Mayın 14-də İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin finalı keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da baş tutacaq böyük finalda 25 ölkənin təmsilçiləri yarışacaqlar. Həmin ölkələr Azərbaycan, Belçika, Çexiya, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Ruminiya, Serbiya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya, Ermənistan, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliyadır.
Dünyanın ən böyük canlı musiqi tədbirində Azərbaycanı təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə 15-ci nömrə altında çıxış edəcək. Səsvermə zamanı iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri “İctimai TV”nin aparıcısı Nərmin Salmanova elan edəcək.
Avropa Yayım Birliyi (EBU) və İtaliyanın “Rai” televiziya kanalının təşkilatçılığı ilə keçirilən “Eurovision 2022”nin builki şüarı “Gözəlliyin Səsi”dir (“The Sound of Beauty”).
Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi 31 ildən sonra yenidən İtaliyada keçirilir. İtaliya “Zitti e buona” mahnısı ilə 1990-cı ildən bəri ilk dəfə keçən il “Eurovision” müsabiqəsinin qalibi olub. İtaliya artıq üçüncü dəfə (1965-ci ildə Neapol, 1991-ci ildə Roma) “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edir.