Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında” 2016-cı il 25 noyabr tarixli Sərəncamına əsasən, hər il mayın 5-i ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilir.
Azərbaycanda toxuculuğun tarixi 5-7 min il bundan əvvələ gedib çıxır. Naxçıvanda duz istehsalına başlanması, duzun tədavülü və daşınmasında torba və xurcunlardan istifadə toxuculuq sənətinin də qədim tarixindən xəbər verir. Toxuculuğun inkişafı isə xalçaçılıq sənətinin yaranması üçün geniş imkanlar açmışdır. Herodot, Klavdi Elian, Ksenofont və digər qədim dünya tarixçilərinin əsərlərində, "Kitabi-Dədə Qorqud" dastanında, Nizami Gəncəvi, Əfzələddin Xaqani və başqa şairlərimizin yaradıcılığında Azərbaycan xalçaları haqqında məlumatlar verilmiş, bu dəyərli mədəni irsimiz tərənnüm olunmuşdur. Görkəmli Azərbaycan və dünya rəssamlarının tablolarında da təsvir olunan xalçalarımız bu gün dünyanın məşhur muzeylərinin ən dəyərli eksponatlarındandır.
“Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür”, – deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə xalçaçılığın yaşadılması və inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Ötən əsrin 70-ci illərində Azərbaycanda Xalça Muzeyinin yaradılması, bu sahə ilə məşğul olan tədqiqatçıların, xalçaçıların diqqət və qayğı ilə əhatə edilməsi ulu öndərimizin mühüm xidmətlərindəndir. Xalçaçılıq sənətinin inkişafı sahəsində aparılan iş bu gün uğurla davam etdirilir. Ölkə rəhbərinin mədəniyyətimizin inkişafı ilə bağlı tövsiyə və tapşırıqları milli-mənəvi dəyərlərimizin, xalq sənəti növlərinin mühafizəsi və inkişafı üçün zəmin yaratmışdır. 2010-cu ildə xalça sənətimiz YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ irs siyahısına daxil edilmişdir. Azərbaycan Prezidentinin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur.
Naxçıvanda xalçaçılıq sənəti qədim tarixə və ənənələrə malikdir. Naxçıvan diyarındakı I Kültəpə ərazisindən tapılan xalçaçılıqla bağlı 177 alət tədqiqatçılar tərəfindən Kür-Araz mədəniyyətinə aid edilir. Şərur rayonundakı Ovçular təpəsindən 2019-cu ildə aşkar olunmuş sümük alətlər, o cümlədən toxuculuqda istifadə edilən biz məmulatları insanların Naxçıvan ərazisində hələ Eneolit dövründən toxuculuqla məşğul olduğunu sübut edən tutarlı faktlardandır. Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılmış ən qədim xalça hissələri, eləcə də ibtidai gil cəhrələr burada hələ qədimdən toxuculuq sənətinin inkişaf etdiyini göstərir.
Xalçaçılıq Naxçıvanda Tunc dövründən başlayaraq inkişaf etmiş, daha da zənginləşərək bu günümüzə gəlib çatmışdır. Orta əsr ərəbdilli mənbələrdə Naxçıvanda xalçaçılığın inkişafı və bu ərazidə toxunan xalçaların dünya bazarında satılması haqqında maraqlı məlumatlara rast gəlmək mümkündür. 982-ci ildə ərəb dilində yazılmış “Hüdüd-əl-Aləm” (“Dünyanın sərhədləri”) adlı əsərdə Naxçıvanda toxuculuğun inkişafı haqqında qeydlər öz əksini tapmışdır. Bütün bunlar da onu bir daha sübut edir ki, Naxçıvan ərazisində xalça toxuma sənəti e.ə IV-III minilliklərdə yaranmışdır. X-XII əsrlərdə Naxçıvanda xalçaçılıq elə yüksək səviyyəsinə çatmışdır ki, Azərbaycanın şəhərlərində toxunan müxtəlif növ xalçaların ornament və təsvirlərinin tərtibatında naxçıvanlı sənətkarların əl işlərindən geniş istifadə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Xalça toxumaq sənəti tarixən Azərbaycanda, o cümlədən Naxçıvanda aparıcı peşə sahələrindən biri olmuşdur. Təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, həyat və məişət şəraiti Naxçıvanda xalçaçılığı hələ uzaq keçmişlərdə sənətkarlığın mühüm sahələrindən birinə çevirmişdir. Bu ərazidə istehsal edilən iri ölçülü, qalın toxunuşa malik xovlu və xovsuz xalçalardan məişətdə geniş istifadə edilmişdir. Arxeoloji qazıntılar zamanı əldə olunmuş ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları Naxçıvanın qədim toxuculuq mərkəzlərindən biri olduğunu təsdiq edir”.
Qədim ənənələrə malik Naxçıvan xalçaçılıq sənəti bu gün də yaşadılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı bu qədim sənətin inkişafı və təbliği sahəsində də yeni imkanlar açmışdır. Naxçıvan Dövlət Xalça Muzeyi ölkəmizdə müstəqillik illərində yaradılan ilk muzeylərdəndir. 1998-ci ildə yaradılan bu muzey 2010-cu ildə yeni binaya köçürülmüşdür. Yarandığı vaxt 359 eksponatla fəaliyyətə başlayan muzeyin eksponatlarının sayı bu gün 3 mindən artıqdır. 2013-cü ildə muzey yenidən qurulmuşdur. Muzeyin internet saytının yaradılması ilə dünyanın hər yerindən muzeyi virtual ziyarət etməyə, ziyarətçilərin ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar almalarına, həmçinin tarixi keçmişimizi öyrənmələrinə imkan yaratmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Xalça Muzeyinə də ekskursiyalar təşkil olunur. Bu gün Naxçıvan Dövlət Xalça Muzeyi mədəni mərkəzə çevrilmişdir. Burada xalçaçılıqla bağlı mütəmadi sərgilər təşkil olunur, kitab təqdimatları, elmi konfranslar keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə görülən işləri daha da sürətləndirmiş, xalçaçılıq ənənələrinin daha dərindən öyrənilməsi, araşdırılması və təbliği üçün geniş imkanlar açmışdır. Dövlət proqramında milli xalçaçılıq ənənələrinin qorunması və inkişaf etdirilməsi, ixrac potensialının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi kimi vəzifələr müəyyənləşdirilmişdir. Dövlət proqramının icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə 635 xalça haqqında məlumatlar daxil edilmişdir.
Muxtar respublikada xalq yaradıcılığı sahələrinin inkişafı, insanların bu sənətə olan marağının artırılması məqsədilə Şərur rayonundakı Cəlilkənddə XIX əsrə aid “Buzxana” Kompleksində xalçatoxuma sahəsi fəaliyyətə başlamışdır. Həmçinin “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” sosial layihəsi çərçivəsində naxçıvanlı xalçaçı qadınlarla müqavilələr bağlanılmış, milli çeşnilər əsasında evlərdə xalça toxunması məqsədilə onlar material və avadanlıqlarla təmin olunmuşlar. Bu, məşğulluğu təmin etməklə yanaşı, həm də xalçaçılıq sənətinin yaşadılması istiqamətində atılan mühüm addımlardandır. Xalçaçılıq sahəsini inkişaf etdirmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması da davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 24 noyabr tarixli müvafiq Sərəncamı əsasında “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması istiqamətində işlər davam etdirilir. Görülən işlər əhalinin məşğulluğunun təmin olunması sahəsində xalçaçılığın rolunu artırır və eyni zamanda bu sahədə yeni turizm məhsullarının ərsəyə gəlməsinə zəmin yaradır.
Bu gün Naxçıvan Dövlət Xalça Muzeyində, Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə açıq dərslər təşkil olunur. Muxtar respublikanın bölgələrində xalçaçılıq kursları fəaliyyət göstərir. Xalçatoxuyanlar üçün lazımi şərait yaradılır. Həmçinin Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçılıq üzrə peşə kurslarının, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyinin fəaliyyət göstərməsi, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunmasının təşkili, muxtar respublikanın kəndlərində xalçatoxuyan qadınların hana və digər zəruri ləvazimatlarla təmin olunması xalçaçılığın inkişafına öz töhfəsini verir.
Xalçaçılıq sənətinin hər bir nümunəsi xalqımızın gündəlik həyat tərzini özündə ehtiva edən, onun bədii-estetik dünyagörüşünün zənginliyindən soraq verən sənət əsərləridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Naxçıvan xalçaları, sadəcə xalça deyil, bunlar həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli nümunələrdir. Ona görə də bu nümunələrin öyrənilməsi, tədqiqat işlərinin davam etdirilməsi bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır”.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti