Keyfli İsgəndərin ən yaxşı ifaçısı - İsgəndər Abdullayev - FOTOLAR
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında çox sənətkarlar həm səhnədə, həm də həyatda öz rollarını oynayıb, iz qoyub və tarixə qarışıblar. Hər birinin də haqqında yazılar yazılıb, məqalələr dərc olunub, tənqidi fikirlər söylənilib. Ancaq dərc olunan yazılarda özünə az yer tapsa da, teatr kollektivinin yaddaşında həmişəyaşar bir aktyor var - İsgəndər Abdullayev.
Naxçıvan teatrında bu aktyorun haqqında tez-tez danışırlar. Onu hamı təbəssümlə xatırlayır. 1946-cı ilin mart ayında Naxçıvanda dünyaya göz açan İsgəndər Abdullayev 1992-ci ilin mart ayının 17-də dünyasını dəyişib. Vəfatından 30 il keçsə də o, hələ də hər kəsin yaxşı yadındadır. Onun 1970-80-ci illərdə Naxçıvan teatrında oynadığı rollar həmişə orijinal olub.
Maraqlı faktlardan biri onun o zaman Mirzağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət institutunda oxuduğu illərlə bağlıdır. İmkansız ailədə doğulan İsgəndərin qeyri-adi istedadı olub. İnstitut illərində müəllimlərin diqqətini çəkib. Ancaq içkiyə aludə olması onun faciəsi idi. Buna görə də tez-tez tələbələrlə “icəşir”, dava edirdi. Hətta bu hərəkətlərinə görə üç dəfə institutdan qovulub. Ancaq hər dəfə istedadına görə Rza Təhmasib və o zamankı rektor Rahib Hüseynovun müdaxiləsi ilə təhsilə davamiyyəti yenidən bərpa edilib. Bu barədə hələ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxuyarkən İsgəndər Abdullayevin tələbə yoldaşı olan mərhum müəllimimiz Əlibaba Əliyev demişdi.
İsgəndər Abdullayev Naxçıvan Teatrında xalq artisti Əyyub Haqverdiyevdən sonra Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” komediyasında məşhur “Məşədi İbad”ı oynayan ən yaxşı aktyor olub. Hətta bu tamaşada o neçə rol, yəni başqa obrazları da oynayıb. Hər biri də digərindən fərqlənib. Onun oynadığı Məşədi İbad isə bu gün də yaşlı teatrsevərlərin yaxşı yadındadır. Aktyorun dostu, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Elxan Şeyxov onunla bağlı xatirələrini bölüşərək deyir:
– İsgəndər kimi aktyor Naxçıvan teatrında çox azdır. Ona bütün rollar yaraşırdı. İstər komediya, istərsə də dram janrlarında yaratdığı obrazları ondan sonra heç kim oynaya bilmirdi. Bir dəfə Mirzə Cəlilin “Ölülər” əsərini teatr tamaşaya qoymuşdu. O vaxt tamaşaları qəbul etmək üçün Bakıdan, Mədəniyyət Nazirliyindən mütəxəssislər gəlib əsərə baxırdı. İsgəndər də elə adaşını - Keyfli İsgəndəri oynayırdı. Ancaq dublyoru da vardı. Dublyora yaxın olan yaşlı aktyorlar təkidlə rejissordan paytaxtdan gələn mütəxəssislərin qarşısında onun oynamasını tələb edirdi. Ancaq İsgəndərin oyununu daha çox bəyənən rejissor, rəhmətlik Vəli Babayev fənd işlətdi. Razılaşdı ki, birinci hissədə həmin aktyor, ikinci hissədə isə İsgəndər bu obrazı oynasın. Nəticədə isə komissiya İsgəndərin oynadığı Keyfli İsgəndəri bəyəndi və orijinal olduğunu təsdiqlədi.
Başqa bir epizod isə onun oynadığı “Məşədi İbad”la bağlıdır. Tamaşaya içkili halda çıxan İsgəndər antrakda elə Məşədi İbadın geyimində və qrimində teatrdan çıxıb evlərinə gedibmiş. Onu axtarıb tapa bilməyən kollektiv məcbur qalıb ikinci hissəyə bu rolun digər ifaçısı Əyyub Haqverdiyevlə davam edir.
İş burasıdır ki, heç kim, hətta teatrın rəhbərliyi belə onun bu hərəkətlərindən incimirdi. Əksinə, onun istedadına hörmət edib hər dəfə güzəştə gedirdi. Bir dəfə isə uşaqlar üçün hazırlanan “Şahzadə və bacatəmizləyən” tamaşası ilə kəndə gediblər. Sən demə, texniki işçilər əsərin əsas qayəsi olan soba və bacanın dekorasiyasını unudub (Teatrda belə hallar olur). Əsərin qəhrəmanı olan Bacatəmizləyəni də İsgəndər Abdullayev oynayırdı. Orada dekorasiyasız elə bir oyun oynamışdı ki, hətta tamaşaçılar bu yoxluğu hiss etməmişdilər. Ancaq tamaşadan qayıdandan sonra özü uzun müddət bunu xatırlayıb: “Elxan, dədəmin canına, nə baca vardı, nə baca təmizləyən...”, - deyib gülürdü...
İsgəndər bir çox məşhur aktyorlarla birlikdə oxumuşdu. Ancaq içki onu məhv elədi. Hətta rəhmətlik Mikayıl Mirzəyev Naxçıvana qastrol səfərinə gələndə onu görüb qucaqladı: “İsgəndər, sən bizim qrupun gözü idin, niyə belə çox içirsən? Özünü məhv edəcəksən!”,- deyib kövrəldi.
İsgəndər Abdullayev 46 il ömür yaşadı. Ancaq onun oynadığı Məşədi İbad, Kefli İsgəndər, “Dəli yığıncağı”ndakı Heydər və onlarla obraz övladı kimi yaddaşlarda yadigar qaldı.
Səməd Canbaxşiyev
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti