Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 40 illiyi qeyd olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 40 illiyi münasibətilə tədbir keçirilib, muzeyə 100 yeni eksponat təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edib. Bildirib ki, 1982-ci ildə fəaliyyətə başlayan Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1990-cı ilin may ayından etibarən XVII əsrə aid tarixi-memarlıq abidəsi olan “Qeysəriyyə” binasında fəaliyyətini davam etdirir. 2011-ci ildə muzeyin yerləşdiyi “Qeysəriyyə” binası əsaslı şəkildə bərpa olunub. 150 eksponatla fəaliyyətə başlayan Tarix-Diyarşünaslıq muzeyində hazırda 4 mindən artıq eksponat mühafizə və nümayiş olunur. Muzeydə Ordubadın qədim tarixini, zəngin mədəniyyətini, özünəməxsus adət ənənələrini özündə əks etdirən və bu yurdun yetirdiyi tarixi şəxsiyyətlər barədə eksponatlar ziyarətçilərin hər zaman diqqətini cəlb edir.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Fərqanə Hüseynova “Ordubad muzeyləri dünən və bu gün” mövzusunda çıxış edib, rayonda muzey işinin təşkili ilə bağlı ətraflı məlumat verib.
Muzeyin direktoru İlahi Mirzəyev “Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin rayonun mədəni həyatında rolu” mövzusunda çıxış edib. Bildirib ki, muzeyin fondu ilbəil zənginləşir. Tariximizi, mədəniyyətimizi əks etdirən eksponatların muzeyə verilməsi zəngin mədəni irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Muzeyə məcmeyi, toxuculuq alətləri, ədviyyat qabları, pul nümunələri və məişət əşyalarından ibarət 100 eksponat təqdim edilib.
Sonda muzeyin ekspozisiyasına, eləcə də yeni təqdim olunan eksponatlara baxış olub.
Adilə Səfərova