Bölgələrdə formalaşmış folklor nümunələri əsasında müsabiqə keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə “Milli dəyərlərimiz folklorumuzda” adlı səhnəciklərin nümayişi müsabiqəsinin birinci mərhələsi keçirilib.              

Muxtar respublikanın şəhər və rayon mədəniyyət şöbələrinin tabeliyindəki klub müəssisələrində fəaliyyət göstərən müvafiq folklor qrup və ya kollektivlərinin iştirakı ilə keçirilən müsabiqənin birinci mərhələsində Naxçıvan şəhər Qaraçuq, Şərur rayon Yuxarı Aralıq və Culfa rayon Kırna kənd mədəniyyət evlərinin folklor kollektivləri iştirak edib, xalq oyunları, folklor nümunələrindən səhnəciklər nümayiş etdiriblər.

Yalnız xalq yaradıcılığı nümunələrindən ibarət səhnəciklərin nümayiş etdirildiyi müsabiqədə folklor kollektivlərinin səhnəcik təqdimatı münsiflər heyəti tərəfindən müvafiq meyarlar əsasında on ballıq sistem üzrə qiymətləndirilib.

Qeyd edək ki, “Milli dəyərlərimiz folklorumuzda” səhnəciklərin nümayişi müsabiqəsinin növbəti mərhələsi isə aprelin 14-də keçiriləcək. Müsabiqədə yer tutan folklor qrup və ya kollektivləri I, II və III dərəcəli diplomlarla, fərqlənən kollektivlər isə fəxri fərmanla təltif ediləcəklər.

“Milli dəyərlərimiz folklorumuzda” səhnəciklərin nümayişi müsabiqəsinin keçirilməsində məqsəd muxtar respublikanın müxtəlif yaşayış məntəqələrində fəaliyyət göstərən folklor qrup və kollektivlərinin fəaliyyətinə stimul verilməsi, bölgələr üzrə xalq yaradıcılığı nümunələrinin aşkara çıxarılması və təbliğindən ibarətdir.

Sevgili Mustafazadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: