Xalçalar dünənimiz, bu günümüz, sabahımızdır - FOTOLAR

A- A A+

Uşaq ikən evimizin divarından asılan xalçanın üzərindəki naxışlara  baxaraq yuxuya gedərdim. Xalçadakı gül-çiçəklər, qoç və dəvə təsvirləri diqqətimi cəlb edərdi. Nənəm bir vaxtlar anam üçün cehiz toxumuşdu həmin xalçanı. Anamın bu gün də əzizləyərək saxladığı,  nənəmin barmaqlarının izi, gözünün nuru, qəlbinin hərarəti hopan o xalça illərdir nə qədər yuyulsa da, rəngi solmayıb. Buna səbəb kimi xalçanı toxumaq üçün hazırlanan iplərin təbii bitkilərlə boyanmasını deyir anam hər zaman.

Nənələrimizdən yadigar qalan belə incilər Naxçıvanda az qala hər evdə var.  Vaxtilə  müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən  xovlu və xovsuz xalça nümunələri məişətdə geniş istifadə olunub. Cavan gəlinlərin özlərinə cehizlik xalça  hazırlaması, yaxud anaları tərəfindən əllə xalça toxunub onlara cehiz verilməsi el adəti olub.

Bu günlərdə tariximizin belə incilərinin qorunub saxlandığı Naxçıvan Dövlət Xalça Muzeyində oldum. 1998-ci ilin aprel ayında Xan sarayında fəaliyyətə başlayan bu muzey milli irsimizin qiymətli nümunələrini  xalçaları  və onları ərsəyə gətirmək üçün istifadə olunan avadanlıqları qorumaq, təbliğ etmək üçün yaradılıb. Muzeyi dolaşdıqca 1800-2013-cü illərə aid dövrü əhatə edən eksponatların sehrinə düşdüm.  İllərin, əsrlərin  sənət əsərləri gözəlliyi  ilə  heyranlıq doğururdu. Hərəsi bir aləm, hərəsi bir dövrün tarixi olan bu xalçaların naxışları danışırdı bizə yun kitabələrin tərcümeyi-halından,  gözəlliyindən.

3000-dən artıq eksponatın mühafizə olunduğu muzeydə ilk olaraq xalçaçılığın ilkin forması olan keçələrlə qarşılaşdıq. Yayda sərinlik yaradıb, qışda soyuqdan qoruyub keçələr. 1900-cü ildə Kəngərli rayonunun Qıvraq qəsəbəsində hazırlanan keçə isə muzeydəki ən qədim keçədir. Bu xovsuz xalça növünün yanında daha müasir keçə var. Həmin keçə 2013-cü ildə Naxçıvan Regional Peşə Tədris Mərkəzinin təşkil etdiyi Keçəçilik kursunun müdavimləri tərəfindən qədim bir keçə əsasında hazırlanıb və muzeyə hədiyyə edilib.

İstilik məqsədilə deyil, evlərdə döşənəcəyin altında yaranan nəmişliyin qarşısını almaq üçün qamış yarpağından, cığala adlanan  otdan hazırlanan çətən və ya həsir də əsrlər boyu məişətdə geniş istifadə olunub. Həsir deyib keçməyək. Min çeşnisi, saysız naxış sirri var onun da. Həzrəti Məhəmməd Peyğəmbərin yaşadığı evin döşəməsində, İspaniya kralı V Ferdinandın sarayında, Əmir Teymurun alaçığında da həsir olub.

Babək rayonunun Qahab kəndindən muzeyə təqdim edilən   rəngbərəng palaz sadə toxunuşu ilə diqqətimi çəkdi. Müxtəlif rəngli və ölçüdə təkrarlanan zolaqlara malik palazlar bir vaxtlar, xüsusən yay aylarında evlərin döşənəcəyini bəzəyib. Bu xovsuz xalça nümunələrini  indi də bəzi ucqar dağ kəndlərindəki evlərdə görmək mümkündür.

Əvvəllər duzun nəm qalmaması və onun bir yerdən başqa yerə daşınması üçün istifadə olunan duz torbaları,  at və dəvələrə yüklənən xurcunlar, məfrəşlər, arpa, buğda yığılan xarallar, quramalar, səccadələrə baxdıqca bir anlıq o dövrün evlərinə qonaq oldum.    Sandıq xarakteri daşıyan bu  məfrəş  1872-ci ildə Şərur rayonunun Danyeri kəndində  hazırlanıb və vaxtilə insanların həyatında mühüm rol oynayıb. El yaylağa köçəndə bir çox əşyalar belə məfrəşlərlə daşınıb.

Gözəl kompazisiya quruluşu ilə seçilən və digər xalça növlərindən fərqli olaraq hər iki üzündən istifadə olunan kilimlərin üzərindəki naxışlar, quş təsvirləri, həndəsi elementlər maraq doğurur.

Özünəməxsus toxunuşu və bədii quruluşu ilə seçilən şəddələrin  üzərində bəzən atların, bəzən də dəvələrin sıralanması Naxçıvanın qədim karvan yolu üzərində yerləşməsinin nişanəsidir.

1950-ci ildə Kərkidə toxunan xalçada ağac, bolluq və bərəkət rəmzi olan  qoç təsvirləri var.

2018-ci ildə “Azərxalça” tərəfindən muzeyə hədiyyə olunan Günüt xalçası isə elə Günnütün təbiəti kimi al-əlvan, füsunkardır. Xalçanın göl hissəsində böyük ölçülü həndəsi elementlər verilib. XX əsrin əvvəllərində toxunan, üzərində nəbati naxışların üstünlük təşkil etdiyi    xovlu yun xalçanın rəngi heç solmayıb...

Ekspozisiyada vaxtilə kəndimizdə (Şərur rayon Dərəkənd) hazırlanan  xalçanı da gördüm. Kim bilir, bəlkə elə çələbi naxış elementlərinə malik olan bu al-əlvan xalçanı da nənəm toxuyub?

Bir xalçanın üzərində Hafiz Şirazinin şeirindən bir bənd yazıb o dövrün xalçaçıları.

Bəli, onlar gördüyünü, bildiyini, yaşadıqları dövrün tarixini  toxuduqları xalçalara köçürüblər.  Və bu gün biz hər ilməsində dərin məna, böyük bir hikmət gizlənən bu sənət əsərlərinə  baxanda sadəcə düşünürük.

Xalçanı evdə, muzeydə, sərgidə görmək bir yana, onun hanada toxunuşunu izləmək də ayrı bir aləmdir. Bura sadəcə bir sərgi salonu, xalçaların sərgiləndiyi ekspozisiya deyil. Qonaqlar burda həm də  əyani şəkildə xalçanın necə toxunduğunu görə bilirlər. Xalçaçı Gülsüm Kəngərli və Rübabə Əliyeva muzeyə gələnlərə Naxçıvan xalçalarının rəng və naxış sirrini açır.

Muzeydə xalçalarla yanaşı yun daraqlar, cəhrələr, həvə, kirgit, qədim qablar və milli geyimləri, xalçaçılığa aid rəsm əsərlərini də gördük.

Ekspozisiyadakı ən böyük xalı Kəngərli rayonunun Xıncab kəndindən muzeyə təşrif buyurub. Üzərində yarpaq təsvirlərinin üstünlük təşkil etdiyi həmin xalça 1800-cü ildə toxunub.

1900-cü ildə Ordubadın Nüsnüs kəndində yun və ipək sapdan toxunan  cecimin üzərindəki 7 rəng isə göy qurşağını xatırladır elə bil.

Xalçaçılarımızın Naxçıvanın muxtariyyətinə həsr etdiyi  xalçalar  da var bu muzeydə. 1949-cu  ildə  Qarabağ xalçaçıları tərəfindən toxunan xalça muxtariyyətin 25 illiyinə həsr olunub. Həmin xalça muzeydə Qarabağ xalçaları qrupuna aid olan yeganə xalçadır.

1984-cü ildə Naxçıvanın muxtariyyətinin 60 illiyi ilə əlaqədar  toxunan xalçaya baxanda isə  insan özünü Naxçıvanın əzəmətli abidələrinin əhatəsində və üzüm bağlarının arasında görür.

Hər ilməsi sirli, əfsunlu, hər naxışı düşündürücü olan bu xalçaların palitrasına Naxçıvanın təbii coğrafi şəraiti, gözəl məzərələri, bağları, meşələri və yaşıl çəmənliklərinin rəngi hopub.  

Fərqli naxışlarla bəzədilən, bir zamanlar çadırları, alaçıqları, evləri bəzəyən, indi bu muzeydə eksponat kimi qorunan, yaşı min illərə, yüz illərə  dayanan  xalçalar muzeyə gələn qonaq və turistləri  heyran edir.

Onlar bu muzeydə Naxçıvanın hər elindən,  obasından olan xalçalarla tanış olur, onlara maraqla baxırlar. Toxuculuq qabiliyyətini keçə və həsir toxumaqla ifadə edən nənələrimiz zaman-zaman xalçaların ən gözəl nümunələrini yaradanda özləri də bilmirdilər ki,  yaratdıqları özlərindən sonra da yaşayacaq, dünyanı dolaşacaq və muzey eksponatına  dönəcək.

Mifologiyamızın, bayatılarımız,  tariximiz,  poeziyamız,  nağıllarımızın zaman-zaman obrazlaşdığı hər xalçadan bir ürəyin hekayəti dilləndi. Bəzilərinin rəngi solmuş, bəzisinin ilməsi süzülmüş, bəzilərinin də rəngini elə ik toxunduğu andakı kimi şux saxlayan  xalçaların yanında  xalçaçı nənələrimizin nurani, pirani  görkəmi boy verdi sanki.  Nə yaxşı ki, onlar  bu  sərvəti  bizə ərməğan qoyublar.

Əsrlər keçsə də, nəsillər dəyişsə də,  xalçaçılıq unudulmur.  Bir estafet kimi  nəsildən nəsilə ötürülür. Əgər bir vaxtlar xalçaçılıq  məişətdə mühüm yer tutduğuna görə qadınların sevimli məşğuliyyəti idisə, bu gün  həm də  onların çörək ağacına çevrilib. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərxalça” ASC-nin Naxçıvan filialının yaradılması  xalça sənətini bilən onlarla qadının işlə təmin olunmasına şərait yaradıb. Bu gün orda çalışan xalçaçıların arasında gənc qız-gəlinlər, orta yaşlı qadınlar var. Gənclər əvvəlcədən təlim kursu keçsələr də, istehsal prosesində, xalça toxuduqca ustalaşırlar, yaşlı xalçaçılar da bildiklərini onlardan əsirgəmirlər.

Naxçıvan Dövlət Xalça Muzeyində də mədəniyyətimizin tərkib hissəsi olan bu qədim sənət daim yaşasın, nəsildən nəsilə ötürülsün deyə çox iş görülür. Muzeyin internet saytının üç dildə fəaliyyət göstərməsi dünyanın hər yerindən muzeyi virtual olaraq ziyarət etməyə imkan verir.

Və ən ümdəsi, xalça sənətinə, xalçaçıların əməyinə verilən dəyərdir ki,  2016-cı ildən  5 may  tarixi Azərbaycanda “Xalçaçı günü” kimi qeyd olunur. Çünki hər bir sənət əsərini yaradanlar, yaşadanlar  elə o sənət əsərləri qədər dəyərlidir. Özündə keçmişin izlərini yaşadan xalça  tarix, abidə, dəyişən zamanın dəyişməyən dəyəridir. Xalçaçılarımızın əl əməyi, göz nuru, nəsilərin yadigarı olan bu dəyərlər Naxçıvan Dövlət Xalça Muzeyində də layiqincə qorunur və təbliğ edilir.                  

Türkanə Əmoyeva

NUHÇIXAN"

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: