Kainatı isidən Günəşin simvolu ilə bağlı OD ÇƏRŞƏNBƏSİ - Xalq təqvimi

Əzəli yurd yerlərimizdə Vətən sevgisinin hərarəti ilə alovlanan odumuz-ocağımız daim yanar olsun

A- A A+

İlaxır çərşənbələrin sonuncusu Od çərşənbəsidir. Ayin və ritualların zəngin olduğu bu çərşənbəni xalq təntənəli şəkildə qeyd etməyi özünə borc bilir... İlin son ayının 4 çərşənbəsi xalq təqviminə əsasən ilaxır çərşənbələr adlanır. Su, Torpaq, Yel ünsürünün ardınca Günəş, istilik simvolu olan Od çərşənbəsi torpağı, tamamilə, dirildir, canlandırır.  Dünyanın yaranmasında iştirak edən təbiətin dörd ünsüründən biri olan Od əski çağlardan türkün dünyagörüşündə müqəddəs bilinən anlayışlardandır. Od çərşənbəsi Günəşə, oda, odu qoruyub saxlama inamına əsasən yaranmışdır.

Qədim türk mifologiyasına görə, odu Göy Tanrı veribdir. Şamanizmdə odun saflaşdırıcı gücünə inanılmış, ona görə də bədxah ruhların vurduğu mənfi təsirdən qorunmaq üçün odun təmizləyici gücündən istifadə edilmişdir. 

Od çərşənbəsinə xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “addı çərşənbə” də deyirlər. Od qədim türklərdə müqəddəs hesab edilir. Muxtar respublikamızın bölgələrindən toplanmış folklor örnəkləri arasında odla bağlı müxtəlif  inanc nümunələri mövcuddur. Çox qədimdə təzə anadan olmuş uşağı odun, ocağın başına dolayar, sonra ananın qucağına verərdilər. Bununla uşağın paklandığına inanardılar. Əgər bu üsulla uşaq paklanmazsa, o, natəmiz hesab edilər, ana onu rahatlıqla qucağına ala bilməzdi. Bu mərasimin izləri elə ərazidə xalq yaddaşında yaşayan “Çevir ocağa, al qucağa” məsəlində özünü qoruyub saxlamışdır. 

Odla bağlı müxtəlif folklor örnəkləri də məlumdur ki, bunlara kiçik janr nümunələri sırasında daha çox rast gəlmək mümkündür. “Od yanan yerdən tüstü çıxar”, “Od qalar köz olar, qız qalar söz olar”, “Od qalayıb oda düşmüşük” kimi atalar sözləri; “Çərşənbədə ocağı boş qoymazlar”, “Ocaqda kül titrəyəndə od xeyrə oynayar” kimi inanclar; “Ocağın bərəkətli olsun”, “Ocağın sönməsin”, “Ocağına nur çilənsin” kimi alqış nümunələri qədim türk mədəniyyətində od-ocaq anlayışı ilə bağlı arxaik düşüncəni ifadə edir. Muxtar respublikamızın bəzi bölgələrindən toplanılan xalq yaradıcılığı örnəklərinə əsasən söyləmək mümkündür ki, Od çərşənbəsinin xarakterik xüsusiyyətlərindən biri də həmin gün qalanmış tonqal ətrafında yallı rəqsinin icrasıdır. Məlum olduğu kimi, qədim türk ənənəsində müxtəlif ayin və mərasimlər zamanı yallı rəqsinin icrası mütləq sayılırdı. Məhz Od çərşənbəsində tonqal ətrafında yallı rəqsinin icrası od hamisinə olan inancın qalıqlarını nümayiş etdirir. Tonqal ətrafında yallının icrası da od hamisinə olan ənənəvi təsəvvürdən irəli gələn hörmət və ehtiramı ifadə edir.  

Qeyd edək ki, ilaxır çərşənbə  –  Od çərşənbəsi çərşənbələrin mərasim, ayin, etiqad, oyun və şənliklərilə ən zəngin olanıdır. Naxçıvanda Novruz bayramı ərəfəsində  təkcə Od çərşənbəsində deyil, bütün ilaxır çərşənbələr zamanı axşamlar evlərin həyətində tonqallar qalanır. Ordubad rayonunda  Novruzun ən çox sevilən ərəfəsi – ilaxır çərşənbə, yəni Od çərşənbəsi “Yeddiləvin” adlanır. Yeddiləvin zamanı oğlan evi qız evinə şirni apararkən orada şirniyyatın müxtəlif növlərindən olur. Buna görə də şirni növünün çoxluğunu göstərmək məqsədilə ona “yeddilövün”, “yeddiləvin”, “yeddilöyün” adı vermişlər. Həmin gün süfrələrə cürbəcür nemətlər düzülür. Bu nemətlər, əsasən, 7 adda olmalıdır. Belə ki, bu adət Azərbaycanın başqa regionlarında da özünü göstərməkdədir. Bəzi yerlərdə “yeddiləvin”ə “yeddisin” də deyirlər. Yeddiləvin axşamı tonqallar qalanır. Əhalinin bayram uğurunu – sevincini ifadə edən ən möhtəşəm tonqal həm də dağların uca nöqtəsində yandırılır. Hamının bir-birinə bu barədə ilk sualı belə olur: “Görəsən, Bəlkədə tonqal qalanıbmı?” Bəlkə dağında tonqalın qalanması hamının bayram sevincini birə-beş artırır.

Od çərşənbəsində Naxçıvan ərazisində icra olunan adətlərdən biri də danatma mərasimidir. Ordubad rayonundan topladığımız folklor örnəklərinə əsasən mərasim ərazinin gənc oğlan və qızları arasında keçirilir. Bir məhəlləyə toplaşan gənclər bir nəfəri seçərək onu yaxınlıqdakı çeşmədən su gətirməyə göndərirlər. Su gətirməyə gedən gəncə göstəriş verilir ki, o, yolboyu susub danışmamalıdır. Əgər danışarsa, gətirdiyi su təmiz hesab edilməz. Qoyulan şərtin icra olunub olunmadığını yoxlamaq üçün bir nəfəri onu güdmək üçün təyin edirlər. Əgər şərtə düzgün şəkildə əməl olunubsa,  həmin su təmiz hesab edilir, mərasimdə iştirak edən hər kəs həmin sudan həm içir, həm də o sudan növbəti mərasim – Vəsfi-hal mərasimi üçün istifadə edirlər. Eyni zamanda suyu gətirən gənc də mükafatlandırılır. Vəsfi-hal mərasimi isə ancaq qızlar arasında keçirilir. Təmiz hesab edilən su bir cama tökülür. Cama mərasim iştirakçısı olan qızların üzük, sırğa və digər bəzək əşyaları da atılır. Mərasimi icra edən başçı bayatı oxuya-oxuya əlini cama salır, kimin əşyası camdan çıxarsa, ifa olunan bayatı ilə onun gələcək taleyini “müəyyən edirlər”. 

Naxçıvan inancları arasında ilaxır çərşənbənin ritual özəlliklərini daşıyan nümunələr olduqca çoxdur. İnanc, sınama, ovsun, falabaxma  nümunələri isə bu baxımdan daha aktivdir:

Deyərlər ki, ilaxır çərşənbə gecəsi obaşa yaxın çayın suyu dayanar, söyüdlər başını əyib torpağa dəyər. Bu vaxt hər niyyət yerinə yetər.

İlaxır çərşənbədə qızlar əlində güzgü tutarlar. Ayın şəkli düşər güzgüyə. Şəklin içində oğlan əksi görünsə, sevdiyi oğlana gedər, – deyərlər.

İlaxır çərşənbə Od çərşənbəsi olduğundan həmin gün qalanmış ocağın külündən götürüb suya tökərlər. İlaxır çərşənbənin əsas mərasimlərindən biri qulaq falıdır. Qız-gəlinlər bir yerə toplaşar, yavaş-yavaş qonşu evlərinə gedərlər. İçəriyə daxil olar, ürəklərində arzu tutarlar. Arzu tutmazdan öncə ayaq altına qıfıl qoyarlar. Təşrif buyurduqları ev sakinlərinin həyətində, ya da qapısının ağzında kiminsə olmasından xəbərləri olmaz. Ev adamlarının dilindən səslənən hər bir sözlə mərasim iştirakçıları ürəklərində tutduğu arzularını yozarlar. Odur ki, ulularımızın tövsiyəsinə görə, ilaxır çərşənbədə  evdə xeyir saçan, xeyirli sözlər danışmaq məqbul sayılar. 

“Türkün alqışı alqışdır”, – deyən ulularımızın hikmətli söz xəzinəsindən aldığımız alqışlara qoşularaq deyirik ki, ocağımız sönməsin, Ulu Tanrı ocağımızdan ruzi-bərəkəti əskik etməsin, tonqallarımız Vətən torpağında hər zaman gur yansın! Biz tonqallarımızı işğaldan azad edilmiş doğma Qarabağımızda gerçəkləşmiş arzuların qəlbimizə çilədiyi sevinc odu ilə alovlandırırıq. Əzəli yurd yerlərimizdə Vətən sevgisinin hərarəti ilə alovlanan odumuz-ocağımız daim yanar olsun!

İlaxır çərşənbəniz mübarək! 

Aytən Cəfərova 
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
 filologiya üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: