Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub - FOTOLAR

A- A A+

Naxçıvanda 18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Türk-İslam mədəniyyətinin Naxçıvan incisi olan Möminə xatın türbəsinin qarşısında tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, dünyanın ən qədim insan məskənlərindən biri olan Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması, bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada son  illər 70-dən artıq tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı müvafiq sərəncamlarla muxtar respublika ərazisindəki tarix-mədəniyyət abidələri elmi əsaslarla öyrənilib, onların təbliği baxımından mühüm əhəmiyyətə malik olan bir çox elmi məqalə və kitablar yazılıb. Həmçinin Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci il tarixli Sərəncamı ilə qədim diyarımızda 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılıb.

"Muxtar respublikada abidələrimizin tədqiq olunması və mədəniyyətimizin beynəlxalq miqyasda təbliği istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir", - deyən Natəvan Qədimova bildirib ki, muxtar respublikada xarici ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatların, ekspedisiyaların aparılması, eləcə də beynəlxalq simpoziumların və konfransların keçirilməsi, kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr edilməsi bu mənada mühüm əhəmiyyət daşıyır.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev “Abidələr tarixi kimliyimizdir” mövzusunda çıxış edib. Alim muxtar respublikada arxeoloji tədqiqatlar aparan ekspedisiyalar və əldə edilən mühüm nəticələr barədə məlumat verib. Qeyd edib ki, əldə olunan nəticələr Naxçıvanın qədimliyini sübut etməklə yanaşı, ermənilərin Azərbaycana qarşı ərazi iddialarına da əsaslı cavabdır.

Sonra tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikası ərazisindəki abidələrə aid çap məhsulları, rəsm əsərləri və əl işlərindən ibarət sərgi ilə tanış olub, Möminə xatın türbəsi və türbədə nümayiş olunan eksponatlara baxıblar.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: