Hüseyn Cavidin “İblis” əsəri Türkiyənin Dövlət Teatrlarının repertuarına daxil edilib

A- A A+

Görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” əsəri Türkiyənin Dövlət Teatrlarının repertuarına daxil edilib.

Bununla bağlı NUHÇIXAN İnformasiya Agentliyinə əsəri Türkiyədə səhnələşdirən, Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini, aktyor-rejissor Məlahət Abbasova məlumat verib.

Özünün rejissorluğu ilə səhnələşdirilən əsərin İstanbulda böyük izdihamla qarşılandığını xatırladan Məlahət Abbasova “İblis”in Türkiyənin Dövlət Teatrlarının repertuarına daxil olunması ilə bağlı müraciət etdiklərini bildirib: “Hüseyn Cavid kimi böyük dramaturqun əsərini tamaşaçıya layiqli şəkildə təqdim etmək böyük məsuliyyət tələb edir. Bu işi uğurla başa çatdırdığım üçün çox sevincliyəm. Bir əsərin Türkiyədə səhnələşdirilməsi üçün onun repertuara daxil edilməsi mütləqdir. Amma bu da çox çətin başa gələn işdir. Çünki hər toplantıya yüzlərlə əsər təqdim edilir və onların içindən bir-ikisi seçilir. Mən “İblis”in İstanbul Şəhər Teatrlarında da səhnələşdirilməsi üçün tamaşanı əvvəlcə Bədii Şuranın müzakirəsinə təqdim etdim. İstanbul teatrlarının repertuarına daxil olduqdan sonra əsəri səhnəyə qoya bildik. Onu da qeyd edim ki, 2019-cu ildə böyük büdcə ilə hazırladığımız “İblis” tamaşasında İstanbulda ilk dəfə olaraq “Maping” 3D işıq cihazlarından istifadə edildi. Kino effekti ilə seçilən bu qurğu tamaşaya xüsusi görkəm verdi. Sonra isə Azərbaycanın qardaş ölkədəki səfirliyinin dəstəyi ilə əsər Türkiyə Respublikası Dövlət Teatrlarına təqdim edildi. Çox sayda əsərin içindən “İblis” repertuara daxil olundu. Əsərin Türkiyə Dövlət Teatrlarının repertuarında yer alması azərbaycanlı olaraq mənim üçün qürurverici hissdir. Qarşıdan gələn aylarda bu tamaşanın məşqlərinə başlamağı planlaşdırırıq. İnanıram ki, “İblis”i Türkiyənin hər bölgəsində teatrsevənlərə təqdim edə biləcəyik”.

Səhnə əsərinin Türkiyənin Dövlət Teatrlarının repertuarına daxil edilməsi ilə bağlı qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrları Baş İdarəsi tərəfindən Məlahət Abbasovaya ünvanlanan məktubda deyilir: “Hüseyn Cavid əsəri əsasında hazırlanan, Hilmi Zafer Şahin ilə birgə türk dilinə tərcümə etdiyiniz “İblis” tamaşası dramaturq məruzələri ilə birlikdə baxılıb və Bədii Şuranın iclasında müzakirə edilib. Bədii Şura səs çoxluğu ilə tamaşanın Dövlət Teatrlarının ümumi repertuar fonduna daxil olunmasını qəbul edib. Türkiyənin Dövlət Teatrlarının ümumi repertuarına verdiyiniz töhfəyə görə sizə təşəkkür edir və uğurlarınızın davamlı olmasını diləyirik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: