Uzaq keçmişə yol salan körpülər - FOTOLAR
Qədim oğuz yurdu Naxçıvanın hansı səmtinə üz tutsan, orada mütləq bir tarixi tikiliyə rast gələrsən. Nekropollar, qədim yaşayış yerləri, məscid və hamamlar, türbələr, qalalar, karvansaraylar Naxçıvanın yüz illərdir qoynunda yaşatdığı tarixdir. Belə tarixi abidələr sırasında körpülər də var. Yaşı yüz illərə dayanan körpülər əsasən, keçid rolunu oynasa da, eyni zamanda müxtəlif əlaqələrin qurulmasında böyük əhəmiyyət daşıyıb.
Coşqun çaylar üzərində inşa edilən, Şərqi Qərblə görüşdürən, minillikləri yola salan, minilliklərə qovuşan tarix... min ürəyin sevdası, min qəlbin dünyası körpülər qulaq ver gör nələr söylər.
Yazın ilk ayıdır. Al qumaşa bürünən dağla, bərəkət zəmili düz arasındayam. Tarixin girdabında qalıb, min xəyala dalmışam. Bir körpünün yanında düşüncələr dünyasının sehrinə düşmüşəm. Ətirli meh qəlbimə sərinlik çiləyir. Yaz günəşinin altında xəyalən keçən qərinələri yaşayıram. Haradansa sanki ağır-ağır yeriyən yüklü dəvələrin zınqırovlarının səsini eşidirəm. Bir zamanlar körpünün üstündən keçən, ardı-arası kəsilməyən ticarət karvanlarının xoş sədalarıdır bu səslər.
Çayların üzərində salınan, tarixi tarixə calayan, keçmişə yol salan körpülər bütövlük rəmzi kimi Culfa rayonunda da yaşamaqdadır. 47 mindən çox əhalinin yaşadığı, 1 şəhər, 22 kəndi əhatə edən rayonun Əlincə çayı boyunca uzanan bir çox kəndlərində mövcud olan körpülər ulu əcdadlarımızdan bizə yadigar qalan sənət əsəri kimi coşqun axan dağ çayının şıltaqlıqlarına, tarixin sərt küləklərinə yüz illərdir sinə gərir.
Qədim və orta əsrlərdə yaşayış məskənləri salınarkən suya olan tələbatın ödənilməsi zərurəti nəzərə alınaraq, əsasən, çay sahilləri seçilib. Ta o dövrdən insanların, həmçinin bu ərazilərdə hərəkət edən karvanların işini asanlaşdırmaq məqsədilə körpülər salınıb. Orta əsrlər zamanı geniş miqyas alan bu iş, hətta dövlət siyasəti səviyyəsinə qədər yüksəlib. Bu məqsədlə Əlincə çayı üzərində də körpülər inşa edilib.
Milli yaddaşımızın tərkib hissəsi olan belə körpülərdən, nadir memarlıq abidələrindən biri orta əsrlər zamanı rayonun Qazançı kəndinin cənub tərəfində inşa edilib. Biraşırımlı körpü yerli əhali arasında “Qozbel körpü” adı ilə tanınır. Az yonulan çapma daşlardan inşa olunan körpünün dayaqları çayın sahillərində təbii özüllər – iri qayalar üzərində oturdulub. Vaxtilə Qazançı kəndindən keçən, qərbə və şərqə hərəkət edən, Ordubad ərazisində Böyük İpək Yolunun əsas marşrutlarına birləşən ticarət karvanlarına və əhaliyə xidmət edən körpü Şərq memarlıq üslubunda inşa edilən və Azərbaycan ərazisində zəmanəmizədək müəyyən qədər salamat vəziyyətdə gəlib çatan biraşırımlı körpülərin möhtəşəm nümunəsidir. Tikinti texnikasına və memarlıq-konstruktiv quruluşuna əsasən körpünün XVII əsrin əvvəllərinə, Səfəvi hökmdarı I Şah Abbasın dövrünə (1587-1629-cu illər) aid olduğu ehtimal edilir. Zaman keçdikcə təbii qüvvələrin təsirindən, xüsusilə keçən yüzillikdə baxımsızlıqdan aşınmalara məruz qalan körpü Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2018-ci ildə orijinallığı saxlanılmaqla yüksək səviyyədə bərpa olundu. Beləliklə, muxtar respublika ərazisində zəmanəmizədək gəlib çatan daha bir tarixi abidəyə – Qazançı körpüsünə yeni həyat verildi. Orta əsrlər zamanı və sonrakı dövrlərdə Qazançı kəndinin və ətraf yaşayış məskənlərinin əhalisinin həyat şəraitinin rahatlığına xidmət edən körpü yenidən sinəsindən yol verdi bu yurdun insanlarına.
Qazançı kəndindən şərqdə Əlincəçayın üzərində ikinci Daş körpü də mövcud olub. Birinci körpüdən fərqli olaraq bu sənət nümunəsi üçtağlı olub. Dayaq sütunlarının qalıqları günümüzədək gəlib çatan körpünün tağlarının arasında məsafə əraziyə uyğun olaraq müxtəlifdir. Körpünün sütunları yanlardan iri yonulmuş daşlardan tikilib, onların arası isə müxtəlif həcmli çay daşları ilə doldurularaq əhəng məhlulu ilə möhkəmləndirilibdir. Qalıqları XVII əsrə aid edilən körpü qədim ticarət mərkəzləri ilə əlaqələrin yaradılmasında mühüm rol oynayıb. Ancaq neyləyəsən zamanın ədalətsizliyinə. Hər dəfə yad bir üz görəndə dözməyib aram-aram, parça-parça tökülən körpü tarixin yaddaşına gömülüb və özü ilə min gözəlliyi, min izi, mərdi-mərdanəliyi, unudulmaz xatirələri aparıb.
Ərəfsə və Ləkətağ kəndlərinin arasında, Əlincə çayı üzərində tikilən və kənd camaatı arasında “Daş körpü”, “Ərəfsə körpüsü” və ya “Culfa körpüsü” adlandırılan körpü də Naxçıvan memarlıq məktəbinin gözəl nümunəsidir. Tarixçilər Ərəfsə kəndindən şimal-şərqdə yerləşən orta əsrlərə aid bir aşırımlı memarlıq abidəsinin XVI-XVII əsrlərdə Səfəvilər tərəfindən, Əlincə çayının sol sahilində yerləşən digər Culfa kəndlərini Ləkətağ kəndi ilə əlaqələndirmək məqsədilə inşa olunduğunu bildirir. Tağvari formada olan abidənin eni 3 metr, çay yatağından olan hündürlüyü isə 7 metrdən çoxdur. Son dövrlər muxtar respublika rəhbərinin tapşırığı ilə memarlar uçub dağılmaq təhlükəsi ilə üz-üzə qalan bu qədim körpüyə də yeni həyat veriblər. Körpünün sağ və sol tərəflərində divarların bərkitmə işləri aparılıb, dayaqlar möhkəmləndirilib. Uzunömürlü olması üçün körpü hər iki tərəfdən betonlanıb. Yaz vaxtı gur gələn və çay yatağından yayılan suyun bu hissədən sərbəst keçməsinə imkan yaratmaq məqsədilə körpünün sol hissəsində əlavə olaraq 3 kiçik suötürücü tağ qurulub, ətrafındakı hissələrdə yuyulmanın qarşısını almaq üçün iri daşların köməyi ilə sahilbərkitmə işləri görülüb.
Culfa rayonunda Araz çayı üzərində də bəzi yerlərdə körpülər olub, bu körpülərdən yalnız Gülüstan körpüsünün bir qismi Araz çayının sağ sahilində qalıb. XII əsrdə Gülüstan kəndi yaxınlığında inşa edilən körpü böyük karvan yolunun üzərində yerləşmiş, Araz çayının sağ və sol sahilini birləşdirərək ticarət əlaqələrində əhəmiyyətli rol oynamışdır. Qeyd edək ki, bu karvan yolu Böyük İpək yolunun bir hissəsi olub. Körpü tarixi mənbələrdə Ziya-ülmülk körpüsü də adlandırılıb. Həmdullah Qəzvini “Nüzhət əl Qülub” əsərində Mərənd tümənindəki ticarət şəhəri Gərgər haqqında qısa məlumat verərək yazır: “...onun yanında Araz çayı üzərində Ziya-ül-mülk Naxçıvani gözəl körpü tikib. Bu xeyriyyəçilik sahəsində ən parlaq tikililərdən biridir”. Əmir Teymurun tarixçisi Şərafəddin isə Gülüstan körpüsü ilə bağlı: “Yonulmuş daşdan tikilmiş sarsılmaz möhkəmliyi olan yastı və düz körpü dünya körpülərinin ən gözəlidir. Daşlarının gözəlliyi, möhkəmliyi və dözümlülüyü ilə bütün memarları təəccübləndirir...”,- deyə qeyd edib.
Culfa rayonunun Gülüstan kəndinin qərbində, Gülüstan körpüsündən 500 metr yuxarıda, Araz çayının üzərində yerləşən Şah Abbas körpüsü də vaxtilə mühüm keçid yollarından biri olub. İndiki dövrdə körpünün yalnız iki dayaq sütununun müəyyən hissəsi var. Sütunlardan biri çayın ortasındakı qayanın üzərində, digəri isə sol sahildəki dəmiryol xəttinin altında qalıb. Körpünün qalıqlarına xalq arasında “Şah Abbas küləfrəngisi” də deyirlər. Tədqiqatçılar körpünün qalıqlarına görə abidənin inşasını XVI-XVII əsrlərə aid edirlər. Ehtimal ki, bu körpü Gülüstan körpüsünün dağılıb öz əhəmiyyətini itirməsindən sonra inşa edilib.
Culfa-Naxçıvan magistral yolunun üstündə tikilən körpü Əlincə çayının üzərində salınan körpülərin ən böyüyüdür. Qeyd edək ki, “İki sahil” bədii filminin bəzi fraqmentləri məhz həmin körpünün üzərində çəkilib. Bundan başqa, Əlincə çayın üzərində olan Camaldın və Ərəzin, Kırna və Əbrəqunus, Ərəfsə kəndi ilə Ləkətağ, Əlincə və Xanəgah kəndləri arasında, Xoşkeşində salınmış körpülər, eləcə də Xoşgəri körpüsü, Dizə-Gal yolu üzərindəki körpü də yeni, müasir görünüşü ilə diqqəti cəlb edir və hər gün onlarla nəqliyyat vasitələri həmin körpülərin üstündən hərəkət edir.
Tarixən Naxçıvanın Çindən Avropaya uzanan Böyük İpək Yolu üzərində yerləşməsi buradakı körpülərin tarixi rolunu daha qabarıq şəkildə ortaya qoyur. Naxçıvandakı körpülərin əksəriyyəti orta əsrlər dövründə tikilib. Bu dövr isə, ümumilikdə, Şərqdə elm və ticarətin, mədəniyyətin inkişaf etdiyi tarix olub. Bundan əlavə, körpülər yerli əhalinin də digər yaşayış məntəqələri ilə əlaqə yaratmasında əsas rol oynayıb. İndinin özündə də körpülərdən istifadə olunur. Muxtar respublikamızda tarixi abidələrə göstərilən diqqət və qayğı körpülərdən də yan keçməyib. Bu qayğı XVI əsrin yadigarı olan bir çox körpülərə də əzəmətli görkəm verib.
Tarixi mədəniyyətimizin bir hissəsi kimi Naxçıvanın mühüm ticarət, elm və mədəniyyət mərkəzlərindən biri olmasının göstəricisi olan, ulu tariximizin dərin qatlarından soraq verən körpülər bu gün turizmin inkişafında da mühüm rol oynayır.
Ədalət Cəfəroğlu
“Arazın səsi” qəzeti