Naxçıvanşünaslıq Mərkəzində “Naxçıvan yallıları” mövzusunda tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə mərkəzin elmi katibi Nihad Tarverdiyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı xalq yaradıcılığımızın digər nümunələri kimi, yallılarımızın da araşdırılması, təbliği və tədqiqinə başlanmasına rəvac verib. 2018-ci ildə “Yallı” (Köçəri, Tənzərə), “Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib, Naxçıvanda “Yallılar dünəndən bu günə” kitabı nəşr olunub.
Yallı və halay rəqsləri barədə geniş məlumat verən AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova qədim köklərə malik milli musiqi tariximizdə özünəməxsus yeri olan yallı sənətinin Naxçıvanda yaşadılması və təbliği istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırıb ki, xüsusilə Şərur bölgəsində yallının 100-dən artıq növü formalaşıb. Onların bir qismi bu gün də toy mərasimlərində, el şənliklərində yaşadılır.
Tədbirdə qeyd olunub ki, Gəmiqayada daş üzərində həkk olunan kütləvi rəqs elementləri Naxçıvanda yallı sənətinin çox qədim tarixə malik olduğundan xəbər verir.
Tədbirdə iştirak edən tələbələrin sualları cavablandırılıb, oxunması zəruri olan kitablardan ibarət sərgiyə baxış olub.
Aygün Hüseynova