May ayının 11-də 139 yaşını qeyd etdiyimiz Naxçıvan Dövlət Milli Dram Teatrı nəinki Azərbaycanda, Şərqdə ikinci peşəkar sənət ocağı sayılır. Teatrda çalışan hər kəs təbii ki, bununla qürur duyur. Qeyd edək ki, teatr yaratmaq təkcə ictimai bir hadisə deyil, həm də bir inqilabdır. Şüurlarda, düşüncələrdə və cəmiyyətin mədəni həyatında baş verən bu yenilik üçün mütləq münbit zəmin yaranmalıdır. Yəni teatrı yaratmaq üçün ilk növbədə müasir dünyagörüşlü, savadlı, təhsilli olmaqla yanaşı həm də istedadlı insanlar bir araya gəlməlidir. Bu münbit zəmin isə 19-cu əsrin 80-ci illərində artıq Naxçıvanda formalaşmışdı. Bakıda, Tiflisdə, Peterburqda, Moskvada və Avropa ölkələrində təhsil alan vətənpərvər ziyalılar, eyni zamanda vacib geosiyasi coğrafiyada, qədim İpək yolunun üzərində, Şərqlə Qərb düşüncəsinin kəsişdiyi bir məkanda yerləşən Naxçıvanın ictimaiyyəti mədəniyyət baxımından artıq yetərincə inkişaf etmişdi. Məhz bunun nəticəsidir ki, 1883-cü ilin may ayının 11-də M.F. Axundovun “Müsyö Jordan və dərviş Məstəlişah” komediyası Hacı Nəcəf Zeynalovun evində oynanılmaqla Naxçıvan Teatrının həyata vəsiqə qazandığını təsdiq etdi. Hətta 1984-cü ildə Eynəli bəy Sultanovun yazdığı “Tatarka” əsəri rus dilində tamaşaya qoyulub.
Naxçıvan teatrının 100 il əvvəlki keçmişinə baxanda görürük ki, bu sənət ocağı iki dəfə böyük savaşın I və II Dünya müharibələrinin, 1905-07, 1918-20-ci illərdə ermənilər tərəfindən törədilən qırğınların, 1919-cu ildə ingilis qoşunlarının Naxçıvanı işğal etməsinin şahidi olub. Maddi cəhətdən çətinliklərlə üzləşməsinə baxmayaraq fədakar aktyorlar, rejissorlar və teatr işçiləri inamla və cəsarətlə öz fəaliyyətlərini davam etdiriblər. Ən çətin dövr sayılan 1919-cu ildə ermənilərin Naxçıvanda qətliamlar törətdiyi bir vaxtda belə teatr öz tamaşalarını oynamaqda davam edib. Hətta Birinci Dünya müharibəsində Türkiyənin Ərzurum, Qars, Ərdahan, Sarıqamış bölgələrindən Naxçıvana çoxlu qaçqınlar gəlmişdi. Onlar günlərlə ac-susuz yol gəlmişdilər, qalmağa yerləri yox idi. Naxçıvan camaatı onları himayəyə götürdü, əyin-baş, yemək verdi. Hətta kimsəsiz uşaqları övladlığa götürənlər də tapıldı. Naxçıvanın teatr həvəskarları isə bir neçə tamaşa oynayıb hasil olan pulu onlara verdilər. Yeri gəlmişkən, qeyd edək ki, Naxçıvanın teatr həvəskarları həmişə xeyriyyəçilik istiqamətində səmərəli işlər görüblər.
Maraqlı burasıdır ki, məhz həmin dövrdə səhnələşdirilən tamaşaların məzmunu zorakılığa, zülmə qarşı mübarizə, gələcəyə ümid və insanlarda vətənpərvərlik hisslərini aşılayan motivləri özündə əks etdirib. Bu çətinliklərin təzyiqi ilə üzləşən teatr kollektivi öz tamaşalarını Naxçıvanla bərabər Təbriz şəhərində də oynamağa məcbur olub.
Həmin illər tamaşaya qoyulan əsərlərin içərisində Şəmsəddin Saminin “Dəmirçi Gavə”, Namiq Kamalın “Vətən, yaxud Silistirə”, “Zavallı cocuq”, İsa bəy Aşurbəylinin “Azərbaycan”, Nəriman Nərimanovun “Nadir şah”, Əbdürrəhman bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” və başqa bu kimi əsərlərin olması teatrın milli azadlığımız və vətənin bütövlüyü uğrunda işğalçılara qarşı mübarizədə öz mövqeyini necə nümayiş etdirdiyini aydın göstərir. Həmin illərdə yetişən peşəkar rejissorlar Rza Təhmasib, Həsən Səfərli, Böyükxan Naxçıvanlı, rəssamlar Bəhruz Kəngərli, Adil Qazıyev, aktyorlar Əli Xəlilov, Rza Təhmasib, Əliqulu Sultanov, Fərəc Kəngərli, Həmid Mahmudov və başqaları Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Mirzə Cəlil Şürbi, Məmməd Tağı Sidqinin yaratdığı teatr ənənələrini uğurla davam etdirirdilər. 1920-ci illərdən başlayaraq Səməd Mövləvi, Rza İsfəndiyarlı, Mirhəsən Mirişli, Xədicə Qazıyeva, Firuzə Əlixanova və başqalarının səhnəyə gəlişi ilə Naxçıvan Teatrının yeni inkişaf dövrü başladı. Məhz bu uğurlu fəaliyyətin nəticəsi idi ki, 1922-ci ildən sənət ocağımız Naxçıvan Türk Hökumət Teatrı adlandırıldı. Dünənə qədər “Naxçıvan müsəlman incəsənəti və dram cəmiyyəti”, “El güzgüsü”, “İmdad”, “Ümid” kimi yaradıcı dərnəklərdə həvəskar truppa ilə fəaliyyət göstərən Naxçıvan teatrı artıq dövlət teatrı statusu almışdı. Təbii ki, bu da yaradıcılığa ciddi təsir göstərdi. Artıq səhnədə yerli və əcnəbi dramaturqların komediyaları, dramları, faciələri ilə yanaşı “Leyli və Məcnun”, “Aşıq Qərib” kimi operalar, hətta Şeksprin “Otello”, “Hamlet” kimi mürəkkəbsüjetli əsərləri belə səhnələşdirilirdi.
Naxçıvan Teatrı bir neçə ilkə də imza atıb. Belə ki, Cəlil Məmmədquluzadənin “Ölülər” və “Dəli yığıncağı” əsərləri ilk dəfə məhz bu teatrın səhnəsində sənət həyatına pərvəriş tapıb. İlk dəfə Qafqaz İslam Ordusunun komandanı Kazım Qarabəkir paşa 1918-ci ildə burada Namiq Kamalın “Vətən, yaxud Silistirə” əsərinə quruluş verib. 1987-ci ildə teatrıda hazırlanan yunan dramaturqu Sofoklun “Elektra” tamaşası Tiflisdə keçirilən beynəlxalq festivalda iştirak edib və bu gözəl oyun o zamankı Mərkəzi televiziya ilə bütün Sovet İttifaqına yayımlanıb.
Naxçıvan Teatrında bu illər ərzində yetişən rejissorlar Səməd Mövləvi, Yusif Yıldız, İbrahim Həmzəyev, Baxşı Qələndərli, Vəli Babayev, Vaqif Əsədov, Əliqismət Lalayev və digərləri bir birindən maraqlı əsərlərə quruluş veriblər. Xalq artistləri Əyyub Haqverdiyev, İsa Musayev, Məmməd Quliyev, Firuzə Əlixanova , Sofya Hüseynova, Roza Cəfərxanova, Əkbər Qardaşbəyov, Aydın Şahsuvarov, İbrahim Bənəniyarlı, Yasəmən Ramazanova, Kamran Quliyev, Rövşən Hüseynov və başqaları nəinki muxtar respublikada, bütün Azərbaycanda tanınan sənətkarlardır.
Naxçıvan teatrında bir neçə nəslin nümayəndəsi olan sələflər və xələflər ənənəsini yaşadan aktyorlar da var. Onlar öz ilə talelərini bu teatra bağlayaraq öz adlarını tarixə yazıblar. Xalq artisti Səməd Mövləvi və oğlu Xalq artisti Tofiq Mövləvi, Azərbaycan teatr sənətinə 3 xalq artisti bəxş edən Azərbaycan Respublikasının Əməkdar artisti Xədicə Qazıyevanın qızı Xalq artisti Sofya Hüseynova, nəvələri, Xalq artistləri Rəfael Dadaşov və Rövşən Hüseynov, Xalq artisti Əyyub Haqverdiyev və oğlu Əməkdar artist Behruz Haxverdiyev teatrın dünəni və bugünüdür.
Teatr bu gün də uğurlu yaradıcılıq yolunu davam etdirir. İndi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub. Belə ki, teatrın 1964-cü ildə inşa edilən binası 2012-ci ildə yenidən qurularaq müasir və bütün tələblərə cavab verən bir sənət məkanına çevrilib. Aktyorlar və texniki heyət üçün hər cür şərait yaradılıb. 2009-cu ildə teatra “Aparıcı”, 2022-ci ildə isə “Milli” statusun verilməsi həm yaradıcılığa, həm də kollektivin maddi vəziyyətlərinin yaxşılaşmasına müsbət təsir edib. Bunun üçün ilk növbədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova öz minnətdarlığımızı bildiririk. Nə qədər ki, teatrsevərlər və sənəti sevən tamaşaçılar var, bu teatr da yaşayacaq.
Rza Xudiyev
Xalq artisti