ABŞ Kino Akademiyası məşhur aktyor Uill Smitin tədbirlərdə iştirakına 10 il müddətinə qadağa qoyub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Akademiyanın mətbuat xidməti məlumat yayıb. Buna səbəb onun martın sonunda keçirilən “Oskar” mükafatının təqdimat mərasimində aparıcıya hücum etməsi olub.
“Bu gün (Kino Akademiyasının) idarə heyəti 8 aprel 2022-ci il tarixindən başlayaraq 10 il müddətinə cənab Smitin həm şəxsən, həm də virtual formatda Kino Akademiyasının bütün tədbir və proqramlarında, o cümlədən Akademiyanın mükafatlandırma mərasimində iştirakını qadağan etmək qərarına gəlib”,– deyə məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl Uill Smit öz təşəbbüsü ilə Kino Akademiyasını tərk etməsi barədə bəyanat yaymışdı.
Sonuncu “Oskar” mərasimində o, səhnəyə çıxaraq həyat yoldaşı haqqında yersiz zarafat edən aparıcı Kris Roku şillə ilə vurmuşdu.