Azərbaycan Milli Kitabxanası “Məmməd Səid Ordubadi – 150” adlı virtual sərgi hazırlayıb.
Kitabxanadan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, virtual sərgidə görkəmli Azərbaycan dramaturqunun müəllifi olduğu kitablar, həyat və yaradıcılığı haqqında dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.
M.S.Ordubadinin Azərbaycan tarixi və ədəbiyyatı üçün gördüyü işlər əvəzsizdir. Ədəbiyyatımızda tarixi roman janrının ilk rüşeymləri məhz onun qələmindən çıxmışdır. Onun yaradıcılığının böyük hissəsi bu janrla sıx bağlıdır. “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Qılınc və Qələm” və digər romanları Azərbaycanın çoxəsrlik zəngin tarixinin müxtəlif dövrləri haqqında oxucuda dolğun və dəqiq təəssürat yaratmaq iqtidarına malikdir.
M.S.Ordubadi bütün ömrü və yaradıcılığı boyunca mənsub olduğu xalqın milli ruhunu, mənafeyini həm ürəyində, həm də qələmində daşımış sənətkarlardandır. O, milli kimliyini çox yaxşı dərk edir, bəzən açıq, bəzən qapalı şəkildə bunu öz əsərlərində dilləndirməkdən də çəkinmirdi. Məhz buna görədir ki, illər keçməsinə baxmayaraq, o, indi də müasir yazıçı kimi oxunur və sevilir.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Memmed_Seid_Ordubadi_150/index.htm linkindən istifadə edə bilərlər.