Qədim Naxçıvan rəssam Şamil Qazıyevin yaradıcılığında - FOTOLAR
Görkəmli rəssam Şamil Qazıyev 30 mart 1908-ci ildə Azərbaycanın qədim torpağı olan İrəvan şəhərində dünyaya göz açıb. Həmin dövrdə Qazıyevlər ailəsi İrəvan şəhərinin tanınmış və ziyalı nəsillərindən olub. İrəvanda baş verən siyasi hadisələr, müsəlmanlara qarşı törədilən soyqırımlar nəticəsində onlarla azərbaycanlı kimi, Qazıyevlər ailəsi də Naxçıvana köçüb.
Şamil Qazıyevin rəssamlığa marağı o qədər böyük olub ki, o, oxuduğu Naxçıvan Pedaqoji Texnikumunu bitirmədən Bakıya rəssamlıq məktəbinə gedib. 1929-cu ildə Bakı Rəssamlıq Məktəbini bitirəndən sonra 1929-1932-ci illərdə Naxçıvan Pedaqoji Texnikumunda rəsm müəllimi, 1932-ci ildən sonra “Kommunist” və “Şərq qapısı” qəzetlərində rəssam, Naxçıvan teatrında baş rəssam, 1939-1940-cı illərdə Naxçıvan Rəssamlıq Məktəbinin direktoru, 1948-1980-ci illərdə isə “Azərbaycan gəncləri” qəzetində rəssam olub.
Azərbaycanda peşəkar təsviri sənətin banisi, Naxçıvanda Bəhruz Kəngərli, Bakıda Əzim Əzimzadə irsinin davamçısı olan rəssam “Köhnə Naxçıvan”, “İrəvan”, “Qusar” silsilələrini yaradıb.
Şamil Qazıyevin yaradıcılığında “Köhnə Naxçıvan” silsiləsi Naxçıvan tarixinin, mədəniyyətinin, səfalı təbiətinin, təbii gözəlliklərinin, özünəməxsus relyefinin açıq-aydın təsviridir. Bu silsiləyə daxil olan “Köhnə Naxçıvan”, “Köhnə həyət”, “Köhnə mehmanxana”, “Xıncov məhəlləsi”, “Lavaşyapanlar”, “Örtülü bazar”, “Köhnə İmamzadə”, “Qızlar bulağı”, “Şəlalə”, “Çoban”, “Naxçıvan hamamı”, “Öküzlərin nallanması”, “Dəyirman”, “Çarıqçılar”, “Oraq kolxozu”, “Çörəksatan”, “Taxılbiçənlər”, “Peyzaj”, “Molla məktəbi”, “Gün batır”, “Gəc dəyirmanı”, “Qalayçılar”, “Xırmanda”, “Naxçıvan XIX əsrin əvvəllərində” əsərlərini misal göstərmək olar. “Köhnə Naxçıvan” silsiləsindən olan əsərlərini süjetli tablo, məişət, portret, mənzərə, natürmort kimi janrlarla daha da zənginləşdirən Şamil Qazıyevin yaradıcılığında böyük ustad Bəhruz bəy Kəngərlinin sənət irsinin davamı əsas yer tutur. Şamil Qazıyevin teatr, həmçinin qrafika və rəngkarlıq sahəsindəki yaradıcılığı da məhz Bəhruz bəy Kəngərli ənənələrinin davamıdır. Bəhruz Kəngərli yaradıcılığına aid olan “İmamzadə”, “Qaçqınlar”, “Qızlar bulağı”, “Şəlalə”, “Kəndə gedən yol”, “İlanlı dağ” kimi rəsm əsərlər Şamil Qazıyevin yaradıcılığında da var: “Qızlar bulağı”, “Qaçqınlar”, “Köhnə İmamzadə”, “Şəlalə” və digərləri.
Rəssamın “Köhnə Naxçıvan” silsiləsinə daxil olan əsərləri xalq məişətini, insanların əməyini, zəhmətkeşliyini dəyərləndirmək üçün xarakteriktir. Həmin silsiləyə daxil olan əsərlərində mənzərə janrına üstünlük verən rəssam bu janra həm müstəqil, həm də süjetli tablonun yardımçı janrı kimi müraciət edib.
Görkəmli fırça ustasının mənzərə janrına daxil olan əsərlərindən “Qızlar bulağı” tablosu 1939-cu ildə çəkilib. Bu tablo rəssamın digər əsərlərindən kiçik olduğu üçün fərqlənir. Qeyd edək ki, Naxçıvan şəhərində yerləşən bu tarixi məkan indinin özündə də “Qızlar bulağı” adı ilə tanınır. Olduqca gözəl, səfalı mənzərəli məkan olan Qızlar bulağı Şamil Qazıyevin diqqətini çəkib və rəssam bu tablonu gəncliyinin ən rəngarəng zamanında işləyib.
Rəssamın gənclik illərini keçirdiyi məhəlləsini eskiz etdiyi və qara qələmlə 1945-ci ildə çəkdiyi “Oraq kolxozu” əsərini də unutmamalıyıq. “Köhnə Naxçıvan” silsiləsinə daxil olan və iki adı ilə tanınan “İnqilabaqədərki Naxçıvan” və yaxud “XIX əsrin əvvəllərində” əsəri Şamil Qazıyevin şah əsərlərindən sayılır. Tabloda rəssam yurduna olan sevgisini göstərərək doğma yurdumuzun bir neçə tarixi məkanını canlandırıb. Əsərdə “Xan diki”, onun ərazisində olan “Möminə Xatun türbəsi”, şəhərin mərkəzi ilə axıb gedən və indiki “Qızlar bulağı”nda gözəl bir şəlaləyə çevrilən Bazar çayını görmək olar.
Qeyd edək ki, ötən əsrin 40-cı illərində təsis edilən “Naxçıvan MSSR Əməkdar incəsənət xadimi” fəxri adı 1944-cü ildə ilk dəfə Şamil Qazıyevə verilib, 1978-ci ildə onun Naxçıvan şəhərində fərdi sərgisi təşkil olunub. 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə rəssamın 56 rəsm əsərinin daxil edildiyi albom-kataloq Naxçıvanda hazırlanaraq nəşr edilib. Görkəmli rəssamın 110 illik yubileyi qədim diyarda yüksək səviyyədə qeyd olunub.
Bəhruz Kəngərli realizm məktəbini davam etdirən Şamil Qazıyev qrafika, natürmort, peyzaj, portret janrlarında maraqlı əsərlər yaradıb, rəssamın Naxçıvanın tarixi, təbiəti, adət-ənənələri, həyat və məişəti ilə bağlı çəkdiyi əsərlər tariximizin və mədəniyyətimizin öyrənilməsi üçün olduqca mühüm əhəmiyyətə malikdir. Bu gün tarixi abidələrimizin bərpa edilməsi zamanı onların əvvəlki görünüşünə qaytarılmasında da ölməz rəssamın da əsərlərinin böyük rolu var.
Ruqiyyə Rüstəmova
AMEA Naxçıvan Bölməsi İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı
“Arazın səsi” qəzeti