“Turizm və otelçilik” ixtisasının tələbələri istehsalat təcrübəsində olublar - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tərəfindən hamilik proqramı çərçivəsində Naxçıvan Dövlət Universitetində “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsi həyata keçirilib.
Təcrübənin proqramına əsasən tələbələrin muxtar respublikanın bir sıra tarixi-mədəni abidələrinə ekskursiyaları təşkil edilib. Naxçıvanın orta əsr memarlığının ən qiymətli yadigarlarından biri olan Qarabağlar Türbə Kompleksi ilə tanış olublar. Kəngərli rayonunda yerləşən və qülləvari türbələrin əsas xüsusiyyətlərini özündə əks etdirən Qarabağlar Türbə Kompleksinin tarixi və memarlıq xüsusiyyətləri barədə onlara ətraflı məlumat verilib.
Tələbələr muxtar respublikada yay və qış turizminin inkişafında özünəməxsus rolu olan “Ağbulaq” İstirahət Mərkəzində də olublar. Tələbələr burada ümumi uzunluğu 1500, eni isə 30 metr olan dağ-xizək mərkəzi, xizəklər üçün eniş zolağı, kanat xətti, xizəksürmə üçün təlim zonası, süni qaryaratma sistemləri ilə tanış olublar.
Nəbabat bağının nadir bitkilər kolleksiyası sahəsində dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən Azərbaycan florasından toplanılan ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik ağac, kol, tropik və subtropik bitki nümunələri yetişdirilir və qorunur. Nadir nümunələrlə tanışlıq tələbələrdə xüsusi maraq oyadıb.
“Badamlı” Mineral Sular Zavodunda keçirilən praktiki məşğələ zamanı tələbələrə bildirilib ki, illik istehsal gücü 150 milyon şərti butulka olan zavodda 14 çeşiddə qazlı və qazsız mineral su istehsal olunur. Laboratoriyada suyun tərkibini və minerallığını öyrənməyə imkan verən ən müasir avadanlıqlar quraşdırılıb.
Sevgili Mustafazadə