Bu gün “Eurovision 2022” mahnı müsabiqəsinin ilk yarımfinalı başlayır

A- A A+

Bu gün İtaliyanın Turin şəhərinin ev sahibliyi ilə 66-cı “Eurovision” mahnı müsabiqəsinə start veriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) və İtaliyanın “Rai” televiziya kanalının təşkilatçılığı ilə keçirilən dünyanın ən böyük canlı musiqi tədbirində bu il 40 ölkə iştirak edir. Bu 40 ölkənin 35-i yarımfinallarda yarışacaq.

Mayın 10-da keçiriləcək “Eurovision 2022”nin ilk yarımfinalında 17 ölkə - İslandiya, Avstriya, Danimarka, İsveçrə, Albaniya, Moldova, Xorvatiya, Yunanıstan, Litva, Latviya, Ukrayna, Norveç, Sloveniya, Bolqarıstan, Niderland, Portuqaliya və Ermənistan yarışacaq.

İkinci yarımfinal mayın 12-də keçiriləcək və Azərbaycan, Rumıniya, Şimali Makedoniya, Belçika, Kipr, İrlandiya, Estoniya, Avstraliya, San-Marino, Monteneqro, Polşa, Finlandiya, İsveç, Malta, İsrail, Gürcüstan, Serbiya, Çexiya təmsilçiləri səhnəyə çıxacaqlar.

Yarımfinallarda ilk 10-luğa daxil olmağı bacaran ölkələr finalda mübarizə aparacaqlar. Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya yarışmaya birbaşa finaldan qoşulacaq. Final isə mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçiriləcək.

“Eurovision 2022”də Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə ikinci yarımfinalda çıxış edəcək. Mahnı müsabiqəsində iştirakçılara Azərbaycandan münsiflər tərəfindən veriləcək səsləri “İctimai TV”nin aparıcısı Nərmin Salmanova elan edəcək. O, finalda iştirakçıların taleyini həll edəcək jüri ballarını səsləndirəcək. Şüarı “The Sound of Beauty” (“Gözəlliyin Səsi”) olan builki musiqili yarışmanın Azərbaycan üzrə şərhçisi müğənni, bəstəkar Murad Arif olacaq.

Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi 31 ildən sonra yenidən İtaliyada keçirilir. İtaliya “Zitti e buona” mahnısı ilə 1990-cı ildən bəri ilk dəfə ötən il “Eurovision” müsabiqəsinin qalibi olub. İtaliya artıq üçüncü dəfə (1965-ci ildə Neapol, 1991-ci ildə Roma) “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək.

2021-ci ildə dünyanın ən böyük canlı musiqi tədbirini 190 milyonadək izləyici istər televiziya ekranlarında, istərsə də onlayn formada izləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: