“Artıq iki ildir xalqımız birlik, həmrəylik, bolluq, bərəkət rəmzi olan Novruz bayramını fərqli ovqatda, xoş əhval-ruhiyyə ilə qeyd edir. 2020-ci il Azərbaycan tarixinə Qələbə ili kimi yazıldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Ötən il dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Cıdır düzündə Novruz tonqalını alovlandırmaları qalib xalqın öz tarixi torpaqlarına qayıdışının təsdiqi oldu. Ölkə Prezidenti Cıdır düzündən müraciətində bu torpaqlarda əbədi yaşayacağımızı böyük əminliklə qeyd etməklə işğalçı dövlətə və ona havadarlıq edənlərə mesajlarını çatdırdı. Xalqımız bu anı səbirsizliklə gözləyirdi. Cıdır düzündən alovlanan tonqallar xalqımıza 30 illik torpaq həsrətini unutdurub Qələbə sevinci yaşatdı. Bu günlər işğaldan azad edilmiş torpaqlarımızda alovlanan bayram tonqallarının böyük rəmzi və tarixi əhəmiyyəti var. Biz öz tarixi torpaqlarımızdayıq.”
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Ulu öndər Heydər Əliyevin “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm» fikirlərini xatırladan YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Ümummilli Lider torpaqlarımızın işğaldan azad ediləcəyinə tam əmin idi. Bu əminliyə əsas verən Azərbaycanın düşünülmüş siyasəti, ən əsası tarixi faktlara, real məsələlərə əsaslanan təbliğatı və onların uğurlu nəticələri idi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini xüsusi qeyd etdi.
Vüqar Rəhimzadə Novruz bayramının özəlliklərindən, ənənələrindən bəhs edərək bildirib ki, hər bir dövləti, xalqı dünyada tanıdan onun siyasəti ilə yanaşı, milli-mənəvi dəyərləri, adət-ənənələri, mədəniyyəti və elmi potensialıdır: “Zəngin tarixə, adət-ənənələrə malik olan Azərbaycan xalqı daim öz tarixi kökləri, milli-mənəvi dəyərləri, zəngin tarixi ilə fəxr etmişdir. Tarixi çox qədim olan Novruz bayramının xalqımız tərəfindən hər il böyük təntənə ilə qeyd olunması da bu bağlılıqdan qaynaqlanır. Dövlət başçısı İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriklərində də daim bu məqam xüsusi qeyd edilir ki, milli varlıq və mənəviyyat xəzinəsi olan Bahar bayramı müdrik əcdadlarımızın bugünkü nəsillərə misilsiz yadigarıdır. Kainatın dəyişməz ahəngi və əbədi qanunları ilə bağlı bu el bayramı zamanın sınaqlarından çıxmış çoxəsrlik mədəniyyətimizin parlaq təcəssümüdür.”
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı əsas istiqamətlərdən biri olub: “Novruzun qədim köklərə malik olduğunu bəyan edən ümummilli lider Heydər Əliyev bu bayramın imperiyanın sərt rejimi dövründə respublika miqyasında yüksək səviyyədə keçirilməsinə nail olmuşdur. Azərbaycan müstəqilliyini yenidən bərpa edəndən sonra xalqımız bu bayramı daha böyük təntənə ilə qeyd etməyə başladı. Novruza ümumxalq mahiyyəti verən ulu öndər Heydər Əliyev bayram şənliklərində hər zaman xalqla bir yerdə olmuş, milli birliyin və həmrəyliyin vacib amil olduğunu önə çəkərək onları bu prinsipləri yüksək səviyyədə qorumağa çağırmışdır. Novruzun ölkəmizdə bu gün də yüksək səviyyədə qeyd olunması ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin atdığı addımların məntiqi nəticəsidir. Hər il olduğu kimi, bu il də Novruz bayramını minlərlə soydaşımız ölkəmizin hüdudlarından uzaqlarda azərbaycançılıq düşüncəsinin işığında, qalibiyyət ruhunda qeyd edir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramının UNESCO-nun Qeyri-Maddi-Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə doldurur.”
Vüqar Rəhimzadə qeyd edib ki, Novruz bayramı təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Kökləri İslamdan əvvəlki tarixi dövrə gedib çıxan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. Məhz buna görə də 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.
Azərbaycanın müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşdiyini önə çəkən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılır: “Ölkəmizin beynəlxalq əhəmiyyətli humanitar forumlara ev sahibliyi etməsi də müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynamasından və bu mövqeyini günbəgün möhkəmləndirməsindən irəli gəlir. Məhz bu uğurlara söykənərək, dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu addımların atılmasında məqsəd ölkəmizin multikultural cəmiyyətlərin formalaşmasına və inkişafına töhfələrini daha da artırmaq idi. Azərbaycanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi də ölkəmizin milli-mənəvi dəyərlərinin qorunması, təbliği istiqamətində atdığı addımlardan qaynaqlanmışdır.”
Siyasi elmlər doktoru Novruz ənənələrindən bəhs edərək bildirib ki, bu ənənələr yazılan mahnıların, çəkilən filmlərin vasitəsilə təbliğ olunur, indiki və gələcək nəsillərə çatdırılır. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, milli-mənəvi dəyərlərimizi qorumalı və inkişaf etdirməli, onları yad ünsürlərdən qorumalıdır.
“Tarixi Zəfərimiz xalqımızın milli-mənəvi dəyərlərinə bağlılığının, torpaq, Vətən sevgisinin bir daha təqdimatı oldu” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən bu məqamı xüsusi qeyd edir ki, mənim prezidentliyim illərində Azərbaycanda torpaq uğrunda canını fəda etməyə daim hazır olan gənc nəsil yetişdi. Bu gənclik öz qanı-canı bahasına torpaqlarımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Ölkə Prezidenti bu çağırışı edir ki, amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. Tarixi Qələbəmizin qazanılmasında ilk növbədə, onlara, bütün Azərbaycan xalqına borcluyuq.
Vüqar Rəhimzadə birlik, həmrəylik, bolluq, bərəkət rəmzi olan Novruz bayramı münasibətilə xalqımızı təbrik edib, tarixi Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyərək onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.