“Köhnə hamam” haqqında yeni faktlar - FOTOLAR
Hamamlar milli-mənəvi dəyərlərimizin atributlarından olmaqla təmizlənmə, saflaşma və sosiallaşma məkanı kimi xalqımızın həyatında mühüm yer tutub. Müdriklərimiz “Təmizlik imandan gəlir” deyiblər. Bu mənada, paklanmanın həyata keçirildiyi bu yerlər insanların həyat tərzinin ayrılmaz ikilisinə çevrilərək arxitekturada 2 müstəqil komponent şəklində təmsil olunub. Bunlardan birincisi – mənəvi təmizlənmə yerləri əsas ibadət yerləri kimi hələ Eneolit dövründən başlayaraq yaşayış komplekslərinin bir parçası olub. Sonralar belə məkanlara məbədlər, pirlər, məscidlər kimi müxtəlif adlar verilsə də, mahiyyət eyni olub: mənəvi paklanma məkanı. İkincisi isə cismani təmizliyin başlıca məkanı olub. Türk-islam mədəniyyəti hər iki atributu bir-birinə daha da yaxınlaşdırıb.
Orta əsr şəhərlərində dövlət binası, məscid və hamam vahid kompozisiya yaradıb. Hamamların məscid və mədrəsələrin yaxınlığında yerləşməsi isə mənəvi və cismani paklanmanın bir-birindən ayrılmaz olduğunu göstərib. Hamamlar həm də müəyyən mərasimlərin də həyata keçirildiyi yerlər kimi mühüm əhəmiyyətə malik olub.
Orta əsr mənbələrində Naxçıvan hamamları ilə bağlı xeyli məlumatlara rast gəlinir. XVII əsrdə Övliya Çələbi təkcə Naxçıvan şəhərində 7 hamamın olduğunu qeyd edib və onlardan Zal paşa hamamının geniş təsvirini verib. Jan Şarden də Naxçıvan hamamlarının gözəlliyindən bəhs edib. Onlardan bir çoxunun yerüstü əlamətləri dağılsa da, İsmayılxan hamamı, Nüsnüs hamamı, Ordubad hamamı, Yengicə, Şahtaxtı və Xok hamamları zamanın sınaqlarına davam gətirərək günümüzə qədər gəlib çatıb.
El arasında “Köhnə hamam” kimi tanınan Sədərək hamamı Sədərək kəndinin əsas məhəllələrindən birində tikilib. Hazırda onun yerləşdiyi şəxsi həyət hündür hasarla əhatə olunduğundan bu memarlıq kompleksi diqqəti çox da cəlb etməyib. Maraqlıdır ki, ötən əsrin 90-cı illərində erməni quldurlarının atdıqları güllələr və mərmilərdən bir çox yerlər dağıldığı halda, bu hamama ziyan dəyməyib, sanki xüsusi bir qüvvə tərəfindən qorunub. Əsrlərin yadigarı olan hamamın divarlarındakı suvaqlar bəzi yerlərdə qopduğundan kərpiclərin düzülüş forması daha aydın şəkildə üzə çıxıb. Bu da onun memarlıq xüsusiyyətini müəyyənləşdirməyə imkan verir. Yarımyeraltı hamamlar qrupuna aid olan Sədərək hamamı dördkünc planda qırmızı-çəhrayı rəngli kərpicdən tikilib. Hamamın xarici səthinə sarı rəngdə qalın suvaq çəkilib. Xaricdən tikilinin uzunluğu 10, eni isə, təqribən, 5 metrə bərabərdir. Hamamın diqqətçəkən xüsusiyyətlərindən biri dördkünc formalı divarlarının yuxarı hissədə birləşdiyi dairəvi formalı tavanın üzərində günbəzin olmamasıdır. O, silindrik formalı olub, təqribən, 1 metr hündürlüyə malikdir. Lakin bu yalnız sağlam qalmış vestibül hissəyə aiddir. Otaqlardan birinin üzəri günbəzşəkilli olub dairəvi baca ilə tamamlandığı aydın görünür. Tikilinin digər hissələri torpağın altında qaldığından digər otaqların üzərində günbəzin olub-olmadığı bəlli deyil. Tikili kompleksinin içərisi 1 vestibül və ona bitişik olan 2 əlavə otaqdan ibarətdir. Vestibülün eni və uzunu 5,4 metrdir. Daxildən 4 çatma tağın birləşdiyi yuvarlaq günbəzlə tamamlanan hamamın divardakı tağlarının eni 3,7 metrdir. Cənub istiqamətində olan giriş qapısının eni 85 santimetrdir. Qapı tağşəkilli formada tamamlanır. Digər qapı onun qarşısındakı divardan şimal istiqamətində olan kiçik otağa açılır. Bu otağın eni 2,8, uzunluğu isə 3,4 metrdir. Dördkünc formada olan bu otaq yuxarıda qövsvarı tavanla tamamlanıb. Tavanın mərkəzində diametri, təqribən, 50-55 santimetrə bərabər olan baca yerləşir. Görünür, otağın içərisi bu bacanın köməyi ilə işıqlandırılıb. İçərisində divarboyu daş səki düzəldilən bu otaq böyük ehtimalla yuyunma kabinəsi funksiyası daşıyıb. Şərq divarına bitişik olan ikinci otaq sonradan əlavə edilib. Bu otağın günçıxana doğru açılan qapısı, təqribən 80 santimetr enində olmaqla tağşəkilli formada tamamlanıb. Çox təəssüf ki, hamamın şimala doğru olan digər hissələri torpağın altında qalıb. Ümumilikdə, hamam tikinti texnikası və forma baxımından Şahtaxtı hamamı, Yengicə kəndindəki Şərq hamamı ilə oxşarlıq təşkil edir. Binanın tikinti xüsusiyyətləri, forması, həmçinin digər hamamlarla müqayisəsi haqqında mütəxəssislərin fikrinə əsaslanaraq onu XVIII-XIX əsrlərə aid etmək olar. Bu tarix vaxtilə görkəmli epiqraf M.Nemət tərəfindən tədqiq edilmiş Sədərək camesinin kitabələri ilə də uyğun gəlir. Kitabələrdən birində hicri 1112 (miladi təqvimlə 1700/1701-ci illər), digərində isə hicri 1259 (miladi təqvimlə 1843-cü il) yazılıbdır. Tədqiqatçı bir neçə tarixin göstərilməsinin məscidin yenidən təmir edilməsi ilə əlaqədar olduğunu qeyd edib. Camenin tikilmə və bərpa tarixləri nəzərə alınaraq XVIII-XIX əsrlərə aid edilib. Qeyd etmək lazımdır ki, hamamlar, adətən, məscidlərin yaxınlığında tikilir və dövlət binası ilə birlikdə şəhərlərin üçlü kompozisiyasını təşkil edirdi. Sədərəkdə Azərbaycanın orta əsr şəhərləri üçün xas olan bu cür tikili kompozisiyalarının olması XVIII-XIX əsrlərdə onun şəhərtipli qəsəbə olduğunu təsdiq edir.
Qeyd edək ki, 2021-ci ilin sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov AMEA Naxçıvan Bölməsinin qarşısında rayonların tarixinin yazılması ilə bağlı qoyduğu vəzifənin tələblərinə uyğun olaraq aparılan araşdırmalar zamanı Sədərək rayonunda 4 yeni abidə qeydə alınaraq pasportlaşdırılıb. Sədərək hamamı da həmin abidələrdən biridir.
Zeynəb Quliyeva
AMEA Naxçıvan Bölməsinin Arxeoloji xidmət şöbəsinin müdiri, dosent
“Oğuz yurdu” qəzeti