Azərbaycanın turizm imkanları Birləşmiş Ərəb Əmirliklərində təqdim olunur - FOTOLAR
Mayın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində start götürən “ATM Dubai 2022” (Arabian Travel Market 2022) beynəlxalq sərgisində Azərbaycan milli stendlə təmsil olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə tədbirdə “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan Turizm Departamenti, eləcə də 31 yerli turizm şirkəti iştirak edir.
Sayca 29-cu dəfə keçirilən sərgidə ziyarətçilərə Azərbaycanın müxtəlif regionlarının, eləcə də işğaldan azad olunan ərazilərin turizm imkanları tanıdılır, yeni turizm məhsulları, hazırda mövcud olan səyahət qaydaları, Yaxın Şərq ölkələrindən Azərbaycana səfər imkanları haqqında geniş məlumat verilir.
Mayın 12-dək davam edəcək beynəlxalq sərgidə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə BƏƏ-dən olan turizm şirkətləri, eləcə də digər region ölkələrindən olan turizm üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri ilə B2B görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunur, yeni turizm məhsulları və turizm istiqamətləri haqda məlumat verilir.