Teatr elə bir sənətdir ki... - FOTOLAR
Teatrın nə olduğunu öyrənmək, teatra getmək, teatra baxmaq, hətta teatr haqqında düşünmək də zaman-zaman insanlar üçün maraqlı olub. Teatrın vətəni qədim Yunanıstan olsa da, tezliklə yunan dilində “tamaşa yeri” mənasını verən teatr bütün dünyaya yayıldı. Teatrı çox sevən yunanlar onu həm də “böyüklər üçün məktəb” adlandırırdılar.
Qədim yunan əfsanələri teatra olduqca zəngin mövzu verirdi və beləliklə ilk tragediyalar adlanan pyeslər yaranırdı. “Tragediya” sözü yunanca “keçilər mahnısı” deməkdir. Tragediyalarda qəhrəmanlar arasında gedən kəskin mübarizə, onların iztirabları, faciəsi təsvir edilirdi.
Gülməli səhnəciklərdən isə şən və məzəli pyeslər - komediyalar yarandı. Yenə də yunan sözü olan “komediya” “şən sakinlərin mahnısı” deməkdir. Yunanlar tamaşa günündə sübh tezdən yemək-içmək götürüb teatra toplaşardılar. Tamaşa qurtardıqda xüsusi komissiya tamaşaçıların rəyini nəzərə alaraq qalib adını ən yaxşı pyes müəllifinə və ən yaxşı aktyorlara verərdi. Onlar çələng və qiymətli hədiyyələrlə mükafatlandırılardılar.
Teatr sonralar qədim Romada, Şərq ölkələrində- Çində, Hindistanda, Yaponiyada geniş yayıldı. Dünyada 1948-ci ildə teatr ictimaiyyəti rəsmi olaraq UNESCO-nun himayəsi altında Beynəlxalq Teatr İnstitutunda birləşdi. Dünya teatr xadimləri və təşkilatlarının iştirakı ilə 1961-ci il martın 27-də Vyanada ilk teatr konqresi toplandı. Konqres iştirakçıları belə qərara gəldilər ki, martın 27-də ilk dəfə dünya teatr xadimləri bir araya toplandığı üçün həmin gün Beynəlxalq Teatr Günü kimi qeyd olunsun.
Bəlkə də bu bir təsadüfdür ki, Beynəlxalq Teatr Günü də, Azərbaycanda Milli Teatr Günü də mart ayının payına düşür.
Teatr elə bir sənət aləmidir ki, ona məhəbbət əvvəl ailədə, sonra məktəbdə, daha sonra ali məktəb səviyyəsində təlqin olunmalıdır. Azərbaycanda fəaliyyət göstərən teatrlarımızın əksəriyyətində uşaq, yeniyetmə və gənclərimiz üçün müxtəlif janrlarda, müxtəlif mövzularda kifayət qədər tamaşalar hazırlanır. Teatr sənəti bu sahəyə maraq göstərən hər kəsi öz sehrinə salmaqla kifayətlənmir. Teatr həm də ən gözəl tərbiyə növüdür. Bir çox dövlətlərin tədris sisteminə nəzərə salsaq görərik ki, onlar orta ümumtəhsil məktəblərində teatr sənəti ilə bağlı xüsusi fənn keçirlər. Şagirdlər ədəbiyyat dərsində kitaba salınan əsərləri məhz teatrda izləyir və onun haqqında öz fikirlərini bildirirlər. Bu da onlarda sərbəst fikir bildirmə, özünə inam, müzakirə mədəniyyəti formalaşdırır.
Müşahidələrimizə əsaslanaraq demək olar ki, dünyadakı "Beynəlxalq hörümçək toru”, sosial şəbəkələr, planşetlər, kompüterlər uşaqlarımızı reallıqdan, təbiilikdən, kütlə ilə, ailə ilə canlı münasibətlərdən uzaqlaşdırır. Tədricən onlarda sərbəst fikir bildirmə, özünü ifadə etmə bacarıqlarını zəiflədir. Hər gün işə gedən, çalışan valideyn övladlarını teatra aparmağa vaxt çatdırmırsa, bu işlə məktəblərin tədris proqramı çərçivəsində məşğul olması yaxşı olardı. Düşünürəm ki, yetişməkdə olan gənc nəslin nümayəndələri arasında milli mədəniyyətimizin və incəsənətimizin təbliği, məktəblilərdə teatr sənətinə marağın artırılması məqsədinə xidmət edən teatr müsabiqələrində ibtidai sinifdən XI sinfə qədər şagirdlərin tam şəkildə iştirakını təmin etmək təqdirəlayiq bir işdir. Muxtar respublikamızda bu sahədə son illər çox səmərəli işlər aparılır. Məktəblərdə dram, bədii qiraət, rəqs, pantomima dərnəklərinin fəaliyyəti gücləndirilməklə bu cür dərnəklər, milli teatr sənətinin əsas kadr potensialının təmin etdirilməsində böyük əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən də yetişməkdə olan gənc nəslin milli mədəniyyət və incəsənətimizin təbliği, məktəblilərdə teatr sənətinə marağının artırılması məqsədilə həyata keçirilən tədbirlər silsilə xarakter almalıdır. Çünki teatr sənəti gənclərin ümumi dünyagörüşünün inkişafında çox böyük rol oynayır. Dünya təcrübəsində təhsilin keyfiyyətinin artmasına teatr sənətinin ciddi təsir göstərməsi danılmaz faktdır, şagirdlər kütləvi şəkildə teatrlara gedir, ədəbi əsərlər bu yolla şagirdlərin yaddaşında daha yaxşı qalır. Xüsusən də, ədəbiyyat fənnindən keçirilən, dərs proqramına salınan əsərlərin teatrda tamaşaya qoyulması şagirdlərin bu əsərləri mənimsəməsinə müsbət təsir göstərir.
Muxtar Respublikada teatr və incəsənət sahələri üzrə ixtisaslı kadrların hazırlanması işinə də xüsusi əhəmiyyət verilir. 2011-ci ildə Naxçıvan Dövlət Universitetində Teatr və Mədəniyyətşünaslıq kafedrasının və “Aktyor sənəti” ixtisasının fəaliyyətə başlaması ixtisaslı aktyor kadrlara olan tələbatın ödənilməsi probleminin həll edilməsində mühüm əhəmiyyət kəsb edir. Bu işdə ali teatr məktəbləri ilə yanaşı, universitetlərdə yaradılan studiyalar da əhəmiyyətli rol oynayır. Artıq belə studiyaların fəaliyyətlərinin, bir çox universitetlərdə genişlənməsi müşahidə olunmaqdadır.
Bu əlamətdar tarixi Milli Teatr Günü kimi hər il Naхçıvan Dövlət Univеrsitеti, İncəsənət fakültəsi Teatr və mədəniyyətşünaslıq kafedrasının bütün müəllimləri və tələbə-aktyor heyəti ilə birgə qeyd edirik.
Naxçıvan Dövlət Universitetində 20 ildən artıqdır ki, fəaliyyət göstərən Tələbə Teatr Studiyasının təcrübəsi buna layiqli nümunə sayıla bilər. Tələbə Teatr Studiyası universitetin mədəni həyatının tərkib hissəsinə, çoxminli kollektivin mənəvi-estetik ehtiyaclarının ödənilməsi işinə xidmət edən mədəniyyət ocağına çevrilibdir. Aktyorluq ixtisası ilə yanaşı müxtəlif ixtisaslarda təhsil alan tələbələri öz ətrafına toplayan bu studiya hazırladığı tamaşalarla nəinki universitetin müəllim və tələbə heyətinin rəğbətini qazanıb, həmçinin muxtar respublikanın mədəni həyatında, respublikamızdan kənarlarda da uğurlar əldə edib.
Bu illər ərzində minlərlə gənc, istedadlı tələbə studiyamızın üzvü olaraq teatr, yallı və rəqs, bədii qiraət qruplarında fəaliyyət göstərib, oynadıqları bir çox maraqlı tamaşaları, yallı və rəqsləri, müxtəlif səpkili tədbir və proqramlardakı bədii qiraətləri və maraqlı obrazları ilə universitetin mədəni həyatına xüsusi rəng qatıblar.
2018-ci ildə studiyanın 20 illik fəaliyyətini əks etdirən ”NDU Tələbə Teatr Studiyası–20” adlı kitab nəşr olunub.
1999-cu ildə “Beyrəyin andı”, 2000-ci ildə “Atatürk”, 2001-ci ildə “Anamın kitabı”, 2004 -cü ildə “Ölülər”, 2005-ci ildə “Poçt qutusu”, “Milaxda həyəcan”, 2006-cı ildə ”Danabaş kəndinin məktəbi”, 2012 -ci ildə “Qəribə adam”, 2013-cü ildə “Zəncirlənmiş Prometey”, 2014 -cü ildə “Sarı gəlin”, 2015-ci ildə “Boz”, 2016-cı ildə “Bir, iki bizimki”, 2017-ci ildə ”Vaxtsız gələn qonaq”, “Emiliya Qalotti”, 2019-cu ildə “Burla Xatun”, 2020-ci ildə “Dörd nəfərlik etüd“ tamaşaları hazırlanıb və nəhayət, 2021-ci ildə isə N.Gəncəvinin Yeddi gozəl poeması motivləri əsasında ssenariləşdirilmiş “Xeyir və Şər” tamaşası muxtar respublikada böyük Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı Tələbə Teatr Studiyaları arasında keçirilən müsabiqədə birinci yerə layiq görülüb.
Studiyanın bu sadaladığımız tamaşaları muxtar respublikanın rayonlarında, Bakıda, o cümlədən Türkiyənin müxtəlif şəhərlərində və universitetlərində uğurla nümayiş etdirilib.
Teatr insanlığı mənəvi aşılanmaya qarşı mübarizəyə ruhən və mənən həmişə hazır olmağa çağıran bir tribunadır. Tələbə Teatr Studiyasının repertuarında vətənpərvərlik, ədalətlilik, prinsipiallıq, ideal liderlik, yüksək keyfiyyətlərə malik şəxsiyyət, yüksək mənəvi dəyərlərə, milli və ümümbəşəri xarakterə sahib olan obrazların olduğu tamaşalara üstünlük verib. Çünki belə obrazlar müstəqil dövlətçilik ənənələrinə sadiq olan yeni nəslin estetik zövqünün və düşüncə tərzinin formalaşmasında mühüm rol oynayır. Bu günə qədər hazırlanan tamaşalarda, eyni zamanda müstəqillik uğrunda mübarizə, xalq və rəhbər, millət və lider birliyinin gücünü, həmçinin dilimizi, milli mənliyimizi, mentalitetimizi qorumağa çağıran monoloqlar öz əksini tapıb.
Bu il Azərbaycan teatrı 149 yaşını qeyd edir. 1873-cü il martın 10-da görkəmli maarifçilər Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin (Adıgözəlov) təşəbbüsü ilə M.F. Axundzadənin "Lənkəran xanının vəziri" əsəri Bakı Realnı Məktəbinin şagirdlərinin iştirakı ilə "Nəciblər klubu"nda oynanıldı və o gündən Azərbaycanda peşəkar teatrın əsası qoyuldu. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıb. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-messenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə azərbaycanlı teatr xadimləri yetişib.
Azərbaycan teatr tarixindəki bu əlamətdar hadisədən 10 il sonra, Eynəlibəy Sultanovun rəhbərliyi ilə mütərəqqi Naxçıvan ziyalılarının yaratdığı “Müsəlman incəsənəti və dram cəmiyyəti” tərəfindən ilk dəfə 1883-cü ilin may ayının 11-də Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah cadüküni-məşhur” əsəri Hacı Nəcəf Zeynalovun evində tamaşaya qoyuldu. Bu tamaşa ilə də Azərbaycan teatrının bir qolu olan Naxçıvan teatrının əsası qoyuldu.
Əlbəttə ki, bu peşəkar teatrın tarixidir. O dövrdə Azərbaycan teatrı Avropada və Rusiyada təhsil almış yerli ziyalıların, maarifçilərin sayəsində Avropa teatr modelini qəbul edir və maarifçi missiyasında peşəkarlaşdılar.
Əlbəttə, xalqın milli oyun mədəniyyətinin yaşı bundan qədim zamanlara gedib çıxır. Yerin, göyün sirlərlə dolu olduğu qədim zamanlarda adamlar odla, suyla, torpaqla, yellə ünsiyyət qurur, danışırmışlar. Oyun mədəniyyətimizdəki "Sayaçı", "Novruz", "Kəvsəc", “Xıdır Nəbi”, “Qodu-qodu”, "Kosa-gəlin" kimi tamaşalar insanın təbiətlə unikal, mistik ünsiyyət formalarının mövcud olduğunun ən gözəl nümunələridir.
Cəmiyyət həyatında zamanın yaddaşı da, tələbi də nəsillərə örnəkdir və bu günün teatr repertuarı da zamanın tələbinə görə təyin olunmalıdır. Bu mənada repertuar seçimində təcrübəli teatrşünaslarla və rejissorlarla da məsləhətləşmək və dövrümüzün yeni ictimai-mədəni həyatının simasını əks etdirən, xalqımızın qəhrəmanlıq səhifələrini əks etdirən mövzular daxil etmək lazımdır.
Gülxarə Əhmədova
Naхçıvan Dövlət Univеrsitеti Filologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Teatr Xadimləri ittifaqının üzvü
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi