Rəssamlar Birliyində dekorativ-tətbiqi sənət nümunələri satışa çıxarılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda dekorativ-tətbiqi sənət satış-sərgisi açılıb.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva bildirib ki, Naxçıvanda qədim sənət növü olan dekorativ-tətbiqi sənəti bu gün də yaşadılır və inkişaf etdirilir. Bu gün Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üzvlərinin bir neçəsi bu sənətlə məşğul olur.

Sərgidə ağac üzərində oyma, toxuma, vitrajlar, dəmir üzərində döymə, duz üzərində oyma, bədii xalçalar, müxtəlif maketlər, loqolar və digər nümunələrdən ibarət 63 dekorativ tətbiqi sənət əsəri nümayiş etdirilir. Naxçıvanın peşəkar rəssamlarının əsərləri ilə yanaşı, birliyin gənc rəssamlarının da əl işləri sərgidə öz yerini alıb. İlk dəfə olaraq təşkil edilən satış-sərgidə Rəssamlar Birliyinin xalçaçı rəssamı tərəfindən toxunan xalça da yer alıb.

Satış-sərgidə duzdan hazırlanan bəzək əşyaları xüsusilə diqqəti çəkir. Həmin əl işləri Naxçıvan Dövlət Universitetinin müəllimi Əzizə Məmmədova tərəfindən hazırlanıb. O, artıq iki ildir ki, süfrələrimizin bəzəyi olan Naxçıvan duzundan bir-birindən gözəl boyunbağı və üzüklər hazırlayır. Fərqli görünüşü ilə nəzəri cəlb edən sənət nümunələri astma-bronxit xəstəliyindən əziyyət çəkənlər üçün də təbii müalicə vasitəsidir. Buna görə də Duzdağ Fizioterapiya Mərkəzində şəfa axtaran qonaqlar bu əl işlərinə xüsusi önəm verirlər.

Qeyd edək ki, 63 dekorativ-tətbiqi sənət əsərinin nümayiş olunduğu sərgi-satış bir həftə davam edəcək. Həftə ərzində sənətə qiymət verən hər kəs bu maraqlı nümunələrdən satın ala bilərlər.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: