Muxtar respublikanın incəsənət xadimləri Ərzurum şəhərində qastrol səfərində olublar - FOTOLAR
2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa ili” elan edilməsi ili əlaqədar Azərbaycanın Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə Atatürk Universitetində Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin ifasında rəngarəng musiqi proqramı və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivinin təqdimatında tamaşa təqdim edilib.
Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarının təqdimatında çex yazıçısı Karel Çapekin “Ana” əsəri əsasında hazırlanan eyniadlı tamaşa alqışlarla qarşılanıb. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Həcərxanım Məmmədova, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, rejissor assistenti isə Səyyad Məmmədovdur. Tamaşada Zəminə Məmmədova, Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli, Ələsgər Quliyev, gənc aktyorlardan Səyyad Məmmədov, Məmməd Mehdiyev, Uğur Nəsirli və Nurlan Sultanlının yaratdığı obrazlar tamaşaçıların marağına səbəb olub.
Daha sonra Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin ifasında konsert proqramı təqdim edilib. Bədii-rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayev, rejissoru Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, dirijorları Cahangir Qurbanov və Elvin Əliyarov olan konsert proqramı 1 saat 30 dəqiqədən çox davam edib. Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfovun, Gülyanaq Fərzəliyevanın, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Zülfiqar Mahmudovun, Ruhiyyə Hüseynovanın, Tural Bağırovun, gənc və istedadlı müğənnilər Nərmin Hüseynovanın və İlkin Abdullayevin ifasında təqdim olunan xalq mahnıları və Azərbaycan bəstəkarlarının bir-birindən gözəl və rəngarəng musiqi nömrələri, həmçinin rəqs kollektivlərinin maraqlı çıxışları tamaşaçıların zövqünü oxşayıb.