Muzeylər mədəni irsimizin qorunması və təbliğində mühüm rol oynayır - FOTOLAR
18 may Beynəlxalq Muzeylər Günüdür
YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasının 1977-ci ildə qəbul etdiyi qərara əsasən 18 may bütün dünyada “Beynəlxalq Muzeylər Günü” kimi qeyd edilir. Bu günün qeyd olunmasının əsas məqsədi ictimaiyyətin diqqətini mədəni irsə cəlb etməklə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək göstərməkdən ibarətdir.
Muzeylər milli özünəməxsusluğu nümayiş etdirən, milli-mənəvi dəyərləri toplayan, keçmişlə bağlı həqiqətləri təcəssüm etdirən, qoruyan və təbliğ edən mədəniyyət ocaqlarıdır. Bu gün muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malik olmaqla respublikamızın bütün bölgələrini əhatə edir.
Ölkəmizdə muzey işinin, muzeyşünaslığın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan ulu öndər respublikada muzey şəbəkəsinin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlamışdır. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, ev-muzeyləri, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır. Həmçinin həmin illər ölkəmizdə bu sahəni inkişaf etdirmək üçün Azərbaycan Muzeylər İdarəsi, Muzey İşi üzrə Respublika Elmi-Metodik Mərkəzi, Muzeylərin Bədii Tərtibatı Müəssisəsi, Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi kimi qurumlar yaradılaraq fəaliyyətə başlamışdır. Ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanda muzey şəbəkəsinin inkişafı daha intensiv xarakter almış və 100-dən çox muzey yaradılmışdır. Ölkəmizdə tarix-diyarşünaslıq muzeyləri, görkəmli tarixi şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ev-muzeyləri, xatirə muzeyləri təşkil edilmişdir. Əgər 1969-cu ilədək Azərbaycanda cəmi 29 muzey fəaliyyət göstərirdisə, ümummilli liderin hakimiyyəti illərində ölkəmizdə 111 müxtəlif profilli muzey yaradılmışdır.
“Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”, – deyən ümummilli lider Heydər Əliyevin müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, bu sahədə qanunvericilik bazası yaradılmışdır. Muzey işçilərinin respublika müşavirəsi keçirilmiş, “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilmişdir. 2000-ci ildə qəbul edilən “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bunlarla bağlı münasibətləri tənzimləyir.
“Xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu sahədə uğurlu addımlar atılır, mühüm işlər həyata keçirilir. Ölkəmizdə 200-dən çox muzeyin fəaliyyət göstərməsi bunun bariz ifadəsidir. Dövlət başçısının “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart və 2009-cu il 22 may tarixli sərəncamları ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı” bu sahənin hüquqi bazasının formalaşmasına, dünyanın nüfuzlu muzeyləri ilə əlaqələrin genişlənməsinə imkan yaratmışdır. Eyni zamanda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının gerçəkləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq milli-mədəni irsimizin qorunması dövlət əhəmiyyətli prioritet məqsəd kimi qarşıya qoyulmuşdur.
Təəssüf ki, neçə-neçə tarixi abidə və muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən qarət olunmuş və dağıdılmışdır. Erməni faşistləri 22 muzeyi, 4 rəsm qalereyasını tamamilə məhv etmişlər. Canlı muzey olan və bu gün düşmən işğalından azad edilən Şuşada 8 muzey fəaliyyət göstərmişdir. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilmişdir. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi ermənilər tərəfindən tamamilə yerləyeksan olunmuşdur. Tarixi Zəfərdən sonra həmin torpaqlarda muzeylərimizin fəaliyyəti bərpa edilir. Həyata keçirilən tədbirlərdən sonra milli mədəniyyətimizi, qədim tariximizi nümayiş etdirən mədəniyyət müəssisələri öz tarixi görkəminə qovuşacaq və ölkəmizin muzey şəbəkəsinə qoşulacaqdır.
Naxçıvan Muxtar Respublikasında da muzey işinin özünəməxsus inkişaf tarixi vardır. Təsadüfi deyil ki, ölkəmizdə yaradılan ilk muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunmuşdur. 1896-cı ildə böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadə Nehrəm kənd məktəbində muzey yaratmaq təşəbbüsü ilə Xalq Məktəbləri İdarəsinə yazılı müraciət etmiş və Azərbaycanda ilk dəfə olaraq bu kənd məktəbində Naxçıvanın tarixinə dair maddi mədəniyyət nümunələrinin toplandığı muzey yaratmışdır. 1924-cü ildə Naxçıvanda Tarix-Etnoqrafiya Muzeyi təşkil edilmiş, 1926-cı ildə isə Naxçıvan şəhər sakini Balabəy Əlibəyovun yaratdığı şəxsi muzey dövlət muzeyi kimi fəaliyyət göstərməyə başlamışdır. 1925-ci ildə Azərbaycan üzrə yaradılan cəmiyyətin bir şöbəsi kimi fəaliyyət göstərməyə başlayan “Naxçıvanı Tədqiq və Tətəbbö” Cəmiyyətinin də muzeyin zənginləşməsində müəyyən xidmətləri olmuşdur.
Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq yaradılır, Azərbaycan tarixinin yeni uğurlu səhifələri muzey ekspozisiyalarında əksini tapır. Təbii ki, ötən əsrin 80-90-cı illərində Naxçıvan Muxtar Respublikasında baş verən dağıdıcı proseslər, sosial-iqtisadi böhran, cəmiyyətdəki qeyri-sabitlik muzeylərin də tamaşaçılarını itirməsinə səbəb olmuş və bu mədəniyyət ocaqlarını baxımsız hala salmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqəti və qayğısı ilə muzeylərimiz müasir tələblər səviyyəsində yenidən qurulmuş, bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir. 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey fəaliyyət göstərirdisə, hazırda muxtar respublikada 1 rəsm qalereyası və 30 müxtəlif profilli muzey fəaliyyət göstərir. Hazırda bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox eksponat toplanmışdır. Muxtar respublikanın muzeylərinə ötən il 2 min 863, bu ilin 4 ayında isə 617 yeni eksponat daxil olmuşdur.
2012-ci ildə Bəhruz Kəngərli Muzeyi əsaslı şəkildə yenidən qurulmuş, 2013-cü ildə “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün bina istifadəyə verilmişdir. Tarix-Bədii Qoruq dəniz səviyyəsindən 3700 metr yüksəklikdə yerləşməklə açıq səma altında nadir muzeylərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında 2013-cü il 5 iyun tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində daha bir muzey yaradılmışdır. 2014-cü ildə Şahbuz rayonundakı Nursu kəndində Xalq şairi Məmməd Arazın ev-muzeyi, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi istifadəyə verilmişdir. 2015-ci ildə Naxçıvan şəhərində Xatirə Muzeyinin, Şərur rayonundakı Cəlilkənddə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin yeni binaları, həmçinin Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin ev-muzeyi fəaliyyətə başlamışdır. Ali Məclis Sədrinin “Culfa rayonunda “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən qalada bərpa işləri aparılmış və burada muzey yaradılmışdır. 2018-ci ilin aprelində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən Naxçıvan Duz Muzeyi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müstəqillik illərində muzeylərin fəaliyyətinin təşkili sahəsində təqdirəlayiq işlər görülmüş, muzeylərə gedişlərin sayı artmışdır. Bu da xalqımızın öz tarixi-mədəni irsinə verdiyi dəyərin göstəricisidir. Artıq bu gün muzeylərimiz xalqımızın qəhrəmanlıq tarixini gənclərimizə çatdırır. Ümumtəhsil məktəblərində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “Tariximizi qoruyaq və yaşadaq!” devizi altında həyata keçirdiyi aksiya gənclərimizin öz tarixi-mədəni irsinə sahiblik istiqamətində atılmış addımdır”. Gənc nəslin muzeylərdə olması onların qədim və zəngin tariximiz və bu günümüz haqqında dərin biliklərə, geniş dünyagörüşünə malik olmasına, milli dəyərlərə, milli-mədəni və tarixi irsimizə sevgi ruhunda formalaşmasına mühüm təsir göstərir. Bu baxımdan muxtar respublikanın təhsil müəssisələrinin muzeylərlə əlaqələrinə xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən muxtar respublikada məktəb-muzey şəbəkəsi yaradılmış, Azərbaycanın tarixi və mədəniyyəti, görkəmli şəxsiyyətlərimizlə bağlı distant dərslər keçilmiş, dərslərə hər dəfə muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbi qoşulmuşdur. Ali Məclis Sədrinin müvafiq sərəncamlarına əsasən muxtar respublikanın ali təhsil müəssisələrində muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuş tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları kollektivlərinin muzeylərə gedişi maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəni irsimizin və dövlətçilik ənənələrimizin hərtərəfli öyrənilməsinə imkanlar açmışdır. Muxtar respublikanın muzeylərini fərqləndirən cəhətlərdən biri də burada ziyarətçilərə pulsuz muzey xidmətinin göstərilməsidir.
Naxçıvanda bir sıra muzeylərin internet saytı istifadəyə verilmiş, saytda muzey ekspozisiyalarını internet üzərindən virtual olaraq birbaşa izləmək imkanı yaradılmış, həmçinin muxtar respublikadakı muzeylərin onlayn fəaliyyəti təşkil edilmişdir. Belə ki, mütəmadi olaraq muxtar respublika muzeylərində ekskursiyalar keçirilmiş, bu ekskursiyalar Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resurslarından onlayn formada yayımlanmışdır.
Muxtar respublikada muzey işçilərinin əməyi də dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir, onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülür, medallarla təltif edilirlər.
Bu gün muxtar respublikamızın geniş muzey şəbəkəsinə malik olması qədim diyarda tarixi-mədəni irsimizin qorunub yaşadılması sahəsində görülən işlərin nəticəsidir. Xalqın iftixar mənbəyi olan mədəniyyətin çiçəklənməsi, zənginləşməsi və yeniləşməsi prosesi get-gedə daha böyük vüsət alır. Bu yüksəlişi qədim diyarın bütün vətənsevər insanları duyur, görür, alqışlayır və dəstəkləyirlər. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi: “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti