NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında yazıçı, publisist Əli Səbri Qasımovun anadan olmasının 130 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə görkəmli pedaqoq, yazıçı, jurnalist və tərcüməçi Əli Səbri Qasımov yaradıcılığı haqqında danışan Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova bildirib ki, Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən olan Əli Səbri 1892-ci ildə Nehrəmdə anadan olub. Qeyd edilib ki, XX əsr Naxçıvan ədəbi mühitinin görkəmli ziyalıları sırasında olan Əli Səbri Qasımovun qələmə aldığı roman, povest və hekayələr, yüzlərlə ədəbi-tənqidi və publisistik məqalələr, müxtəlif xalqların ədəbiyyatlarından etdiyi tərcümələr dəyərini bu gün də saxlamaqdadır.
“Əli Səbri yaradıcılığında uşaq ədəbiyyatının təhlili” mövzusunda çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova yazıçının uşaq ədəbiyyatı nümunələrinin ideya-bədii xüsusiyyətləri barədə məlumat verib.
Kitabxananın şöbə müdiri Rahilə Məmmədova “Əli Səbrinin şərəfli ömür yolu” mövzusunda çıxış edərək bildirib ki, Əli Səbri milli ideyalarımızın, xüsusilə Naxçıvanın qorunması istiqamətində mübarizələrdə fədakarlıq göstərib, stalinizm dönəmində dəfələrlə həbs edilib, ömrünün on səkkiz ilini həbsdə və sürgündə keçirib.
Sonra kitabxananın əməkdaşı Heyran Ələsgərova “Əli Səbrinin bədii yaradıcılığı” barədə çıxış edib.
Sevgili Mustafazadə