Rəssam Qəhrəman Tağıyevin yubiley sərgisi açılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Azərbaycan Respublikası Rəssamlar İttifaqı və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, rəssam Qəhrəman Tağıyevin 75 illik yubileyinə həsr olunan “Realizmin işığında” adlı fərdi rəsm sərgisi açılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva Qəhrəman Tağıyevin həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikası Rəssamlar İttifaqı və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, rəssam Qəhrəman Tağıyevin ötən dövrdə Naxçıvanda müxtəlif sərgiləri açılıb. Görkəmli rəssam bir çox müsabiqələrdə və festivallarda iştirak edib, Naxçıvanı layiqincə təmsil edib.
AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev qeyd edib ki, Qəhrəman Tağıyevin əsərləri peşəkar rəssamlığın nümunələri kimi diqqəti cəlb edir. O, müxtəlif janrlarda və mövzularda bir-birindən orijinal, dəyərli sənət əsərləri yaradıb. Rəssamın hər bir əl işinə baxdıqda Naxçıvan Muxtar Respublikası haqqında zəngin təəssürat yaranır. Əsərlərdə diyarımızın təbiəti, qədim abidələri böyük ustalıqla əks etdirilib.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Mehmet Emin Kiraz, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov və digərləri çıxış edərək rəssamı sərgi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Sonra yubilyara hədiyyələr təqdim edilib.
Qəhrəman Tağıyev sənət və sənət adamlarına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib və minnətdarlığını bildirib.
Sərgidə rəssamın realist, müasir üslubda işlənmiş portret, kompozisiyalar, natürmort və mənzərələrdən ibarət 75 əsəri nümayiş olunur. Əsərlərin əsas motivini Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, quruculuğu, abadlığı, təbiət gözəllikləri, vətənimizin bol nemətləri, milli-mənəvi dəyərlərimiz təşkil edir.
Mədinə Rəhimli