günə qədər ömrümü mənalı və dəyərli yaşamışam. Təzədən dünyaya gəlsəydim, yenə də belə yaşayardım. Sənətdə və həyatda həmişə üzüağ, alnıaçıq olmaq uzun zaman yaddaşlarda qalmaq üçün əsas şərtdir. Bunu gənc nəslə, səhnədə ilk kövrək addımlarını atan bütün aktyorlarımıza tövsiyə edirəm.  

Biz də müasir mədəniyyət tariximizə öz adını Naxçıvan səhnəsində canlandırdığı unudulmaz obrazları, özünəməxsus sənətkarlıq dəstxəti, ifa tərzi ilə yazan sənətkara cansağlığı və uzun ömür arzulayır, 60 illik yubileyini bir daha təbrik edirik! 

Səməd Canbaxşiyev
Naxçıvan Muxtar Respublikasının 
Əməkdar artisti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: