Naxçıvan Muxtar Respublikasının turizm potensialı Təl-Əvivdə təbliğ olunub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Turizm Departamentindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, 29-30 mart 2022-ci il tarixlərində İsrail Respublikasının Təl-Əviv şəhərində 30-dan çox ölkənin iştirak etdiyi “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2022) sərgisində vahid Azərbaycan stendi altında “Naxçıvan Muxtar Respublikası” stendi təşkil olunaraq muxtar respublikanın turizm potensialı təbliğ olunub.
Muxtar respublikanın ilk dəfə olaraq iştirak etdiyi sərgidə “Naxçıvan Muxtar Respublikası” stendi, xüsusilə də quraşdırılan monitor vasitəsilə diyarımızın turizm potensialı ilə bağlı videoçarxların nümayişi turistlərin marağa səbəb olub. Həmçinin Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanmış bukletlər, eləcə də muxtar respublikada fəaliyyət göstərən hotellər haqqında çap məhsulları, “Naxçıvan mətbəxi”, “Naxçıvan 4 fəsildə”, “Naxçıvan şərqin əfsanəsi” kitabları, eyni zamanda yerli istehsal məhsullarımızdan “Badamlı”, “Sirab” mineral suları, Naxçıvan duzu beynəlxalq sərgidə nümayiş etdirilib.
Səfər müddətində İsraildə Azərbaycanın turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılışı olub. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev martın 30-da İsraildə Azərbaycanın rəsmi turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılış mərasimində bildirib ki, İsraildə Azərbaycanın turizm nümayəndəliyinin açılışı Azərbaycan və İsrail arasında turizm əlaqələrinin inkişafına təkan verəcək. Agentliyin sədri nümayəndəliyin fəaliyyətinin İsraildə Azərbaycan haqqında məlumatlılığın artmasına və ikitərəfli turizm əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini qeyd edib. Fuad Nağıyev iqtisadi və strateji amillərlə yanaşı, xalqlarımız arasında mədəni-tarixi əlaqələrin, qarşılıqlı dostluq və anlaşmanın turizm münasibətlərinin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən İsrailin turizm naziri Yoel Razvozov bildirib ki, 2021-ci ilin avqust ayında Azərbaycanın ticarət, eləcə də turizm nümayəndəliyinin, indi isə Təl-Əviv ofisinin açılışı Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, turizm əlaqələrinin genişlənməsinə xidmət edəcək.
Səfər çərçivəsində, həmçinin Dövlət Turizm Agentliyi ilə İsrail Turizm Nazirliyi arasında “Turizm sahəsində əməkdaşlıq haqqında” saziş imzalanıb. Sazişə əsasən, tərəflər turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin turizm idarəetmə orqanları, turizm assosiasiyaları, təşkilatları və müvafiq şirkətləri arasında əlaqələrin qurulmasını, o cümlədən tarixi, rəqəmsal, ekoloji, macəra turizmi üzrə əməkdaşlığı genişləndirmək, mədəni irs və dini məkanlara səyahətləri təşviq etmək öhdəliyi götürürlər.
Azərbaycanın nümayəndə heyətinin tərkibində İsrailə səfər edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov İsraildə Azərbaycanın turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılış tədbirində iştirak edib, İsrailin Turizm naziri Yoel Razvozova “Naxçıvan 4 fəsildə” kitabı hədiyyə olunub.