Naxçıvan teatrının yaradılmasının 139-cu ildönümü qeyd edilib - FOTOLAR
Muxtar respublikada teatrların fəaliyyətinə hərtərəfli dövlət qayğısı göstərilir. Hazırda muxtar respublikada Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı fəaliyyətdədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan teatrının yaradılmasının 139-cu ildönümü münasibətlə keçirilən tədbirdə çıxış edən muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova deyib.
Azərbaycan milli teatr tarixinə parlaq və şərəfli səhifələr yazmış Naxçıvan teatrının tarixindən danışan nazir bildirib ki, Azərbaycanda ilk peşəkar teatrın yaranmasından 10 il sonra – 1883-cü il mayın 11-də böyük mədəniyyət və ziyalılar yurdu olan Naxçıvanda da teatrın əsası qoyulub. 1883-cü ildə fəaliyyətə başlamış teatrın təşəkkülü və inkişafında ölkəmizin görkəmli ədəbiyyat və incəsənət xadimləri Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Bəhruz Kəngərli, Məhəmməd Tağı Sidqi, Eynəli bəy Sultanov və digərləri yaxından iştirak ediblər.
Qeyd olunub ki, XX əsrin 20-ci illərində Naxçıvan teatrı yeni inkişaf mərhələsinə qədəm qoyub, Naxçıvan aktyorları vahid truppada birləşib və 1922-ci ildə Dövlət Dram Teatrı yaradılıb. Bu illər ərzində teatr tərəfindən müxtəlif səpkili əsərlər uğurla səhnələşdirilib. Zəngin tarixi inkişaf dövrü keçmiş Naxçıvan teatrının müstəqillik illərində yaradıcılıq axtarışları genişlənib, kollektivlər tamaşaları ilə teatrsevərlərin rəğbətini qazanıb. Naxçıvan teatrının yarandığı gündən bu günədək uğurlu fəaliyyəti və inkişafı daim dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib, bu ilin aprelin 27-də teatrın dövlət statusu almasının 100 illiyi ərəfəsində ona “milli” statusu verilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə son illər ərzində Naxçıvan teatrının yarandığı gündən bu günə kimi keçdiyi inkişaf yolunun tədqiqi, kadr hazırlığı ilə də bağlı bir sıra uğurlu işlər həyata keçirilib. Muxtar respublikada teatr sənətinə könül verənlərin əməyi də dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, yaradıcı insanlar fəxri adlara, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülüblər.
Nazir çıxışının sonunda Naxçıvanda teatrın inkişafına daim yüksək diqqət və qayğı göstərən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova muxtar respublikanın teatr ictimaiyyəti adından dərin minnətdarlığını bildirib, bu əlamətdar gün münasibətilə bütün teatrsevərləri təbrik edərək onlara milli mədəniyyətin inkişafı yolunda uğurlar arzulayıb.
Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru Rza Xudiyev çıxışında bildirib ki, zəngin tarixi inkişaf dövrü keçmiş Naxçıvan teatrının müstəqillik illərində yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, kollektiv milli dəyərlərimizin peşəkar təbliğatçısına çevrilib. Bu illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrı Azərbaycanda və müxtəlif xarici səfərlərdə öz tamaşaları ilə teatrsevərlərin rəğbətini qazanıb. Teatr repertuar zənginliyini daim diqqət mərkəzində saxlayır, klassik və müasir dramaturgiyanın dəyərli nümunələrindən, dünya klassiklərinin əsərlərindən tamaşalar hazırlayır.
Sonra Karel Çapekin “Ana” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Həcərxanım Məmmədova, rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur. Rolları Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli, digər aktyorlar Zəminə Məmmədova, Ələsgər Quliyev, Səyyad Məmmədov, Məmməd Mehdiyev, Uğur Nəsirli və Nurlan Sultanlı yüksək ustalıqla ifa ediblər. Tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb.