Naxçıvanda Milli Teatr Günü qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova teatr sənətinin inkişaf tarixindən, Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə göstərilən hərtərəfli qayğıdan danışıb.

Qeyd edib ki, qədim diyarımızda fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtlarının səmərəli təşkilində əhəmiyyətli rol oynayır.

Nazir vurğulayıb ki, müstəqillik illərində Naxçıvan teatrının tədqiqi ilə bağlı bir sıra uğurlu işlər həyata keçirilib, monoqrafiya və kitablar, o cümlədən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə “Naxçıvan teatrının salnaməsi” kitabı nəşr olunub.

Naxçıvan Dövlət Universitetinin “Aktyorluq sənəti” ixtisasını bitirən gənclər istər dövlət, istərsə də xalq teatrlarında yaratdıqları obrazlarla teatrsevərlərin qəlbinə yol tapırlar. Həmçinin muxtar respublikada teatr sənətinin inkişafında xidmətləri olan yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlara layiq görülürlər.

Tədbirin bədii hissəsində Xalq yazıçısı Elçin Əfəndiyevin "Teleskop" əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə hər il martın 10-u Milli Teatr Günü kimi qeyd edilir.

Mədinə Rəhimli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: