Tarixi abidələr milli kimliyimizdir

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

A- A A+

Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.

“Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla – yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk”, – deyən ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə tarixi-mədəni irsimizin qorunub saxlanılması üçün böyük işlər görülmüş, zəngin qanunvericilik bazası yaradılmışdır. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcu kimi təsbit olunmuşdur. Bundan əlavə 10 aprel 1998-ci ildə qəbul edilən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununda abidələrin qorunmasının dövlət təminatı, onların əhəmiyyət dərəcələri, tədqiqi və mühafizəsi öz əksini tapmışdır.

Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə tarixi abidələrimizin bərpası, qorunması və tədqiqi  mühüm tədbirlər sırasına çəkilmişdir. Bir sıra tarixi abidələrimiz YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınmışdır. Milli mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.

Azərbaycanın, o cümlədən dünyanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan min illərin tarixini yaşadan qədim yaşayış yerləri baxımından səyyahları, alimləri, tədqiqatçıları özünə cəlb edən bir məkan kimi tanınmışdır. Ulu öndər Heydər Əliyev Naxçıvanın hər daşının, hər qayasının tarixin canlı şahidi olduğunu bildirərək demişdir: Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.

Qədim diyarımızın ərazisindəki mağaralar, qalalar, qədim yaşayış yerləri, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr bu torpaqda tarixin və mədəniyyətin qədimliyini göstərir. Gəmiqaya abidəsi Naxçıvanın ilkin yaşayış məskəni olmasını elmi və tarixi əsaslarla təsdiq etməklə xalqımızın ən qədim dövr incəsənətinin, mənəvi və maddi-mədəniyyət nümunələrini bu günə daşıyan əvəzsiz tarixi abidədir. Gəmiqaya daşları üzərində həkk olunmuş müxtəlif kompozisiyalı təsvirlər, həndəsi işarələr, piktoqrafik yazılar əcdadlarımızın dünyagörüşünün və təsəvvürlərinin, yaşam tərzinin tariximizin minilliklərin dərinliyindən bu günə çatdırılması baxımından dəyərli mənbələrdir. Naxçıvan ərazisində mövcud olan Qazma mağarası, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Kilit mağarası, I və II Kültəpə, Xarabagilan, Quyulu dağ, Qarabağlar Türbə Kompleksi, Möminə xatın, Yusif Küseyiroğlu, Gülüstan türbələri, Əlincə qalası, Qızılburun, Qızqala, Ovçular təpəsi, Oğlanqala, Xələc, Naxçıvanqala, tarixi təbiət abidələrindən Haçadağ, Duzdağ, Batabat, Babək qalası, Dəvəboynu və yüzlərlə başqa abidələr keçmişimizi bu günə daşıyan tarixi yaddaşımızdır.

Tarix və mədəniyyət abidələri xalqımızın bu regionda mövcudluğunun daş pasportları, milli kimliyimizdir. Аzərbаycаnın аyrılmаz tərkib hissəsi оlаn Nахçıvаnın tаriхi аbidələri, nəinki Аzərbаycаn tаriхinin, həmçinin bütün Yахın Şərq və Cənubi Qаfqаzdа bаş vеrən tаriхi-mədəni prоsеsləri izləmək bахımındаn оlduqcа əhəmiyyətlidir. Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il 26 aprel tarixli Sərəncamına uyğun olaraq Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilmiş, bu mövzuda onlarla elmi məqalə və kitablar yazılmışdır. 2005-ci ildə Gəmiqаyа аbidəsinə beynəlxalq еlmi еkspеdisiyа təşkil еdilmişdir. Еkspеdisiyаnın tərkibində АMЕА Nахçıvаn Bölməsinin, Nахçıvаn Dövlət Univеrsitеtinin əməkdаşlаrı, Аzərbаycаnın tаnınmış аlimləri iştirаk еtmişlər. Еkspеdisiyаnın tərkibində Gəmiqаyа аbidəsinin gеоlоgiyаsını, biоrеsurslаrını, tоpоnоmiyаsını, аrхеоlоgiyаsını, hаbеlə bu аbidə ətrаfındа yеrləşən yаşаyış məntəqələrindəki еtnоqrаfik və fоlklоr mаtеriаllаrının tоplаnmаsı üçün хüsusi dəstələr yаrаdılmışdır. Aparılan uğurlu tədqiqat işi nəticəsində Gəmiqаyа haqqında onlarla monoqrafiya, yüzlərlə elmi məqalə yazılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamı ilə muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin tədqiqində mühüm mərhələnin əsası qoyulmuş, 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Аbidələrin həm qеydə аlınmаsındа, həm də tədqiqində bеynəlхаlq еkspеdisiyаlаrın üzvləri də iştirаk еtmişdir. Tədqiqat işlərinin nəticələri onlarla monoqrafiya və yüzlərlə məqalədə öz əksini tapmışdır. 2006-cı ildən başlayaraq Naxçıvanda Azərbaycanın arxeoloji ekspedisiyaları, həmçinin AMEA Naxçıvan Bölməsinin Amerika Birləşmiş Ştatları və Fransa tədqiqatçıları ilə təşkil etdiyi beynəlxalq ekspedisiyalar fəaliyyət göstərməyə başlamışdır. Beynəlxalq ekspedisiyaların fəaliyyəti Azərbaycan, o cümlədən Naxçıvan abidələri haqqında həqiqətlərin dünya elmi ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyətə malikdir. Naxçıvanın qədim tarixinin öyrənilməsində beynəlxalq ekspedisiyaların işlədiyi I Kültəpə, Ovçulartəpəsi, Duzdağ, Uçan Ağıl, Zirincli, Şorsu, Qızqala və Oğlanqala abidələrinin xüsusilə böyük əhəmiyyəti olmuşdur.

Qədim arxeoloji mədəniyyətlərin stratiqrafik ardıcıllığının öyrənilməsində xüsusi rolu olan I Kültəpə yaşayış yeri Azərbaycanın fundamental abidələri sırasında ilkin yerlərdən birini tutur. Naxçıvançay vadisində yerləşən bu qədim yaşayış yerinin əhəmiyyəti elm aləminə ötən əsrin 50-ci illərindən bəlli olsa da, son dövrlərdə burada aparılan arxeoloji qazıntılar bu zəngin xəzinənin çox hissəsinin hələ də torpaq altında qaldığını göstərməkdədir. Onların üzə çıxarılması Naxçıvanın qədim tarixinin yeni səhifələrinin yazılmasına, eyni zamanda “Qafqazın Mesopotamiyası” adlandırılan Naxçıvançay və Sirabçay vadisində xeyli miqdarda Neolit və Eneolit abidəsinin aşkar edilməsinə zəmin yaratmışdır. Ali Məclis Sədrinin tövsiyəsi ilə Naxçıvan şəhəri ərazisində, Naxçıvantəpə yaşayış yerində aparılan araşdırmalar zamanı Azərbaycanın cənub bölgələri üçün xarakterik olan Dalmatəpə mədəniyyətinin izləri aşkar olunmuş, Naxçıvanın tarixən Azərbaycanın tərkib hissəsi olduğu bir daha elmi faktlarla təsdiq olunmuşdur. Naxçıvan şəhəri yaxınlığında yerləşən Duzdağ mədənlərinin tədqiqi Ovçulartəpəsi arxeoloji ekspedisiyasının əsas tədqiqat obyektlərindən biri olmuş, tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Duzdağ mədənləri dünyanın ən qədim mədənləridir.

Aparılan araşdırmalar nəticəsində Naxçıvanın Kür-Araz mədəniyyətinin formalaşdığı əsas regionlardan biri olduğu da təsbit olunmuşdur. Cənubi Qafqaz arxeologiyasında diskussiyaya səbəb olan məsələlərdən biri də boyalı qabları ilə fərqlənən Orta Tunc dövrü mədəniyyəti idi. Şərur rayonunun Dizə kəndi yaxınlığında yerləşən Qızqala yaşayış yerində aparılan araşdırmalar zamanı Orta Tunc dövrünə aid 2,5 - 3 metr qalınlığında mədəni təbəqənin varlığı müəyyən edilmişdir. Bu, Naxçıvanda I Kültəpə, II Kültəpə və Qızılburundan sonra dördüncü mühüm abidədir. Bu yaşayış yeri boyalı qablarla fərqlənən Orta Tunc dövrü mədəniyyətinin Naxçıvanla bağlı olduğunu bir daha təsdiq etmişdir. Qızqala yaşayış yerində, həmçinin Bəzəkli, Qazançıqala, Qurddağ, Göynük qalası və digər abidələrdə müdafiə divarlarının aşkar olunması Orta Tunc dövründə Naxçıvanda böyük hərbi potensiala malik olan tayfaların yerləşdiyini göstərir. Bu tayfaların bir qismi oturaq, digər bir qismi yarımköçmə maldarlıqla məşğul olmuşdur. Qızqala ətrafındakı kurqanlardan skelet qalıqlarının aşkar olunması isə boyalı keramika ilə seçilən Orta Tunc dövrü mədəniyyətinin mənsubiyyəti və onun yaradıcıları haqqında yeni fikirlər deməyə imkan vermişdir. Araşdırmalar Göyçə hövzəsi və Zəngəzurun Naxçıvanda yaşayan tayfaların yaylaqları olduğunu deməyə imkan verir.

Şərur rayonunun Oğlanqala kəndi yaxınlığında yerləşən Oğlanqala yaşayış yerində 2008-2011-ci illərdə aparılan arxeoloji qazıntılar Oğlanqala şəhəri və onun hakimiyyətində olan ərazilərin xarici işğalçılara qarşı müttəfiqlərlə birlikdə mübarizə apardığını, Oğlanqalanın Şərur düzənliyini əhatə edən kiçik, yerli krallığın mərkəzi olduğunu göstərmişdir. Urartuluların bu əraziyə işğalçı yürüşləri məğlubiyyətlə nəticələnmişdir.

Abidələr təkcə tarixin yaddaşı və yadigarları deyil, eyni zamanda, maddi-mədəniyyət nümunələridir. Ona görə də onların qorunması və gələcək nəsillərə çatdırılması olduqca vacibdir. Son illər qədim diyarımızda 70-dən artıq abidəyə ikinci həyat verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında”, 2010-cu ildə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, 2013-cü ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında”, 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”, 2015-ci ildə “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında”, 2016-cı ildə “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” imzaladığı Sərəncamlar tariximizin və mədəni irsimizin öyrənilməsi, təbliği baxımından mühüm əhəmiyyətə malik olan dövlət sənədləridir. Kəngərli rayonunda XII-XIV əsrlərə aid Qarabağlar Türbə kompleksi, Şərur rayonunun Yengicə kəndində XVIII-XIX əsrlərə aid Şərq hamamı, Babək rayonunun Nehrəm kəndində XVIII əsrin yadigarı olan İmamzadə, Naxçıvan şəhərində XVIII əsrə aid İmamzadə Kompleksi, XVII əsrin memarlıq abidəsi olan Qazançı körpüsü, XII əsrə aid Yusif Küseyir oğlu türbəsi bərpa olunmuşdur. Bundan başqa son illərdə qədim diyarımızda möhtəşəm türk-islam memarlığı abidələri olan məscidlər inşa olunaraq istifadəyə verilmişdir.

Abidələrimizin tədqiqi və mədəniyyətimizin beynəlxalq miqyasda təbliği istiqamətində də muxtar respublikada ardıcıl tədbirlər həyata keçirilir. 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan”, 2009-cu ildə “Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan”, 2011-ci ildə “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, 2012-ci ildə “Naxçıvan: ilkin şəhər və Duzdağ”, 2016-cı ildə “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzularında beynəlxalq simpoziumların və konfransların keçirilməsi mühüm əhəmiyyət daşımışdır. Bu simpoziumlar alimlərimizin xarici ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatlar aparmasına, ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr edilməsinə əsaslı təkan vermiş, beş minillik tarixi əhatə edən Naxçıvan şəhər mədəniyyəti tədqiqat mövzusuna çevrilmişdir. Muxtar respublikada aparılan arxeoloji ekspedisiyalarda ABŞ, Fransa, Türkiyə, Macarıstan və başqa ölkələrin arxeoloqları iştirak edirlər. Dövlət qayğısının nəticəsidir ki, 2011-2019-cu illərdə Naxçıvan Muxtar Respublikası ərazisində 9 arxeoloji ekspedisiya, o cümlədən iki beynəlxalq ekspedisiya işləmişdir. Tədqiqat işlərinin nəticələri “Tüba-Ar”, “Anatolia Antiqua”, “Rossiyskaya arxeoloqiya”, “İranica Antiqva” və sair kimi beynəlxalq əhəmiyyətli jurnallarda dərc edilmişdir. “Tüba-Ar” beynəlxalq dərgisində və Fransanın 16-dan artıq kütləvi informasiya vasitələrinin məlumatlarında Duzdağ dünyanın ən qədim duz mədəni kimi tanıdılmışdır.

Muxtar respublikamızdakı abidələrin öyrənilməsi və təbliği sahəsində də əhəmiyyətli işlər görülür. 2008-ci ildə “Naxçıvan Abidələri Ensiklopediyası”nın nəşr edilməsi yalnız Naxçıvanın deyil, bütövlükdə Azərbaycanın mədəniyyət tarixində mühüm hadisədir. Ensiklopediya Naxçıvan abidələrinin öyrənilməsi baxımından əvəzolunmaz elmi mənbədir. Son illər nəşr olunan “Naxçıvan tarixi atlası”, “Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Naxçıvan tarixi” çoxcildliyi, “Gülüstan türbəsi”, “Əlincəqala”, “Qarabağlar türbəsi”, “Naxçıvan imamzadələri”, “Naxçıvan hamamları”, “Dədə Qorqud yurdu Naxçıvan: tarixi-coğrafi və etnoqrafik atlas”, “Naxçıvan – türk-islam mədəniyyəti abidələri” və başqa çoxsaylı kitablar bu sahədə görülən işlərin ardıcıllığını göstərir. 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə bağlı Naxçıvandakı türk-islam mədəniyyəti abidələri ilə bağlı mühüm işlər görülmüş, “Naxçıvan buzxanaları”, “Naxçıvan hamamları”, “Naxçıvan türbələri” və başqa kitablar nəşr edilmiş, “Naxçıvan: türk-islam mədəniyyəti” televiziya filmi çəkilmişdir.

Naxçıvanın abidələri bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasında əhəmiyyətli rol oynayır. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər baxımından səyahət turizminin ən ideal məkanlarındandır.

Ötən il sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Ali Məclisin Sədri muxtar respublikada arxeoloji ekspedisiyaların davam etdirilməsi, arxeoloji abidələrin uçotu və qeydiyyatının aparılması, mühafizə olunması, ekspedisiyaların nəticələrinə uyğun olaraq bölmədə yeni elmi istiqamətlər və dissertasiya mövzularının müəyyənləşdirilməsi və bir sıra digər tapşırıqlar vermişdir. Həmin tapşırıqların icrası istiqamətində işlər davam etdirilir.

Qədim diyarda tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətinin nəticəsidir. Hər bir xalqın qədimliyi onun abidələrində yaşayır. Abidələr xalqı, xalq isə abidələri yaşadır. Tarixi-mədəni irsimizi qorumaq isə hər birimizin borcudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar” .

 

                                                     Vəli BAXŞƏLİYEV

AMEA Naxçıvan Bölməsi Tarix,

Etnoqrafiya və Arxeologiya İnstitutunun

 şöbə müdiri, AMEA-nın müxbir üzvü

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: