Tələbələr Ordubad muzeylərində təcrübə keçiblər - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Turizm Departamenti hamiliyində olan Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisasında təhsil alan tələbələrin istehsalat təcrübəsini davam etdirir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə tələbələrin Ordubaddakı muzeylərə ekskursiyası təşkil edilib.
Ekskursiya çərçivəsində tələbələr muzeylərdə praktiki məşğələlərdə iştirak ediblər. Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində məlumat verilib ki, 40 illik yubileyi qeyd edilən muzey XVII əsrə aid Qeysəriyyə memarlıq abidəsində yerləşir. Muzeyin fondunda 4 mindən artıq eksponat qorunub saxlanılır. Rayon ərazisindən tapılmış maddi-mədəniyyət nümunələri, daş süxurlar, obsidianlar, daş, tunc və misdən hazırlanmış əmək alətləri, silahlar, etnoqrafik materiallar tələbələr üçün zəngin təcrübə materialları olub.
Sonra gənclər görkəmli kimyaçı alim, akademik Yusif Məmmədəliyevin Ordubad şəhərindəki ev muzeyində olublar. Məlumat verilib ki, muzey 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə, alimin 75 illik yubileyi münasibətilə yaradılıb. Dörd ekspozisiya zalından ibarət olan muzeydə alimin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və digər materiallar nümayiş etdirilir.
Görkəmli maarifçi, pedaqoq Məhəmməd Tağı Sidqinin ev muzeyində məlumat verilib ki, diyarımızda maarifçilik hərəkatının cəfakeş üzvlərindən olan Məhəmməd Tağı Sidqi Naxçıvanda dünyəvi məktəbin təşkili və teatrın inkişafı məsələləri ilə yaxından məşğul olub. Muzeydə görkəmli ziyalının fəaliyyətini əks etdirən orijinal materiallar tələbələrdə zəngin təəssürat yaradıb.
Gənclər görkəmli ədib, tarixi roman ustası Məmməd Səid Ordubadinin də ev muzeyini ziyarət ediblər. Bildirilib ki, tanınmış Azərbaycan ədibinin ev muzeyi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə anadan olmasının 100 illiyi münasibətilə doğulduğu mənzildə yaradılıb.
Aygün Hüseynova