Naxçıvan teatrına “Milli” statusu verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 28-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında bu münasibətlə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək deyib ki, Naxçıvan teatrı milli teatrımızın inkişafında mühüm rol oynayıb, ictimai fikrə və ədəbi mühitə güclü təsir göstərib, görkəmli dramaturq, rəssam, aktyor və teatr təşkilatçıları yetirib. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, teatr binaları yenidən qurulmuş və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında da yenidənqurma işləri aparılaraq 2012-ci ildə istifadəyə verilib.

Qeyd olunub ki, Naxçıvan teatrı fəaliyyət göstərdiyi bütün dövrlərdə mütərəqqi ideyalara söykənib, günün aktual məsələlərinə nüfuz edib, xalqın milli oyanışına çalışıb. Bu sənət ocağı Azərbaycan, Avropa, eləcə də dünya ədəbiyyatının və incəsənətinin qabaqcıl ənənələrindən və nailiyyətlərindən bacarıqla faydalanıb. Naxçıvan Dövlət Musiqili Dram Teatrı bu gün də klassik və müasir teatr ənənələrini davam və inkişaf etdirir, ictimai əhəmiyyəti ilə seçilən uzunömürlü səhnə əsərləri yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 29 oktyabr tarixli Sərəncamı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Aparıcı teatr” statusu verilib.

Ülvi Hüseynli bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrının “Milli teatr” statusunun verilməsi məsələsinə baxılıb. Teatrlara “milli” status milli mədəniyyətin təbliği sahəsində müstəsna xidmətlərinə görə, onların uzun illər səmərəli fəaliyyətinə, ölkə daxilində və xaricdə əldə etdiyi nailiyyətləri nəzərə alınmaqla verilir. Naxçıvan Dövlət Musiqili Dram Teatrı “Milli” statusun alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə təşəbbüslə müraciət edib. Mədəniyyət Nazirliyi tərəfindən müvafiq komissiya yaradılaraq təşəbbüsə baxılıb, komissiyanın müvafiq təqdimatın verilməsi barədə rəyi nazirliyin kollegiyasında müzakirə olunub, müvafiq sənədlər toplanaraq təqdimat məktubu ilə birlikdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə göndərilib. Bundan sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Azərbaycan Respublikası Nazirlər Kabinetinə məsələ ilə bağlı təqdimat verib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 aprel tarixli Qərarı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Milli” status verilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aparat rəhbəri Aləm Bağırov bildirib ki, “Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən teatrların “Akademik” və “Milli” statuslarına təqdim olunması Qaydası”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 69 nömrəli Qərarı olub. Qərarda muxtar respublikada fəaliyyət göstərən teatrlara “Akademik” və “Milli” statusların təqdim olunması üçün tələblər, statuslarının verilməsinə dair təqdimat və həmin statusları almış teatrların maliyyələşdirilməsi Qaydaları təsdiq edilib. Həmin Qərarın Qaydalarında göstərilən tələblərə uyğun olaraq “Milli” statusun verilməsi məsələsinə baxılıb. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Milli” status verildiyi üçün qanunvericiliyə əsasən teatrın işçilərinin əməkhaqqına 2022-ci il mayın 1-dən 50 faiz məbləğində əlavə ödəniləcəkdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova deyib ki, Azərbaycan teatrı salnaməsinə parlaq səhifələr yazan Naxçıvan Dövlət Musiqili Dram Teatrı zəngin sənət ənənələrinə malikdir. 1883-cü ildə fəaliyyətə başlamış teatrın təşəkkülü və inkişafında ölkəmizin görkəmli ədəbiyyat və incəsənət xadimləri yaxından iştirak ediblər. XX əsrin 20-ci illərində Naxçıvan teatrı yeni inkişaf mərhələsinə qədəm qoyub, Naxçıvan aktyorları vahid truppada birləşib və 1922-ci ildə Dövlət Dram Teatrı yaradılıb. Müstəqillik illərində Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, kollektiv milli dəyərlərimizin peşəkar təbliğatçısına çevrilib. Bu illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrı Azərbaycanda və müxtəlif xarici səfərlərdə öz tamaşaları ilə teatrsevərlərin rəğbətini qazanıb. Müstəqillik illərində teatrın tamaşaya qoyduğu dramlar üslub, struktur və janr müxtəlifliyi ilə seçilir və bu da teatrın axtarışlarının düzgün istiqamətdə inkişaf etdiyinin göstəricisidir. Natəvan Qədimova Naxçıvan teatrına “Milli” statusun verilməsinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mədəniyyət ictimaiyyəti adından minnətdarlıq edib.

Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, xalq artisti Rza Xudiyev bildirib ki, bu gün teatrın tarixində çox əlamətdar bir gündür. 139 yaşlı Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Milli” statusunun verilməsi dövlətimizin mədəniyyətimizə göstərdiyi böyük qayğının göstəricisidir. Hərtərəfli qayğı ilə əhatə olunan Naxçıvan teatrında 3 xalq artisti, 5 Azərbaycan Respublikasının “Əməkdar artist” i, 3 Naxçıvan Muxtar Respublikasının “Əməkdar artist”i, 1 Naxçıvan Muxtar Respublikasının “Əməkdar mədəniyyət işçisi”, 1 Naxçıvan Muxtar Respublikasının “Əməkdar rəssamı”, 2 “Tərəqqi” medallı aktyor, bir nəfər isə Prezident mükafatçısı var. Teatrımıza yeni statusun verilməsi isə üzərimizə daha böyük məsuliyyət qoyur. Göstərilən etimada görə dövlətimizə minnətdarlığımızı bildirir, teatrımızın inkişafı üçün bundan sonra da səylə çalışacağımıza söz veririk.

Sonra Azərbaycan Respublikasının “Xalq artisti” Kamran Quliyev, Naxçıvan Muxtar Respublikasının “Əməkdar artist”i Səməd Canbaxşıyev, gənc aktyor Mehri Nəbiyeva çıxış edərək göstərilən qayğıya görə minnətdarlıq ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: