Tələbələrin istehsalat təcrübəsi davam edir - FOTOLAR
Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetində “Turizm və otelçilik” ixtisası üzrə təhsilini davam etdirən tələbələr istehsalat təcrübələrinə cəlb olunur. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tələbələr bu dəfə “Saat Meydanı” Turistik-İstirahət Mərkəzindəki otelin fəaliyyəti ilə yaxından tanış olublar.
Təcrübə zamanı tələbələrə mehmanxana fəaliyyətinin təşkili, mehmanxanaların növləri, bu tipli müəssisələrin qiymətləndirilməsi, turizm əhəmiyyətli məkanlarda dövlət standartlarının tətbiqi qaydaları, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi sahəsində müəyyən edilmiş prosedurlar və qanunvericiliyin tələbləri ətraflı izah edilib.
Tələbələr həmçinin “Saat Meydanı” Hotelinin ümumi fəaliyyəti, xidmət bölmələri arasında münasibətlərin koordinasiyası, turist məmnunluğunu təmin etmək üçün həyata keçirilən tədbirlər, işçi heyətin hazırlığının yüksəldilməsi və qabaqcıl xidmət üslubunun tətbiqi sahəsində görülən işləri də öyrəniblər. Burada tələbələrə mehmanxananın qəbul-qeydiyyat bölməsində hotel nömrələrini sifariş etmə kanalları, nömrələrin satılması, müştəriyə hesabın təqdim edilməsi, zəruri sənədləşmənin rəsmiləşdirilməsi, restoran bölməsində isə mehmanxana nəzdində qonaqların qarşılanması, keyfiyyətli xidmətin əsas qaydaları, banket nümunələri və xidmətin formaları və digər zəruri tədbirlər əyani şəkildə göstərilib. Bundan əlavə mehmanxananın digər şöbə və bölmələrinin fəaliyyəti, qonaqlara göstərilən əlavə xidmətlər, otaqların şəraiti, nümayiş olunan məlumat lövhələri, transfer xidmətinin təşkili barədə tələbələrə geniş məlumat verilib.
İstehsalat təcrübəsi may ayının sonunadək davam edəcək.
Leyla Cəfərzadə