Naxçıvan teatrı 1992-ci ildə Heydər Əliyevə görə bağlanmadı

Ulu öndər Heydər Əliyev və Naxçıvan Teatrı

A- A A+

1990-cı ildə Ümummilli lider Heydər Əliyev Naxçıvana gələndə hamı onun görüşünə gedirdi. Bu naxçıvanlılar tərəfindən həm mənəvi dəstək, həm də Moskva, Kreml kimi bir məkrli yerdən sağ-salamat çıxıb vətənə dönən qəhrəman həmyerlini şəxsən görmək istəyindən irəli gəlirdi. O zaman milli lideri görmək üçün Naxçıvan Dövlət Musiqili Dram Teatrının da bir neçə aktyoru Heydər Əliyevin yaşadığı evə gəlir. Bir vaxtlar mənəvi borc bilinən həmin hadisə indi maraqlı tarixdir. 20 ildən artıq müddət keçsə də, aktyorlar ogünkü söhbətləri yaxşı xatırlayır.

“Etiraf edim ki, biz həmin vaxt Heydər Əliyevi ziyarət etməklə həm də onu teatra dəvət etmək istəyirdik. Çünki o ərəfədə, yəni 1990-cı illərdə teatra maraq azalmışdı. Adamlar, demək olar ki, tamaşalara baxmırdılar. Nə isə elə bil, soyumuşdular”,- həmin görüşün iştirakçısı, Əməkdar artist Behruz Haxverdiyev danışır. “Mən, aktyorlar Kamran Quliyev, Xəlil Hüseynov və rejissor Əsgər Əsgərov birlikdə onlara getdik. Bildirdilər ki, teatrın aktyorları sizi görməyə gəlib. Ümummilli lider maraqla qəzet oxuyurdu. Tez işarə elədi ki, gəlsinlər. Baxdım ki, ətrafında bir neçə qəzet var. Əksəriyyəti də rusca idi. Heydər Əliyev bizi gülər üzlə qarşıladı. Yer təklif etdi. Oturduq. Diqqətlə hamımıza baxdı. Birdən mənə: “Sən rəhmətlik Əyyub Haqverdiyevin oğlusan?",- dedi. Atam Xalq artisti idi, uzun illər Naxçıvan teatrında çalışmışdı. Məni təəccüb bürüdü. Bəli, dedim. "Hmm. Atana oxşayırsan. Sən bilirsən, mən yeniyetməliyimdə ovaxtkı “Dom pioner”də, İbrahim Həmzəyevin dram dərnəyinə getmişəm. Atan da mənə və digər həvəskarlara yaxşı qrim edərdi”,- dedi. Heyrətlənməmək mümkün deyildi”.

Sonra rejissorumuz hamını təqdim etdi. Maraqlı söhbət başladı.

“Həmin vaxtlar Naxçıvan Teatrı, demək olar ki, fəaliyyətini dayandırmaq təhlükəsi qarşısında idi. Bağlanmaq məsələsi qoyulmuşdu",- bunları isə Xalq artisti Kamran Quliyev danışır. Naxçıvan Muxtar Respublikası Ali Sovetinin bir qrup deputatı gəlir gətirməyən təşkilatların bağlanması ilə əlaqədar məsələni gündəmə gətirmişdilər və bu işdə israrlı idilər. Biz Heydər Əliyeviçə bunu da dedik. Heç nə demədi. Sakit tərzdə Naxçıvan Teatrının tarixindən danışdı. 1940-cı illərdəki tamaşaları, rejissorların adlarını, quruluş verdikləri əsərləri, orada oynayan aktyorları bir-bir sadaladı. “Elə tamaşa var ki, onu əzbər bilirəm. Hətta bəzilərinə 4-5 dəfə baxmışam", -dedi. O zamanlar teatr ən maraqlı yer idi. Hətta mən yeniyetmə olanda İbrahim Həmzəyevin oynadığı rollara çox maraqla baxırdım. Onun çox yaxşı diksiyası vardı. Mən də evə gəlib onun dediklərini təkrar edir, onun kimi danışmağa çalışırdım. Bu mənə sonralar yaxşı təsir etdi”.

Sonra 1960-70-ci illərdə Azərbaycan teatrı, kinosundan danışdı Heydər Əliyev. Bizim üçün maraqlı olan məqamlardan söhbət açdı. “O vaxt Azərbaycanda yaxşı sənətkarlar var idi. Onların bəziləri hətta dünya səviyyəsinə çıxmağa layiq idilər. Ancaq mən həmişə fikir verirdim ki, bəzi sənətkarlar yaxşı aktyor olsa da, şəxsi keyfiyyətləri o qədər də yüksək deyildi. Bəziləri isə əksinə Azərbaycan xalqını hətta Hollivudda çox yaxşı təmsil edə bilərdilər. Amma burada xalq arasında şöhrət qazansalar da, o səviyyədə sənətləri yox idi. (Bu sənətkarların adını ulu öndər Heydər Əliyevə istinadən Kamran müəllim çəksə də, indi dünyadan köçdükləri üçün və etika xatirinə onları yazmırıq). Hətta bir dəfə mən Moskvada olarkən çox məşhur bir aktyor Əbdürrəhman Vəzirovla birlikdə ora gəlmişdi. Biz bir-birimizi uzaqdan gördük və mən ona tərəf, o isə mənə tərəf gəldi ki, salamlaşaq. Ancaq birdən Vəzirovun bizi nəzərləri ilə izlədiyini görüb, mənim yanımdan guya fikir vermədən ötüb keçdi. Mən onun vəziyyətini başa düşdüm. Heç nəyi büruzə vermədim”.

Kamran müəllim həmin aktyorun sonradan Ümummilli liderin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra böyük diqqət və qayğı ilə əhatələndiyini, ona orden, medal və hətta Prezident təqaüdünün verildiyini qeyd etdi. Çünki Heydər Əliyev üçün sənət və sənətkar var idi.

İndi prezident təqaüdçüsü olan, Əməkdar artist Xəlil Hüseynov isə hələ o vaxt Heydər Əliyevin Naxçıvan teatrının taleyini necə həll etdiyini yaxşı xatırlayır: “Söhbət əsnasında biz Heydər Əliyevə dedik ki, sizi həm də teatrın hazırladığı, Üzeyir Hacıbəyovun felyetonları əsasında səhnələşdirdiyimiz “Ordan-burdan” tamaşasına dəvət edirik. Özünəməxsus gülüşlə: “Belə edirsiniz ki, mənə görə tamaşaçılarınızın sayı çoxalsın?”,-dedi. Düzü, bizim digər məqsədimiz də bu idi. Tamaşaçıları heç olmasa Heydər Əliyevə görə teatra dəvət eləmək. Çünki kim bilsəydi ki ulu öndər Naxçıvan teatrında yeni tamaşaya baxıb, yəqin ki, tamaşaya mütləq gələcəkdi. Onun fəhmi bizi sözün düzünü deməyə məcbur etdi.

“Yaxşı, gələrəm, ancaq gərək işlərimi planlaşdırım. Bir də mənim vaxtım az olur. Bir həftə qabaq teatra dəvət eləməzlər. Gərək vaxt təyin edək. Mən o zamanlar, 1970-80-ci illərdə Azərbaycanda teatrlara tez-tez gedərdim. Hamı da mənə görə gəlib baxırdı tamaşalara. Hətta 1970-ci illərdə simfonik musiqimiz çox zəif inkişaf edirdi. Mən bu musiqini xoşlayıram. Amma adamlar, görünür, onu yaxşı başa düşmürdülər. Hətta mən ətrafımdakı məsul şəxslərlə gedirdim Filarmoniyadakı konsertlərə. Ya da Opera və Balet teatrına, baxırdım ki, konsert vaxtı zaldakıların əksəriyyəti yatır. Sonra fikirləşdim və dedim, sabah yenə gedəcəyik simfonik musiqilərdən ibarət konsertə. Amma mən sizdən soruşacağam ki, repertuar necə idi. Kim kimdən sonra çıxış edirdi. Bundan sonra isə adamlar alışdılar. Sonralar Niyazi mənə məruzə edirdi ki, artıq rəhbər vəzifədə işləyənlər könüllü şəkildə konsertlərə gəlirlər. Beləliklə, biz bu sahədə olan boşluğu bu yolla doldurduq. Sonrası da məlumdur. Yaxşı, dünya səviyyəsində əsərlər yarandı”.

Heydər Əliyev aktyorlara verdiyi sözü tutur və bir neçə həftədən sonra Naxçıvan Teatrının hazırladığı “Ordan-burdan” tamaşasına baxmağa gəlir. Tamaşadan sonra pərdə arxasında, səhnədə aktyorlarla görüşür. Demək olar ki, o vaxt rəhbər vəzifədə olanların əksəriyyəti də orada iştirak edir. Sənətkarlara öz minnətdarlığını bildirəndən sonra ulu öndər, teatrı bir məktəb qədər sevən Heydər Əliyev üzünü Ali Sovetin deputatlarına və rəhbər vəzifədə olanlara tutur: “Görürsünüz, teatr nə deməkdir. Sizin saatlarla günün altında dayanıb dediyinizə çox vaxt adamlar qulaq asmır. Ancaq teatrda 1 saat 20 dəqiqə ərzində hər şey aydın oldu. Bu hadisələr hələ əsrin əvvəlində olub. Ancaq yenə aktualdır. Siz saatlarla bunu kiməsə başa sala bilməzdiniz. Ancaq aktyorlar göstərə və deyə bildilər. Ona görə də Naxçıvan Teatrı yaşamalıdır. İndiki vaxtda onun gəliri ola bilsin ki, yoxdur, ancaq təsiri milyonlara dəyər. Adamlara nəyisə izah etmək üçün ən yaxşı vasitə teatrdır. Onun yaşamasına hamımız kömək eləməliyik!”

Bundan sonra isə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrının ləğv edilməsi haqda söz-söhbət kəsilir. İndi yeni təmir edilərək istifadəyə verilən binada bu teatrın 139-cu mövsümünün tamaşaları oynanılır. Hazırda teatrın truppasında 3 Xalq artisti, 5 Azərbaycan Respublikasının Əməkdar artisti, 3 Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, bir Əməkdar rəssam, bir Əməkdar mədəniyyət işçisi, iki “Tərəqqi” medalına layiq görülən aktyor var. Bir nəfər isə Prezident mükafatına layiq görülüb.

Səməd Canbaxşiyev

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: