Teatr fədailəri olan qadınlar - FOTOLAR
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcılıq tarixində qadınların xüsusi rolu olub. Belə ki, 1883-cü ildə yaradılan sənət ocağının səhnəsində əvvəllər tamaşalardakı qadın rollarını daha çox gənc oğlanlar və ya başqa millətlərdən olan qadınlar ifa edirdilər. Bu isə tamaşaçının diqqətini çəkir, başqa millətlərdən olan qadınların danışıqları, bizim ifadələrimizin deyilişində tələffüz çətinlikləri hətta gülüş doğururdu. Lakin 1920-ci illərdən başlayaraq bu problemin aradan qaldırılması üçün ciddi təşəbbüslər ortaya qoyuldu. Bununla bağlı “Naxçıvan teatrının salnaməsi. 1883-2010” kitabından oxuyuruq: “1921-ci ildə Naxçıvanın fövqəladə komissarı V. Vəlibəyovun təşəbbüsü ilə Naxçıvanda həvəskar qadın aktyorlar tərəfindən “Arşin mal alan” komediyası tamaşaya qoyularaq naxçıvanlı qadınlara göstərilib. Tamaşada Süsən Sultanova- Soltan bəy, Dilbər Sultanova – Gülçöhrə, Gövhər Kəngərli –Xala, Günəş Kəngərli-Əsgər, Tovuz Nəcəfova –Süleyman, Xavər xanım Əliyeva-Vəli, və Qəmər Nəcəfova (Əliqulu Qəmküsarın qızı) –Telli rolunda çıxış ediblər”. Bu tamaşadan sonra naxçıvanlı qadınların teatra marağı artmağa başladı.
1923-cü ildə Naxçıvana gələn qüdrətli aktyor və rejissor Abas Mirzə Şərifzadə iyun ayında burada H. Cavidin “İblis” əsərini səhnəyə qoyur. Həmin tamaşada Bakıdan gələn aktrisalar Tanailidi və Mərziyə Davudova da qadın rollarını (Rəna və Xavər) oynayırlar. Azərbaycan Dövlət Türk Teatrının Naxçıvana ilk qastrolu buradakı teatrsevərlər üçün çox yaxşı yaradıcılıq məktəbi olur.
1924-cü ilə görkəmli sənətkar Kazım Ziya Naxçıvanda teatr hərəkatına öz töhfəsini vermək üçün Bakıdan bura dəvət olunur. Bu isə yeni yaradıcılıq üfüqlərinin açılması demək idi. Kazım Ziya hiss edirdi ki, Naxçıvan Dövlət Türk Teatrında kişilərdən ibarət çox güclü və istedadlı aktyor truppası olsa da, qadınların, demək olar ki, yoxluğu bu istiqamətdə çətinliklər yaradır. Ona görə də bu işə xüsusi fikir verir və həmin il Zina Budaqova və Nadirə Rzayeva kimi aktrisalar teatra cəlb olunurlar. Nəticədə isə qadın aktrisaların olmaması üzündən repertuara salınmayan tamaşalar oynanılmağa başlayır. Nadirə Rzayeva teatrda az işləsə də, Zina Budaqova Gültəkin (“Aydın”), Dezdemona (“Otello”), Xumar (“Şeyx Sənan”), Ofelya “Hamlet”, Firəngiz (“Oqtay Eloğlu”) kimi maraqlı və mürəkkəb rollar oynaya bilib.
Bundan sonra Naxçıvan Teatrının səhnəsində digər qadınların da ifasında rollar oynanılmağa başlandı. 1927-ci ildə sonradan Azərbaycan Respublikasının Əməkdar artisti olan Xədicə Qazıyeva, Xalq artisti Firuzə Əlixanova, əməkdar artist Pakizə Məmmədova səhnədə görünməyə başladılar. Bu çox böyük uğur idi. Çünki həmin illərdə Teatrda faciə, dram, komediyalarla yanaşı, operalara da quruluş verilirdi. Maraqlı faktlardan biri də odur ki, Naxçıvan Teatrı bəlkə də ölkədə yeganə sənət ocağıdır ki, burada bütün janrlara müraciət edilib və müxtəlif səpkili tamaşalar oynanılıb. Operalarda oynayan aktyor və aktrisaların, demək olar ki, heç biri musiqi notu bilməyib, amma öz oyunlarını, partituralarını peşəkar musiqiçilər səviyyəsində ifa ediblər.
1940-cı illərdə sonradan Xalq artisti olacaq Zəroş Həmzəyeva, Sofya Hüseynova, Roza Cəfərxanovanın səhnədə çıxışları artıq teatrda yeni bir yaradıcılıq dövrünün başlanğıcı idi. Xədicə Qazıyeva, Firuzə Əlixanova, Pakizə Məmmədova ilə yanaşı bu gənc aktrisaların da oyunları rəğbətlə qarşılanırdı. Digər maraqlı fakt isə odur ki, bu aktrisaların heç biri teatr təhsili görməmiş, öz istedadları sayəsində sənətdə özlərinə yer tutmuşlar.
Bundan sonra Naxçıvan Teatrının səhnəsində Xalq artisti Zemfira Əliyeva, Əməkdar artist Sona Mirzəyeva, Xalq artisti Yasəmən Ramzanova, Əməkdar artist Nəzakət Xudiyeva öz mükəmməl oyunları ilə tamaşaçıları heyran edirdilər. Artıq teatrda əvvəllər kişilərin xeyrinə üstünlük təşkil edən tarazlıq bərpa olunmuşdu. İndi bütün rolları ustalıqla oynayan qadın və kişi aktyorlardan ibarət truppa formalaşmışdı. Bunun nəticəsi idi ki, Naxçıvan teatrının tamaşaları respublika və keçmiş SSRİ məkanında təqdim edilir, oyunlar geniş müzakirələrə, müsbət rəylərə səbəb olurdu. Hətta 1987-ci ildə Tbilisidə keçirilən beynəlxalq teatr festivalında Naxçıvan teatrı Sofoklun “Elektra” tamaşası ilə iştirak edir. Tamaşada baş rolu –Elektranı Xalq artisti Zemfira Əliyeva oynayır. Bu rol bütün dünyadan gələn teatr tənqidçilərinin diqqətini çəkir. “Klassik əsərlər hər hansı bir teatrın simasını, onun nəyə qadir olduğunu təyin edən amillərdən biridir. Mən çox böyük sevinclə Naxçıvan teatrının məharətlə tamaşaya qoyduğu “Elektra” faciəsinə baxdım. Naxçıvan teatrının “Elektra” tamaşasının rejissor konsepsiyası, teatr vasitələrindən ustalıqla istifadə edilməsi, ümumi sənət iqlimi, daha doğrusu, tamaşanı xeyli zənginləşdiribdir. Mən bu festivalda bildim ki, Naxçıvan teatrı əsaslı, köklü sənət ocağıdır”, - bu fikirlər tamaşaya baxıb heyran olan rus teatrşünası Anatoli Afanasyevə məxsusdur.
Ənənə bu gün də davam edir. İndi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Xalq artisti Yasəmən Ramazanova, Azərbaycan Respublikasının Əməkdar artisti Nazlı Hüseynquliyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Günay Qurbanova, Kəklik Novruzova uğurlu rolla oynayır. Gənc aktrisa Şölə Alışova isə Prezident mükafatına layiq görülüb. Teatrda aktrisalarla yanaşı Həcərxanım Məmmədova həm də peşəkar təhsilli bir rejissor kimi tamaşalar hazırlayır. Eyni zamanda gənc aktrisaların teatra cəlb edilməsi, onlar üçün münbit yaradıcılıq şəraitinin yaradılması da prioritet məsələ kimi həmişə aktualdır.
Biz çox çətin olan teatr sənətinin istər yaradıcı, istərsə də texniki sahədə yaşadılmasında öz rolu olan qadın sənətkarlarımıza bundan sonra da uğurlar arzulayırıq.
Səməd Canbaxşiyev
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti